Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş diqqət ayırıb. Dövlət başçısının bu kontekstdə səsləndirdiyi rəqəmlər Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin miqyasını göstərir. Prezident deyib ki, hazırda bu ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır, 48 yaşayış məntəqəsində isə keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Bu göstəricilər sadəcə statistik rəqəmlər deyil — illərlə həyatdan məhrum olmuş şəhər və kəndlərə yeni nəfəs gəlməsinin, həyatın yenidən qurulmasının real ifadəsidir.
İşğal dövründə tamamilə dağıdılmış ərazilərdə cəmi beş-altı il ərzində yaşayış məhəllələrinin, yolların, məktəblərin, xəstəxanaların, kommunal və digər sosial infrastrukturun yaradılması, eyni zamanda məşğulluq imkanlarının formalaşdırılması dövlətin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Elə Prezidentin çıxışında səsləndirdiyi Qarabağ və Şərqi Zəngəzurun bərpasına indiyədək 28 milyard manat vəsait ayrılması faktı da bu prosesin miqyasını əks etdirən əsas göstəricilərdən biridir.
96 min insanın öz yurduna qayıtması və daimi yaşayış yeri ilə təmin olunması, eyni zamanda, artıq boş qalmayan şəhər və kəndlər, fəaliyyət göstərən müəssisələr, məktəblər, yeni iş yerləri və gündəlik həyat deməkdir. 48 yaşayış məntəqəsi isə “Böyük Qayıdış”ın xəritədəki konkret ünvanlarıdır. Burada söhbət yalnız evlərin tikilməsindən getmir; insanların doğma yurda qayıdaraq təhlükəsiz, müasir və layiqli həyat qurması üçün bütöv yaşayış mühitinin yaradılmasından gedir. Rəsmi məlumatlara görə, bərpa prosesi çərçivəsində müasir şəhərsalma prinsipləri, “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmaları, sosial xidmətlər, məşğulluq və iqtisadi fəaliyyət imkanları paralel şəkildə formalaşdırılır.
Bu mənzərədə hər qayıdan ailənin özünün hekayəsi isə böyük quruculuq prosesinin insan ölçüsünü göstərir. Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrində indi uşaqlar məktəbə gedir, insanlar işləyir, yeni evlərdə həyat qurur. 96 minlik göstəricinin yaxın perspektivdə 100 mini keçməsinin gözlənildiyi barədə deyilənlər isə “Böyük Qayıdış”ın artıq mərhələli deyil, getdikcə sürətlənən məqsədyönlü prosesə çevrildiyini göstərir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda dağıntıların yerində təkcə yeni binalar deyil, yeni həyat, yeni iqtisadi fəaliyyət və davamlı məskunlaşma mühiti yaradılır. Prezidentin qurultaydakı çıxışında vurğuladığı kimi, qarşıdakı illərdə “Böyük Qayıdış”ın daha da sürətləndirilməsi bu quruculuq strategiyasının növbəti mərhələsi olacaq.
Samirə SƏFƏROVA