İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Birləşmiş Ərəb Əmirliklərini Tehranın Fars körfəzindəki üç ada - Böyük və Kiçik Tunb və Əbu Musa üzərindəki suverenliyinə etiraz etməməyə çağırıb.
Onun sözlərinə görə, adalar əbədi olaraq İrana məxsus olaraq qalacaq.
Vilayəti X sosial media paylaşımında BƏƏ-nin BMT Baş Assambleyasındakı açıqlamalarını tənqid edib. Həmin açıqlamada Əmirlik tərəfi adalara olan hüquqlarını təkrarlayıb. O qeyd edib ki, BƏƏ-nin siyasi tarixi yarım əsrdən az bir dövrü əhatə edir, İran isə adaların tarixi sənədlərdə və əsrlər öncəsinə aid xəritələrdə ölkəyə məxsus olduğunun göstərildiyini iddia edib.
Vilayəti həmçinin Əbu-Dabini təhlükəsizlik üçün xarici güclərə etibar etməməyə və qonşu dövlətlərlə münasibətlər qurmağa çağırıb. O, "Qonşu qalar, qonaq gedər" yazıb və əlavə edib ki, "idxal olunan təhlükəsizliyin son istifadə tarixi var".
Adalarla bağlı mübahisə 1971-ci ildən bəri davam edir. İran Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarına nəzarət edir, BƏƏ isə onlar üzərində suverenlik iddiasındadır. Əbu-Dabi dəfələrlə mübahisənin birbaşa danışıqlar yolu ilə həll edilməsini və ya Beynəlxalq Ədalət Məhkəməsinə göndərilməsini təklif edib. 2026-cı ilin yanvar ayında BƏƏ yenidən BMT Təhlükəsizlik Şurasından məsələ həll olunana qədər gündəmdə saxlamasını istəyib.
Tahir TAĞIYEV