Süni intellektin Azərbaycan təhsilində hansı rolu oynayacağı hazırda müzakirə olunan əsas məsələlərdəndir. Burada əsas suallardan biri onun məktəbdə müəllimin rəqibi, həmkarı, yoxsa köməkçisi kimi çıxış etməsi və qərarvermə prosesində hansı rolu daşımasıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, süni intellektin müəllimi əvəz edib-etməyəcəyi barədə müzakirələrdənsə, onun təhsil prosesində hansı imkanlar yarada biləcəyinə diqqət yetirmək daha məqsədəuyğundur. Süni intellektdən istifadə edən müəllimlə bu texnologiyadan istifadə etməyən müəllimin fəaliyyəti arasında fərq yarana bilər.
Emin Əmrullayev qeyd edib ki, süni intellektin tətbiqində xüsusilə qiymətləndirmə məsələsinə diqqət yetirilməlidir. Bu texnologiyanın imkanlarından istifadə etməklə şagird nailiyyətlərinin, o cümlədən fənlər üzrə və şifahi cavabların qiymətləndirilməsi daha asan və müəyyən mənada daha obyektiv həyata keçirilə bilər. Digər mühüm məsələ müəllim fəaliyyəti ilə şagird nailiyyətləri arasındakı əlaqənin daha yaxşı öyrənilməsidir. Sinfin və vaxtın idarə olunması kimi müxtəlif amillərin şagirdin öyrənməsinə təsirini ayrı-ayrı müəllim, sinif və məktəb kontekstində müəyyənləşdirməkdə süni intellekt mühüm imkanlar yarada bilər.
“Düşünürəm ki, bu mənada süni intellekt tətbiqləri bizə daha sürətli qərarlar qəbul etmək imkanı verəcək. Amma bunun üçün təbii ki, ondan istifadə etməyi öyrənmək lazımdır. Dediyim kimi, süni intellektdən istifadəni inkar etməklə irəliyə gedə bilməyəcəyik”, - deyə Emin Əmrullayev bildirib.