Ermənistan ABŞ-nin İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirir. Baş nazir Nikol Paşinyan İrəvanın sanksiyalara qoşulmasını istisna etməyib və Ermənistanın özü üçün sanksiya riski yaranarsa, müəyyən məhdudiyyətlərin tətbiq oluna biləcəyini bildirib.
O, İranla münasibətlərin qorunmasının vacibliyini də vurğulayıb. Ermənistan bu sanksiyalara qoşulandan sonra Tehran-İrəvan münasibətləri necə olacaq?
Elşad Həsənov: “Ermənistan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmağa məcbur olacaq”
Politoloq Elşad Həsənov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın İrana qarşı yeni sanksiyaları Tehranla əlaqədə olan ölkələr üçün də müəyyən risklər yaradır. Onun sözlərinə görə, bu səbəbdən İranla hava əlaqələrinin məhdudlaşdırılması istiqamətində addımlar atılır.
Ekspert hesab edir ki, Ermənistan da analoji vəziyyətlə üzləşə bilər: “İranla əlaqələri davam etdirən ölkələrə qarşı da sanksiya tətbiq olunacağı məsələsi ortaya çıxıb. Buna görə bir sıra ölkələr İranla əlaqələrini məhdudlaşdırmağa çalışırlar. Hesab edirəm ki, İrəvan da bu məsələdə istisna olmayacaq və sanksiyalara qoşulmaq məcburiyyətində qala bilər. Əks halda Ermənistanın özünün də sanksiya ilə üzləşməsi mümkündür”.
E.Həsənov Ermənistanın Rusiya ilə münasibətlərini nümunə göstərərək bildirib ki, İrəvan əvvəllər də Qərbin sanksiyalarından yan keçməkdə ittiham olunan iqtisadi fəaliyyətlərdə iştirak edib. Onun sözlərinə görə, 2022–2024-cü illərdə Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin kəskin artması da bu proseslə əlaqələndirilirdi.
Politoloq qeyd edib ki, həmin dövrdə Ermənistanın xarici ölkələrdən elektron avadanlıqlar və çiplər alaraq Rusiyaya satmasında rol oynadığı, eyni zamanda Rusiyanın bəzi məhsullarının Ermənistan üzərindən beynəlxalq bazarlara çıxarıldığı barədə məlumatlar yayılmışdı. E.Həsənovunsözlərinə görə, sonradan ABŞ Maliyyə Nazirliyinin Ermənistanda bu fəaliyyətlə əlaqəli şirkətə qarşı sanksiya tətbiq etməsi vəziyyətə təsir göstərib.
“Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi həmin dövrdə 14 milyard dollara qədər yüksəlmişdi. Lakin sonradan bu göstərici əhəmiyyətli dərəcədə azaldı”, – deyə politoloq bildirib.
E.Həsənov hesab edir ki, hazırda ABŞ-İran münasibətlərində gərginliyin artması Ermənistanın manevr imkanlarını daha da məhdudlaşdırır. Onun sözlərinə görə, Vaşinqtonun sanksiyalarla yanaşı hərbi imkanlarını da gücləndirməsiregiondakı vəziyyətə təsir edə bilər.
Politoloq bildirib ki, Ermənistanın İranla münasibətlərində yaranacaq mümkün gərginliyə baxmayaraq, İrəvan üçün ABŞ və Avropa ilə münasibətlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu amil Ermənistanı İranla iqtisadi və digər əlaqələrini müəyyən dərəcədə məhdudlaşdırmağa sövq edə bilər.
E.Həsənov qeyd edib ki, Ermənistan və İran arasında uzun illər ərzində formalaşmış xüsusi münasibətlər də nəzərə alınmalıdır. Onun sözlərinə görə, Tehran müxtəlif dövrlərdə, o cümlədən Qarabağ münaqişəsi və müharibə illərində Ermənistanla iqtisadi və digər sahələrdə əməkdaşlıq edib.
“ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistan-İran münasibətlərinə də zərər vura bilər və müəyyən soyuqluğun yaranmasına səbəb ola bilər”, – deyə politoloq əlavə edib.
Akif NƏSİRLİ