Rusiya Sibir bölgəsindəki İrkutsk şəhərində vəba xəstəliyi aşkarlandığı iddia edilir. Qeyd edilir ki, İrkutskda Taunla Mübarizə İnstitutunun bir işçisində hələlik səbəbi bilinməyən pnevmoniya əlamətləri aşkarlanıb.
Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) açıqlama yayaraq Sibir və Uzaq Şərqdə İrkutsk Taunla Mübarizə İnstitutunun əməkdaşının xəstələnməsindən sonra xüsusi tədbirlərin həyata keçirildiyi bildirib.
Qeyd edilir ki, işçiyə "səbəbi bilinməyən pnevmoniya" diaqnozu qoyulub və xəstədən götürülmüş nümunələrin hərtərəfli müayinələri zamanı onların peşə fəaliyyətləri ilə əlaqəli heç bir mikroorqanizm aşkar edilməyib. Hazırda İrkutsk vilayətində, İrkutsk və Şelexov şəhərlərində sanitar-epidemioloji vəziyyət sabit olduğu bildirilir.
Bundan əvvəl Sibir bölgəsində 28 yaşlı laboratoriya işçisinin vəba xəstəliyindən öldüyü bildirilib. Xəstəliyin mənbəyi hələlik məlum deyil və təxminən 200 nəfərin karantinə alındığı, təxminən 100 xəstəxana işçisinin isə təcrid olunduğu bildirilir.
Oktyabrın 2-də İrkutsk Vilayətinin qubernatoru İqor Kobzev bölgə sakinində "xüsusilə təhlükəli infeksiya şübhəsi" ilə bağlı məlumatlardan sonra sanitariya və epidemiya nəzarəti komissiyasının fövqəladə iclasının çağırıldığını bildirib. Elə həmin gün bəzi sosial media kanalları vəba ilə mübarizə institutunun bir əməkdaşının "pnevmonik vəba"dan öldüyünü iddia edib.
Tahir TAĞIYEV