Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa və danışıqlara hazır olduğunu nümayiş etdirməyə çağırıb. O, bu müraciəti bazar günü Kiyevə səfəri zamanı edib.
"Cənab Putin, bu mənasız müharibəni dayandırın! Biz danışıqlara, bu müharibəyə son qoymaq üçün bir-birimizlə danışmağa hazırıq. Lakin Ukraynada mülki şəxslərə qarşı bu vəhşi hücumlar dayandırılmalıdır" – deyə Merts bildirib.
Kansler Ukrayna Prezidenti Zelenski ilə birlikdə dron hücumu nəticəsində zərər çəkmiş Ukrayna Milli Elmlər Akademiyasını ziyarət edib. Mertsin səfəri zamanı Kiyevdə bir neçə dəfə hava hücumu sirenləri səsləndirilib.
Dağıdılmış Elmlər Akademiyası binasının yerində çıxış edən Merts bildirib ki, bu cür hücumlar müharibənin mənasızlığını nümayiş etdirir. O qeyd edib ki, Akademiyaya hücum Kiyevin mərkəzində, Almaniya səfirliyindən cəmi bir neçə yüz metr aralıda baş verib.
"Bu səhər, dinc bazar günü Kiyevdə yenidən hava hücumu sirenləri səsləndi. Bunlar burada hər gün törədilən müharibə cinayətləridir", - deyə kansler bildirib.
O, bildirib ki, Rusiya qışa hazırlaşarkən Ukrayna infrastrukturunu gündəlik olaraq hədəfə almağa davam edir: "Danışa bilərik, amma yalnız silahlar susduqda - və silahlar susmalıdır", - deyə kansler bir daha Rusiya rəhbərliyini müharibəyə son qoymağa çağırıb.
Ukrayna Milli Elmlər Akademiyasının binasına gündüz vaxtı dron zərbəsi endirilib. Zərbə və sonrakı yanğın tarixi binanın iki mərtəbəsini dağıdıb. Bir qadın ölüb, təxminən altı nəfər yaralanıb.
Tahir TAĞIYEV