“Dövlət auditi” informasiya sistemi yaradılıb. Prezident İlham Əliyev “Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Fərmanla, “Dövlət auditi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Hesablama Palatasına “Dövlət auditi” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə DAİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə DAİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görmək tövsiyə edilib.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 3-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.