Fransa imperatoru I Napoleon Bonapartdan general Oqüst de Marmonta göndərilən şifrələnmiş mesaj süni intellektin köməyi ilə 217 ildən sonra deşifrə edilib.
RBC-nin məlumatına əsasən, bu barədə deşifrə prosesində iştirak edən ABŞ-ın "SentinelOne" şirkətinin süni intellekt mühəndisi Karter Çörç məlumat verib. O, təxminən altı saat ərzində simvolları mətnə çevirən və mesajın məzmununu bərpa edən "GPT-6 Astra" sistemindən istifadə edib. Məktub 1809-cu ildə – Napoleonun əmri ilə və onun ögey oğlu Ejen de Boarne vasitəsilə həmin vaxt Dalmatiyada Fransa qoşunlarına komandanlıq edən general Marmonta göndərilmişdi. Məlumatı aldıqdan sonra Marmont Napoleonun ordusu ilə birləşə bilmiş, Vaqram döyüşündə fərqlənərək marşal rütbəsinə layiq görülmüşdü. Sənədin şifrə açarı isə itmişdi. Sənəddə təxminən 1300 şifrələnmiş vahid və rəqəmlər, hərflər və xüsusi işarələr daxil olmaqla 155 fərqli simvol var idi. Şifrə açarı günümüzə qədər gəlib çatmamışdı. Onu deşifrə etmək üçün süni intellekt əvvəlcədən müəyyən edilmiş 33 simvolun dəyərlərindən istifadə edib və qalan hissəni "simulyasiya edilmiş tavlama" (simulated annealing) üsulu ilə bərpa edib. Alınan variantlar fransız dilindəki mətnlər və Marmontun dövrümüzə çatmış yazıları ilə müqayisə edilib. Mesajda Napoleon Marmonta Avstriya ilə müharibə ərəfəsində Fransa və müttəfiq orduların mövqeləri barədə məlumat verir. "Avstriyaya hər tərəfdən eyni vaxtda hücum edilir. Nəticədə o, sürətlə öz sonuna doğru irəliləyir", - deyə o yazır.
SAMİRƏ