ABŞ yeni və dəqiq açıqlanmayan bir təhlükə səbəbindən bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyanın Feyrford (Fairford) bazasından ABŞ-dakı bazalara geri qaytarıb. Vəziyyətdən xəbərdar olan mənbə sözügedən təhlükəni "real insident" kimi xarakterizə edib. Məlumatda geri qaytarılan təyyarələrin sayı göstərilməyib. Daha əvvəl xəbər verildiyi kimi, sentyabrın 27-də Qlosterşir qraflığında, Feyrford aviabazasının yaxınlığındakı Velford kəndi yaxınlığında beş nəfər həbs edilib. Polis bildirib ki, həmin şəxslər partlayış törətməyi planlaşdırmaq şübhəsi ilə saxlanılıblar. Saxlanılanlar Böyük Britaniya vətəndaşı və Londonun daimi sakinləri olub. Polis sonradan onların avtomobillərində heç bir partlayıcı maddə aşkar edilmədiyini açıqlayıb. Həmin şəxslər keçən bazar ertəsi girov müqabilində sərbəst buraxılıblar.
Böyük Britaniyanın Baş naziri Endi Börnem (Andy Burnham) bəyan edib ki, hökumətinin İranın Feyrford aviabazasında araşdırılan insidentdə "rol oynadığına" inanmaq üçün "güclü əsasları" var. Öz növbəsində, İranın xarici işlər naziri Abbas Araqçi israr edib ki, Börnem Tehranın Feyrford bazasında partlayış törətmək planında rol oynadığı barədə iddialarında yanılır. "Sky News"un məlumatına görə, Feyrford aviabazasında partlayış törətmək planı Britaniya polisinin genişmiqyaslı antiterror araşdırmasının mövzusuna çevrilib. Bununla belə, qarşısı alınan planın mənbəyi hələ də məlum deyil. İrana qarşı ABŞ hərbi əməliyyatı zamanı 20-dən çox Amerika B-1B "Lancer" və B-52H "Stratofortress" strateji bombardmançı təyyarəsi Feyrford aviabazasında yerləşdirilmiş və İranın əsas hədəflərinə zərbələr endirmişdi. Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İngiltərədəki Feyrford aviabazasını İranın cavab tədbirləri üçün "legitim hədəf" elan etmişdi.
SAMİRƏ