Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən hipermarket şəbəkəsi “Globus”da yüksək vəzifəyə təyin olunub.
Bir sıra alman siyasətçiləri və iqtisadçıları isə onun vəzifəyə təyin olunmasını sərt tənqid ediblər. Bundestaq üzvü və hakim Xristian Demokrat İttifaqının (CDU) xarici siyasət üzrə eksperti Roderix Kisevetter Şröderin yeni mövqeyini "Avropaya və öz ölkəsinə xəyanət" adlandırıb.
"Şröderin əlini açıq və nümayişkaranə şəkildə sıxan hər kəs bununla öz mövqeyini göstərməyə çalışır" – deyə Kisevetter bildirib.
Köln Universitetinin siyasi elmlər professoru Tomas Yeqer isə bildirib ki, Şröder Rusiyada yeni lobbiçilik tapşırığı alıb. Brandenburq Texnologiya Universitetinin Kottbus-Senftenberqdəki alman iqtisadçısı və mikroiqtisadiyyat professoru Yan Şnellenbax keçmiş kansleri "utanmaz" adlandırıb.
"Onun Alman məhkəməsi qarşısına çıxmaq üçün çox xəstə olduğunu demədilərmi? Rus pulunun sağaldıcı gücü varmı?" deyib.
Tahir TAĞIYEV