Azərbaycanda muzey quruculuğuna keçən əsrin 20-ci illərində başlanıb. Xalqın mədəni sərvətlərinin muzeylərdə toplanması nəticəsində tariximiz, arxeologiyamız, şəxsiyyətlərimizin irsi mühafizə olunub. Bütün dünyada muzeylər turistlərin, mütəxəssislərin ən çox ziyarət etdiyi, maraq göstərdiyi məkanlardandır.
Azərbaycanda fəaliyyət göstərən muzeylər də bu gün turistlərin ən çox maraq göstərdiyi, ziyarət etdiyi mədəniyyət ocaqlarıdır. Ölkəmizdə müxtəlif profilli muzeylər fəaliyyət göstərir və hər muzey öz sahəsinə, istiqamətinə görə xidmət göstərir. Vaxtaşırı olaraq biz muzeylərə baş çəkir, burada gördüklərimizi oxucularımıza çatdırırıq.
Bu yaxınlarda üz tutduğumuz muzeylərdən biri Muzey Mərkəzində yerləşən Cəfər Cabbarlı adına Teatr Muzeyi oldu. Bu muzey öz gözəlliyi, çəkiciliyi ilə diqqət mərkəzindədir. Öz funksiyasına, daşıdığı missiyaya görə xeyli fərqlənən Teatr Muzeyində Azərbaycan teatr tarixinin bütün dönəmləri əhatə olunub.
Muzeydə olarkən bura turistlərin gəldiyini gördük. Məlumdur ki, hazırda paytaxtımızda "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") keçirilir. Festivala qatılmaq üçün müxtəlif xarici ölkələrdən Bakıya çoxlu sayda turist gəlir. Onların ən çox baş çəkdiyi yerlərdən biri muzeylərdir.
Qeyd etdiyimiz kimi, turistlər Teatr Muzeyinə də gəlir və onlar teatrlarımız barədə məlumatlar əldə edir, hər bir eksponatla ciddi maraqlanır. Muzey bələdçiləri olduqca səbrlə, təmkinlə hər bir seyrçiyə məlumat verir, onlara teatr tariximiz haqqında danışırlar.
Orada öyrəndik ki, mədəniyyət ocağı 1934-cü ildə yaradılıb. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Azərbaycan peşəkar teatr tarixinin bir əsrdən artıq dövrünü özündə əks etdirir. Bu barədə bizə məlumat verən muzey əməkdaşları bildirir ki, muzeydə toplanan nadir eksponatlar sayəsində milli teatrın yaranma tarixi, təşəkkül dövrü, müxtəlif inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında tam məlumat almaq mümkündür.
Teatrşünaslar qeyd edir ki, bu muzeyin fond və ekspozisiyalarında yer alan materiallar, sənədlər müxtəlif janrlı ilk teatr tamaşalarının proqram və afişalarından, dramaturq, aktyor və rejissorlara məxsus əlyazmalardan, məktublardan, rol dəftərlərindən, foto və neqativlərdən, geyim və dekorasiya eskizlərindən, tamaşaların müxtəlif pərdələri üçün verilmiş səhnə tərtibatlarının maketlərindən, şəxsi əşya və rekvizitlərdən, teatr kostyumlarından, obrazlara düzəldilmiş kuklalardan və s. ibarətdir.
Onu da vurğulayaq ki, Mədəniyyət və Turizm Nazirliyinin muzeyə göstərdiyi hədsiz diqqət sahəsində muzeydə qorunan eksponatların əksəriyyəti orijinaldır və onların bir qismi xronoloji ardıcıllıqla muzeyin 7 zaldan ibarət ekspozisiyasında sərgilənir. Muzey əməkdaşları bildirir ki, 1873-cü ildə Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" komediyası əsasında oynanılan ilk teatr tamaşasının afişası, ilk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 1926-cı ildə Şərq üslubunda oynanılan "Hamlet" tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera olan "Leyli və Məcnun"un premyera-proqramı muzeyin qədim eksponatlarındandır.
Teatr Muzeyi gerçək bir mədəni-mənəvi xəzinədir. Burada Azərbaycan teatrının simasının tam olaraq canlandırıldığını deyən teatrşünaslar bildirir ki, muzey çox zəngindir.
Məlumatlara görə, dini adət və ənənələrdən, el-oba şənliklərində rast gəlinən teatr elementlərini əks etdirən rəsmlər, XIX əsrin əvvəllərində Avropa tipli peşəkar teatrın yaranmasında və inkişafında ilk cığırları açan sənət fədailərinə aid materiallar, həmin dövrün teatr həyatını əks etdirən ipək üzlü yastıq və parçalar üzərində yazılmış proqramlar, ilk Şərq konsertində çalınmış musiqi alətləri böyük maraq doğurur. Muzeyə gələn seyrçilərə milli teatr sənətinin sorağını Azərbaycanın hüdudlarından kənara çıxaran bir çox sənətkardan geniş söhbət açılır.
XIX əsrin ortalarında əsərləri Fransa və Almaniyada nəşr olunan, Yaxın Şərqdə və Zaqafqaziyada dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundova, öz acı taleyi və sənət fədakarlığı baxımından dünya teatrlarına örnək ola biləcək Hüseyn Ərəblinskiyə, müsəlman aləmində opera və operetta janrının əsasını qoymuş dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyova, İtaliyada musiqi təhsili almış ilk professional opera müğənnisi Bülbülə, Şövkət Məmmədovaya həsr olunmuş guşələr də Azərbaycan teatr sənətinin inkişafı prosesində Şərq və Qərb mədəniyyətinin sintezini görükdürür.
Muzeydən aldığımız məlumata görə, muzeyin sərgi zalında müntəzəm olaraq müxtəlif mövzularda sərgilər keçirilir ki, burada şəxsi kolleksiyalar, fondlarda saxlanan nadir eksponatlar - fotoşəkillər, proqramlar, dekorasiya eskizləri və s. nümayiş etdirilir, qüdrətli sənətkarlara tez-tez xatirə gecələri təşkil edilir, onların sənət yolundan bəhs edən mühazirələr oxunur.
Muzeydə qorunan eksponatlar bir çox elmi əsərin, oçerklərin, monoqrafiyaların tədqiqində, milli, rus və Qərbi Avropa dramaturgiyasının, balet musiqisinin Azərbaycan səhnəsində bədii həllinin öyrənilməsi baxımından olduqca gərəklidir.
Vaxtilə Azərbaycan Dövlət Dram Teatrının nəzdində açılan bu muzeylə bağlı böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyev deyirdi: "Yaşasın Azərbaycan teatrı!. Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilib".
1963-cü ildə Azərbaycan Dövlət Teatr Muzeyi ləğv edilir və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilir. Respublika hökuməti 1968-ci ildə həmin şöbənin bazasında "C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında" qərar qəbul edir.
Teatrşünaslar qeyd edir ki, repressiya illərinin tufanlarına məruz qalan teatr xadimlərinin də xatirəsinə böyük ehtiramla yanaşılır. Belə ki, 1937-1938-ci illərin acı yelləri teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin üstündən də əsib, milli teatrımızın inkişafına ağır zərbə vurub. Həmin illərdə bir sıra teatr xadimləri repressiyaya məruz qalıb. Bunların arasında Dövlət Teatr Muzeyinin direktoru Ağakərim Şərifovun qohumları da vardı. Bir qədər sonra Ağakərim Şərifovu işdən azad edirlər. Məhz həmin illərdə muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının muzeydəki əşyalarını gizlədib, ələ keçməkdən qoruyub və beləliklə, həmin sənədlər bu günümüzə gəlib çatıb.
Bu gün muzeyin əsas fondunda 130.000-dən artıq eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirir. Fondda qorunan materialların böyük əksəriyyəti orijinaldır. Muzeydə Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Cəfər Cabbarlının, İsmayıl Hidayətzadənin, Sidqi Ruhullanın, Aleksandr Tuqanovun, Mirzə Ara Əliyevin, Cəfər Cəfərovun, Ədil İsgəndərovun, Mehdi Məmmədovun, İmran Qasımovun, Qürbət Qurbanovun, Həqiqət Rzayevanın, Möhsün Sənaninin, Ələsgər Ələkbərovun, Barat Şəkinskayanın, Hökumə Qurbanovanın, Məmmədkamal Kazımovun, Amaliya Pənahovanın və onlarla belə sənətkarların şəxsi arxivləri, onlara məxsus yazılı sənədlər və xatirə əşyaları saxlanır.
Bundan əlavə, fondda nadir kitablara da rast gəlinir. M.F.Axundovun 1853-cü ildə Tiflisdə nəşr olunmuş povest və komediyaları, 1923-cü ildə nəşr olunmuş "Azərbaycan-türk teatrının müxtəsər tarixçəsi", 1928-1929-cu illərdə çapdan çıxmış rusca-türkcə lüğətlər bu nümunələrdəndir.
Burada müxtəlif illərə aid fotoşəkillər, ötən əsrin əvvəllərində şüşəyə çəkilmiş neqativlər, eləcə də Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Kazım Ziya, Mərziyyə Davudova, Əzizə Məmmədova, Sona Hacıyeva, Şövkət Məmmədova, Bülbül, Həqiqət Rzayeva, Qəmər Almaszadə və bu kimi sənətkarlara dair materiallar toplanıb. Teatr rəssamlarından Əzim Əzimzadə, Rüstəm Mustafayev, İsmayıl Axundov, Mixail Tixomirov, Nikolay Ovzinnikov, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Mikayıl Abdullayev, İzzət Seyidova, Bədurə Əfqanlı, Kazım Kazımzadə, Ənvər Almaszadə, Əyyub Fətəliyev, Həsən Mustafayev, Altay Seyidov, Sergey Yefimenko, Elzin Aslanov, Elzin Məmmədov və başqalarının müxtəlif tamaşalara çəkdiyi bir sıra eskizlər məhz burada qorunur.
Muzeyin Fonoteka şöbəsində keçən əsrin teatr tamaşalarının, ayrı-ayrı sənətkarların səslərinin yazıldığı lent yazıları qorunur. Seyid Şuşinskinin, Məcid Behbudovun və bu kimi ustad sənətkarların ifaları olan qrammafon valları şöbənin ən qədim eksponatlarındandır. Abbas Mirzə Şərifzadənin "Şeyx Sənan", "Hamlet" tamaşalarındakı monoloqu, Mərziyə Davudova, Sidqi Ruhulla, Fatma Qədri, Ələsgər Ələkbərov, Mirzə Ara Əliyev, Hökumə Qurbanova və digər teatr korifeylərimizin səsləri yazılmış lent yazıları, müxtəlif tamaşalardan parçalar bu şöbədə saxlanır.
Muzeydən aldığımız məlumata görə, hazırda şöbədə 180 adda eksponat toplanıb. Muzeyin kitabxana fondu ədəbi tənqidə, teatr tənqidinə və tarixinə, sənətkarların həyat və yaradıcılığına həsr olunmuş nəşrləri əldə edərək oxucuların istifadəsinə verir. Bunların sırasında C.Cəfərovun "Dramaturgiya və teatr", Q.Məmmədlinin "Azərbaycan teatr salnaməsi", M.Məmmədovun "Teatr düşüncələri", G.Kərimovun "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri", "Gənclik və gözəllik teatrı", A.Talıbzadənin "Ustad və ayna", G.Rəhimlinin "Üç əsrin yüz otuz ili", A.Şərifovun "Azərbaycanda türk teatr tarixinin materialları", Ə.Ələkbərovun "Sona Hacıyeva", Ə.Əliyevanın "Bizim GTT", "H.Ərblinski" adlı kitabları qeyd edilməlidir. Kitabxanada 4.000 adda material saxlanır.
Muzeyin fondu daim yeni materiallarla zənginləşir. Elmi əməkdaşlar teatrlarla sıx əlaqə saxlayır, hər ilin teatr mövsümünə dair materialları muzeyə toplayırlar. Eləcə də muzeyin fotoqrafı repertuarda olan tamaşaların fotoçəkilişlərini aparır.
Muzey əməkdaşları qeyd edir ki, əməkdaşlar tərəfindən bu günə qədər toplanan və mühafizə olunan materiallar teatr tariximizlə bağlı yeni tədqiqatlar üçün əvəzedilməz xəzinədir. Təsadüfi deyil ki, muzey 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən "Azərbaycan teatr tarixinə dair materialların toplanılması və qorunmasına görə" "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi əks etdirən tarixi xronologiya üzrə qurulub.
Muzeydə seyrçiləri, xüsusən də turistləri cəlb edən bir sıra özəl cəhətlər var ki, onlar Azərbaycan teatrının tam mənzərəsi ilə tanış ola bilir. Muzey əməkdaşları bildirir ki, son illər ölkəmizə başlanan turist axını muzey seyrçilərinin artmasına da müsbət təsir göstərir. Vaxtaşırı olaraq bu muzeyə də turistlərin gəldiyini deyən muzey əməkdaşları bildirir ki, turistlər bizim teatr tariximizlə ciddi maraqlanır.
Sənətşünas Təranə Əlizadə bizimlə söhbətində bildirdi ki, C.Cabbarlı adına Teatr Muzeyi öz unikallığı və daşıdığı missiya ilə bölgədə özünə şöhrət qazanıb. Bu muzeyin canlı tarix olduğunu deyən sənətşünasın sözlərinə görə, adam bura daxil olanda özünü tamamilə müsbət aurada hiss edir: "Biz tələbə vaxtı Teatr Muzeyinə tez-tez gedirdik. Bura doğrudan da müqəddəs bir yerdir. Bu muzeydə Azərbaycan teatrının bütün mərhələləri, bütün dövrləri əks olunub. Teatr xadimlərimizlə bağlı faktlar, materiallar, onların rol dəftərləri, geyimləri böyük maraq doğurur. Onlara baxdıqca, sanki o sənətkarların özünü görürsən. Teatr tariximizin canlı siması yaşadılır bu muzeydə. Dəfələrlə orada turistlər də görmüşəm. Onlar əsasən tərcüməçi ilə gəlir. Turistlər hər bir eksponatla maraqlanır. Adam hiss edir ki, onlar bizim teatr tarixinə baxıb özlərində xalqımızın mədəniyyəti haqqında təsəvvür yaradır".
İradə SARIYEVA