Qabil Zimistanoğlu: "Nazir Əhmədli təkcə erməni saxtakarlığından deyil, həm də erməni taktikasından məharətlə istifadə etməklə..." "Amma bir şeyi unudurlar ki, çoxsaylı manevr və taktiki gedişlərlə ictimaiyyətin fikrini uzun müddət çaşdırmaq mümkün olmayacaq"
Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı Nazir Əhmədlinin bir müddət əvvəl işıq üzü görən "Haqq-nahaq seçilər haqq divanında" kitabının elmi ictimaiyyətdə, eləcə də cəmiyyətin digər kəsimlərində böyük ajiotaj yaratdığı məlumdur. Bilirik ki, kitab kəskin tənqidlərə məruz qaldı. Bu gün də nəşr ətrafında müzakirələr davam edir. Barəsində səsləndirilən iradlarla bağlı keçən saylarımızda N.Əhmədlinin onu tənqid edənlərə cavabını dərc etmişdik. N.Əhmədlinin müsahibədə səsləndirdiyi fikirlər, habelə kitab haqqında düşüncələri əks tərəfi qane etməyib.
Tanınmış tədqiqatçı-jurnalist Qabil Zimistanoğlu redaksiyamızla əlaqə saxlayaraq nəşrlə, onun müəllifinin fikirləri ilə razılaşmadığını bildirdi. Məsələ ilə əlaqədar Q.Zimistanoğlundan götürdüyümüz müsahibəni sizə təqdim edirik.
- Qabil bəy, artıq bu nəşr haqqında həm müəllifin, həm də onu təqdir və tənqid edənlərin fikirləri KİV-lərdə, eləcə də sosial şəbəkələrdə geniş yayılıb və bunun ətrafında müzakirələr hələ də davam edir. Kitabı tənqid edənlər sırasında Siz də varsınız. "Haqq-nahaq seçilər haqq divanında" kitabında Sizi narazı salan məqamlar nədən ibarətdir?
- Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli yenə də öz ampluasındadır. Dörd aydır ictimaiyyətə sırıdığı saxta erməni məlumatlarına "tarixi faktlar", "mötəbər sənədlər" adı ilə "hüquqi don" geydirməyə, məsələnin əsl mahiyyətindən xəbəri olmayan oxucularda belə bir rəy yaratmağa çalışır ki, guya sənədlər tapıb, kiminsə babaları haqqında məlumat əldə edərək nəşr etdirib, amma onu gözü götürməyənlər ona qarşı çıxır, onun yazdıqları barədə tənqidi fikirlər söyləyirlər. Hətta onu tənqid edənlərə minnət də qoyur ki, gərək siz mənə təşəkkür edəsiniz. Səbəbini də bununla izah edir ki, mən olmasaydım, bu cür informasiyalar əldə edə bilməyəcək, dədə-babalarınızın kim olduğunu tanımayacaq, onlar barədə məlumatlar it-bat olacaqdı.
- Nazir müəllim bildirir ki, yazdıqları sırf sənədlər əsasında meydana çıxıb. O burada hansı faktları təhrif edib ki?
- Yazdığı nəsil-şəcərədən isə razı qalan yoxdur. Çünki istinad etdiyi informasiyalar baş-ayaq verilib, ortada ciddi saxtakarlıq və təhriflər mövcuddur. Bu da oxucuların və o cümlədən nəsil-şəcərə nümayəndələrinin haqlı olaraq ciddi narazılığına səbəb olub. N.Əhmədli bir az da irəli gedərək, ona etiraz edənlərin içərisində Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli və Mürvət Yusifovla bağlı polisə şikayət edib ki, guya onu adıçəkilən şəxslər təhdid və təhqir ediblər. Əlqərəz, məsələnin əsl mahiyyətindən xəbəri olmayan oxucu həqiqətən də belə düşünə bilər ki, N.Əhmədli xeyirxah bir iş görüb, Qərbi Azərbaycanda yaşayanların 200 il öncə babaları barədə məlumat əldə edib, onu nəşr halına gətirib. Burada qəbahətli nə iş var ki, onu təqdir etmək əvəzinə, tənqid və təhdid edirsiniz? Amma, əslində, məsələnin mahiyyəti onun mətbuatda təsvir etdiyi kimi deyil.
- Bəs necədir?
- N.Əhmədli təkcə erməni saxtakarlığından deyil, həm də erməni taktikasından məharətlə istifadə etməklə, özünü yazıq və məzlum görkəmində oxuculara təqdim edir. O biri tərəfdən o və onun havadarları haqlı irad bildirənləri, münasibət sərgiləyənləri polisə verməklə, onları susdurmaq taktikasını seçiblər. Amma bir şeyi unudurlar ki, çoxsaylı manevr və taktiki gedişlərlə ictimaiyyətin fikrini uzun müddət çaşdırmaq mümkün olmayacaq. İndi isə keçək əsas məsələyə. Əgər N.Əhmədlinin "Haqq-nahaq seçilər haqq divanında" çap məhsulunda etdiyi saxtakarlıq və təhriflərlə bağlı ətraflı münasibət bildirməli olsam, gərək bir neçə qəzet səhifəsini zəbt etmiş olam. Bir tədqiqatçı kimi saxtakarlıqlardan bəzi məqamlara toxunmağı özümə borc bilirəm. N.Əhmədli qəzetinizə verdiyi müsahibədə qeyd edir ki, sənədlərlə Aşıq Alı, Aşıq Ələsgərin türk olduğunu müəyyənləşdirib. Guya ki, bu nəhəng sənətkarların türk olduğunu bilən yox imiş. Onların milli mənsubiyyətini müəyyənləşdirmək üçün Nazir bəyin tapdığı saxta sənədlərə ehtiyac var imiş. N.Əhmədli diqqətlə araşdırma aparsaydı, Aşıq Ələsgərin milli mənsubiyyətinin özgələşdirilməsi ilə bağlı heç zaman problemin olmadığını müəyyənləşdirə bilərdi. Görünür, o özünü bu məsələdə elə də çətinə salmayıb. Amma Aşıq Alı ilə bağlı bəzi üzdəniraq tədqiqatçılar onu türklüyündən ayırmağa çalışsalar da, buna nail ola bilmədilər. Çünki Göyçədə hamı onun türk oğlu türk olduğunu bilirdi və üstəlik, tədqiqatçılar bu məsələdə ustadın nəvələrinin sərt təpkisi ilə üzləşdilər. N.Əhmədli heç müsahibəsində Ağ Aşıqla bağlı məqama toxunmur, nədənsə o məqamı gizlətməyə çalışır. Demir ki, erməni saxtakarlığından istifadə edib Ağ Aşığı milli kürdlərinə aparıb çıxarıb. Guya ki, Göyçədə Aşağı Keyti adlı bir kənd olub, oranın da əsas əhalisi milli kürdlərindən ibarət imiş. Ağ Aşıq da həmin kənddə yaşayıb. Sonra müəmmalı şəkildə kəndin camaatı Vedibasar mahalının kəndlərinə köç edir. Ermənilər burada da çox böyük saxtakarlığa yol verib. Guya milli kürdləri köçəndən sonra Aşağı Keytidə qarapapaq türkləri yaşayıb. Bunlar hamısı uydurma və yalandır. Göyçədə, ümumiyyətlə, Keyti adlı kənd olmayıb. Yalnız Keyti adlı dağ olub. Ermənilər N.Əhmədliyə ötürdüyü informasiyalarda isə Göyçədə guya Baş Keyti, Daş Keyti və Aşağı Keyti adlı 3 kənd olduğunu iddia edirlər.
Guya milli kürd ailələri Vedibasara köçəndə Ağ Aşıq Allahverdi də Kərkibaş kəndində qalıb. Erməni Ağ Aşığı Vedibasara ona görə aparmır ki, onun qohumları Kərkibaşda 1988-ci ilədək yaşayırdı. Ustadın dünyasını dəyişdiyi evi belə göyçəlilər yaxşı xatırlayırlar. Onun türk olduğunu isə həmin nəslin nümayəndələri də birmənalı olaraq qeyd edirlər. Yaxşı, N.Əhmədlinin qeyd etdiyi kimi, Ağ Aşıq elə kürd olsaydı, o kəndin nümayəndələrinə qoşulub o da Vedibasara gedərdi, daha niyə Kərkibaşda qalırdı? İddia etdiyi kimi, Kərkibaşda milli tayfasına məxsus kimsə yaşamırdı, orada yaşayanlar türklər olub.
Xatırladım ki, Ağ Aşıq Allahverdinin ailəsi, bir çox göyçəlilər kimi, Kərkibaşa Sulduzdan gəliblər. Sulduzda isə milli kürd tayfaları yaşamayıb. Odur ki, N.Əhmədli öz üzdəniraq sələflərindən geri qalmayaraq, saxta sənədlər əsasında Ağ Aşığı öz milli mənsubiyyətindən uzaqlaşdırmaq istəyir. Hətta ona bu məsələdə irad tutan ustadın nəslinin nümayəndəsi, hazırda Türkiyənin nüfuzlu ali məktəblərinin birində dərs deyən professor Elbrus Cəfərovu təhqir etməkdən belə çəkinməyib.
Oxucular məni düzgün başa düşsünlər. Kiminsə hansısa xalqa mənsub olması qəbahətli deyil. Kürd xalqından olan insanlara xalqımız həmişə bu torpaqlarda qardaş və dost kimi yanaşıb. N.Əhmədlinin yazdıqları isə həqiqətdən və reallıqdan tamamilə uzaqdır.
- Nazir müəllim dəfələrlə qeyd edib ki, yazdıqlarında Çar Rusiyası dövründə müxtəlif illərdə tərtib edilən "kameral təsvirlərə" istinad edib. Bu "kameral təsvir"lər haqqında nə deyərdiniz, məgər onlar faktlar əsasında hazırlanmayıb?
- N.Əhmədli 1831-ci ilə aid olan və "Göyçə mahalının kameral təsviri" kimi təqdim etdiyi məlumat toplusunda (hüquqi sənəd statusu olmadığı üçün bu cür yazıram - Q.Z) Ağ Aşıq Allahverdinin 40, oğlu Məhərrəmin isə 10 yaşı olduğunu qeyd edir. Guya ki, həmin vaxt onun yaşadığı Kərkibaş kəndində yaşayış olmayıb. Onlar Aşağı Keyti kəndində yaşayıblar. Belə qənaətə gəlmək olar ki, 1831-ci ildə Ağ Aşığın 40 yaşı olubsa, onda o, 1791-ci ildə anadan olub. Yəni, tədqiqatçıların yazdığı kimi, 1754-cü ildə anadan olmayıb. Oğlu Məhərrəmin doğum tarixi 1821-ci ilə təsadüf edir. 1859-cu il "İrəvan əyaləti Novobəyazid qəzasının kameral təsviri"ndə Ağ Aşıq Allahverdinin adına rast gəlinmir. Ustadın oğlu Məhərrəmin 45 yaşı olduğu göstərilir. Bunu da hesablayanda doğum tarixi 1814-cü ilə təsadüf edir. Fikir verirsinizmi, N.Əhmədlinin "mötəbər" hesab etdiyi bu siyahıyaalmada bir şəxsin doğum tarixində 7 il fərq var. 1859-cu ilin siyahısında Ağ Aşıqla bağlı məlumat yoxdur. N.Əhmədli bunu onunla izah edir ki, Ağ Aşıq 1859-cu ildən öncə dünyasını dəyişib. Yəni 1858-ci ildə vəfat edib. Bu məlumatların isə Ermənistan Milli Arxivində saxlandığını qeyd edir. ( səh.241-257).
Oxuculara bir məqamı çatdırım ki, siyahıyaalmada Ağ Aşıq Allahverdi "aşıq" epiteti ilə təqdim olunub. Ermənilər istər Ağ Aşığı, istər Aşıq Alını, istərsə də Aşıq Ələsgəri çox yaxşı tanıyır, onların türk aşığı olduğunu çox gözəl bilirdilər. Həmişə onlardan söhbət düşəndə qısqanclıqlarını, istər-istəməz, ortaya qoyurdular. Ona görə də, xüsusi olaraq, ermənilərin bu sənətkarlar barədə verdiyi informasiyalarda saxatakarlıq etməsi, onlar haqqında məlumatları təhrif etməsi qaçılmazdır. Necə ki, müxtəlif siyahılarda ustadın oğlu Məhərrəmin doğumu ilə bağlı 7 il saxtakarlıq ediblər. Bu məqamda məşhur bir məsəl yada düşür: "Cinayətkar nə qədər peşəkar olursa-olsun, etdiyi cinayətdə mütləq iz buraxır".
N.Əhmədli yazır ki, bəzi tədqiqatçılar Ağ Aşığın oğlu İsmayılın vaxtsız vəfat etdiyini qeyd edirlər. O bu məqamın doğru olmadığı qənaətindədir. Bildirir ki, Ağ Aşıq İsmayılı deyil, oğlu Məhərrəmi erkən itirib. Ağ Aşıq nəslinin nümayəndələri də, həqiqətən, Məhərrəmin atasının sağlığında dünyasını dəyişdiyini bildirirlər, apardığım araşdırmalarla da bu öz təsdiqini tapır. Elə məndə olan şeirlərinin birində ustad bu məqama böyük ürək ağrısı ilə toxunub:
... Ağır illər ötürmüşəm,
Ömrü başa yetirmişəm,
Məhərrəmi itirmişəm,
Ünüm yetməz Süsənbərə.
Ağ Aşığa dərd yoldaşdı,
Qüssə-qəmim başdan aşdı.
Sinəm dağlı, gözüm yaşdı,
Mən də bir tədqiqatçı kimi, N.Əhmədlinin ustadın İsmayıl deyil, Məhərrəm dağını görməsi ilə razıyam. O həm də Ağ Aşığın tədqiqatçılarının bildirdiyi kimi, 1860-cı ildə deyil, 1858-ci ildə dünyasını dəyişdiyini qeyd edir.
1873-cü ilin siyahısında isə Məhərrəmin adı yoxdur. Amma onun 8 yaşında Allahverdi adında oğlunun olduğu və qardaşı İsmayılın 34 yaşı olduğu qeyd olunub. Hesablayanda isə Məhərrəmin oğlu Allahverdinin 1865-ci ildə dünyaya gəldiyini hesab etmək olar. Allahverdi 1865-ci ildə anadan olubsa, onda atası Məhərrəmin ən tez 1864-cü ildə, ən geci isə 1872-ci ildə dünyasını dəyişdiyi qənaətinə gəlmək olar.
Yaxşı, biz Ağ Aşığın oğlu Məhərrəmin dünyadan köçdüyünün şahidi olduğunu deyiriksə, N.Əhmədli də bunu təsdiq edirsə, o, ustadın 1858-ci ildə dünyasını dəyişdiyini iddia edirsə, onda ustad oğlunun faciəsini haradan görə bilərdi? N.Əhmədlinin "mötəbər mənbə"si burada da öz təsdiqini tapmır. Yəni ustadın dünyasını dəyişdiyi 1858-ci il hara, Məhərrəmin dünyasını dəyişdiyi 1864-cü il və ya ondan sonrakı illər hara? Aşağısı 6 il fərq var. Burada da saxtakarlığı görürsünüzmü, əziz oxucular?!
(Ardı var)
İradə SARIYEVA