Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə zəhərlənmə hadisəsi baş verib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib, oktyabrın 2-də saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.