Rusiya hökuməti 2027–2029-cu illər üzrə büdcəsində innovativ dərmanların hazırlanması, həmçinin biotibbi və ömrü uzadan texnologiyaların inkişaf etdirilməsini "Yeni sağlamlığın qorunması texnologiyaları" adlı milli layihəyə 17,954 milyard rubl (216 milyon dollar) vəsait ayırıb. "The Wall Street Journal"a görə, 73 yaşlı Vladimir Putinin ömrünü uzatmaq səyləri ilə əlaqələndirilən bu layihə, maliyyələşdirmənin azaldılmasından təsirlənməyəcək azsaylı dövlət tibb layihələrindən biri olacaq. Büdcə qanununa əlavə edilmiş izahat qeydinə əsasən, layihəyə çəkilən xərclər gələn il 12% artaraq 5,171 milyard rubldan 5,737 milyard rubla çatacaq; 2028-ci ildə isə artım oxşar templə davam edərək məbləği 6,495 milyard rubla yüksəldəcək. 2029-cu ildə ayrılan vəsaitin 5,782 milyard rubla enməsi nəzərdə tutulsa da, bu rəqəm 2026-cı il səviyyəsindən yenə də 12% yüksək qalacaq. Gələn il layihənin ümumi xərclərinin təxminən 20%-i — 1,129 milyard rubl — "gələcəyin biotibbi və koqnitiv texnologiyaları"nın inkişafına yönəldiləcək. Bu məbləğin 288 milyon rublu yeni insan toxumaları və orqanlarının yaradılmasına imkan verən "bioprintinq" texnologiyasına sərf olunacaq. "Aktiv və sağlam uzunömürlülüyü təmin edən profilaktik tibb texnologiyaları"na 625,4 milyon rubl, "qocalmanın səbəblərinin müəyyən edilməsi"nə isə 137,4 milyon rubl vəsait ayrılır. WSJ-nin məlumatına görə, prezidentin qızı Mariya Vorontsova və Putinin dostu, Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçukun rəhbərlik etdiyi layihədə iştirak edən alimlər, digər məsələlərlə yanaşı, gen terapiyası vasitəsilə hüceyrə qocalmasını ləngitmək və genetik cəhətdən modifikasiya olunmuş mini-donuzların daxilində transplantasiya üçün yararlı insan orqanları yetişdirmək üzərində işləyirlər. Bu cür ilk donuzun 2030-cu ilə qədər əldə ediləcəyi gözlənilir. Putinin ən yaxın dostlarından biri olan Kovalçuk daha əvvəl bildirmişdi ki, gələcək elmi nailiyyətlər insan bədəni hissələrinin "bərpası"na və əvəz olunmasına, həmçinin insan ömrünün uzadılmasına imkan verə bilər. Hesabata əsasən, 5,4 trilyon rubl məbləğində büdcə kəsiri və müharibə ilə bağlı rekord xərclər (17,1 trilyon rubl) səbəbindən gələn il digər əsas səhiyyə proqramları isə büdcə ixtisarları ilə üzləşəcək. Hərbçilər, əlilliyi olan şəxslər, İkinci Dünya Müharibəsi veteranları, Leninqrad blokadasından sağ çıxanlar və Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər kimi qrupları əhatə edən "müəyyən kateqoriyadan olan vətəndaşlar üçün tibbi və səhiyyə xidmətləri"nə ayrılan vəsaitlər 17% azaldılacaq.
SAMİRƏ