Hüseyn İbrahimov: “Aİ Azərbaycanın təhlükəsizliyinə müəyyən dəstəyi nəzərdən keçirə bilər”
Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında inkişaf edir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşımında bildirib.
H. Hacıyev qeyd edib ki, Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa ölkəsinin nümayəndələrindən ibarət heyətini qəbul edib. Onun sözlərinə görə, son yüksəksəviyyəli təmaslar nəticəsində siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb.
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhlizdə strateji rolu Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindəndir”, – deyə Hacıyev bildirib.
O qeyd edib ki, əməkdaşlıq eyni zamanda təmiz enerji, rəqəmsal transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini əhatə edəcək şəkildə genişlənir. Hacıyevin sözlərinə görə, cari ildə Azərbaycan və Aİ arasında təhlükəsizlik dialoqu Siyasi və Təhlükəsizlik Dialoqu formatına genişləndirilib.
“Biz yeni hərtərəfli ikitərəfli saziş və yenilənmiş Tərəfdaşlıq Prioritetləri istiqamətində işləyirik”, - deyə o vurğulayıb.
Maraqlıdır, tərəflər arasında təhlükəsizlik dialoqu Siyasi və Təhlükəsizlik Dialoqu formatı nə deməkdir?
Sözügedən məsələyə aydınlıq gətirən sosioloq Hüseyn İbrahimov baki-xeber.com-a açıqlamasında bildirdi ki, burada bir sıra məqamlardan söhbət gedə bilər: “Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı getdikcə Azərbaycanın strateji önəmini daha çox dərk edir. Ona görə ki, Azərbaycan regionun açar dövlətidir. Asiyanı Avropaya bağlayan əsas körpüdür. Ancaq bu, o demək deyil ki, Azərbaycan-Aİ münasibətləri hər zaman rəvan olub. Təbii ki, yox. Müəyyən dövrlərdə Avroittifaqda olan bəzi dairələr, bu qurumun bəzi təsisatları ölkəmizə qarşı qərəzli mövqe tutur. Azərbaycanın müstəqil siyasət yeritməsini, ərazi bütövlüyü və suverenliyini təmin etməsini həzm edə bilmirlər. Ancaq Aİ üzvü olan bir sıra dövlətlər ikitərəfli danışıqlarda bunun doğru olmadığını etiraf edirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə birbaşa töhfə verir. Üstəlik, bu yöndə ölkəmizin oynadığı rol genişlənir. Özü də bu, təkcə neft-qazla məhdudlaşmır. Qarşıdakı illərdə Avropa İttifaqı elektrik enerjisi də ixrac ediləcək. Azərbaycan Aİ üçün Mərkəzi Asiyaya etibarlı çıxış yoludur. Bütün bunlardan çıxış edərək Aİ-nin Azərbaycanla xüsusi siyasi dialoqa önəm verəcəyi gözlənilir. Bir sıra məsələlərin siyasi dialoq yolu ilə həlli prioritet olacağı ehtimalı var. Cənab Hikmət Hacıyevin açıqlamasından bu qənaət hasil olur. Çünki Ukraynada başlayan müharibə geosiyasi və geoiqtisadi anlamda çox şeyi dəyişdi. Üstəlik Yaxın və Orta Şərqdə qarşıdurma Azərbaycanın regional önəmini birə beş artırıb. Hesab edirəm ki, bütün bunların fonunda Aİ Azərbaycanın təhlükəsizliyinə müəyyən dəstəyi nəzərdən keçirə bilər. Bu, kebertəhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı ola bilər. Texniki, hərbi və müdagfiə sahəsində əməkdaşlığın genişlənməsi və Aİ-nin bu prosesdə birbaşa iştirakı formasında ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan ikitərəfli əməkdaşlıq çərçivəsində Aİ üzvü olan bir sıra ölkələrlə birgə əməkdaşlıq qurub”.
Vidadi ORDAHALLI