Almaniya, İtaliya, İspaniya və İsveçin Ukraynadakı səfirlikləri sosial mediada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xarici diplomatlara qarşı təhdidlərinə baxmayaraq, Kiyevdən çəkilməyəcəklərini bildiriblər.
Kiyevdəki diplomatik nümayəndəliklərin rəhbərləri Rusiya XİN-in Ukraynadakı diplomatlara və xarici vətəndaşlara qarşı təhdidini narahatlıqla izlədiklərini bildiriblər. Onlar Kiyevdə qalacaqlarını bildiriblər.
Bundan əvvəl Avropa Birliyinin Ukraynadakı səfiri Katarina Maternová, Rusiyanın təhdidlərinə baxmayaraq, bütün Avropa Birliyinə üzv ölkələrin səfirliklərinin Kiyevdə fəaliyyət göstərməyə davam edəcəyini bildirib. Polşa və Estoniya xarici işlər nazirlikləri də eyni bəyanatı veriblər. Avropa Komissiyası da Rusiyanın təhdidlərinə cavab olaraq bildirib ki, AB Ukraynanı dəstəkləməyə davam edəcək və təcavüzkar ölkəyə təzyiqi daha da artıracaq.
Kiyev meri Vitali Kliçko 30 sentyabrda bildirib ki, Rusiyanın paytaxta zərbələrindən sonra şəhərin Şevçenkivski rayonundakı Qərb ölkələrinin səfirliklərindən birinin ərazisində dağıntılar aşkar edilib.
Tahir TAĞIYEV