Avropa nəşri olan "Politico" mənbələrə istinadən xəbər verir ki, Aİ ölkələri Almaniya kansleri Fridrix Mertsin daxili siyasi çətinlikləri fonunda istefasının mümkün nəticələrini müzakirə etməyə başlayıblar.
Mənbənin sözlərinə görə, müzakirələrə hakim partiyanın yerli seçkilərdəki bir sıra məğlubiyyətləri, ifrat sağçıların tarixi uğurları və Mertsin koalisiyası daxilində sosial siyasətlə bağlı fikir ayrılıqları səbəb olub. İki Avropa ölkəsinin hökumətləri artıq kanslerin mümkün istefasının Aİ siyasətinə təsirini qiymətləndirmək üçün daxili müzakirələr keçiriblər.
Qəzet həmçinin vurğulayır ki, Mertsin siyasi zəifliyi növbəti yeddi illik Aİ büdcəsi ilə bağlı danışıqları çətinləşdirə bilər. Lakin, adı açıqlanmayan diplomatların fikrincə, kanslerin daxili mövqeyinin zəifləməsi onun Aİ büdcəsinə yanaşmasının yumşaldılmasına səbəb olmayacaq. Əksinə, kansler mövqeyini sərtləşdirə və bununla da Almaniya daxilində uğur nümayiş etdirməyə çalışa bilər. Əgər istefa verərsə, onun varisi bu kursu davam etdirəcək, çünki Almaniya Aİ büdcəsinə töhfələrini əhəmiyyətli dərəcədə artırmaq istəmir.
Almaniya, Aİ liderlərinin ilin sonuna qədər razılığa gəlməyə ümid etdiyi Aİ büdcəsində xərclərin azaldılmasını müdafiə edir. Almaniya, İsveç, Finlandiya, Danimarka, Avstriya və Hollandiya ilə birlikdə ümumi xərclərin azaldılmasını tələb edir, Polşa və Rumıniya da daxil olmaqla xalis alıcı ölkələr isə öz paylarını qoruyub saxlamağı müdafiə edirlər.
Tahir TAĞIYEV