Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Ermənistanın dəmir yollarının Arazdəyəndən Naxçıvan sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər olan iki hissəsinin bərpası təklifinə İrəvandan cavab gözləyir.
"Biz, digər məsələlərlə yanaşı, Ermənistan dəmir yollarının iki kiçik hissəsinin tikintisi və bərpasını müzakirə etdik. Biz bu iki hissənin bərpasını dəstəklədiyimizi və bu məsələdə, xüsusən də Arazdəyəndən Naxçıvana və Gümrüdən Türkiyə sərhədinə qədər nəqliyyat əlaqəsinin təmin edilməsi baxımından Ermənistana kömək etməyə hazır olduğumuzu vurğuladıq" – deyə Overçuk jurnalistlərə bildirib.
O, qeyd edib ki, bu qərarlar yanvar ayında prezidentlər səviyyəsində qəbul edilib: “Biz Ermənistan tərəfinin buna necə reaksiya verəcəyini gözləyirik. Amma düşünürəm ki, yaxın gələcəkdə bu məsələni irəli aparacaq çox vacib görüşlər keçirilməlidir".
Tahir TAĞIYEV