Azərbaycan mədəniyyətinin əsas ilhamverici qüvvəsi Azərbaycan xalqı və azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq ideologiyasının şüurlarda, yaddaşlarda yer tutması üçün minillər boyu mədəniyyətimiz çərçivəsində böyük işlər görülüb. Azərbaycançılıq mədəniyyətimizin hər bir sahəsində özünü göstərir.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin ana xəttinə çevrilən azərbaycançılıq geniş səviyyədə təbliğ edilir. Bu gün kino, teatr, ədəbiyyat-incəsənət və başqa sahələrdə azərbaycançılıq ideyasını tərənnüm edən əsərlərə yer verilir. Azərbaycan dövlətçiliyinin özəyini təşkil edən azərbaycançılıq dövlətçi bir ideologiya olaraq mədəniyyətin, elmin bütün sahələrinə sirayət edir.
Azərbaycan mədəniyyəti böyük tarixi inkişaf yolu keçərək günümüzə qədər gəlib çatıb. Milli-mənəvi dəyərlər, maddi nümunələr zaman-zaman cilalanaraq dünyanın ən zərif, füsunkar mədəniyyət örnəkləri kimi qəbul edilir.
Sənətşünaslar yazır ki, Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti zaman-zaman öyrənilib. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən ictimai-siyasi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsinin təsir etdiyi qeyd edilən yazılı mənbələrdə vurğulanır ki, XIV-XV əsrlərdə Azərbaycanda yaşayan əsas xalqın-Azərbaycan türk etnosunun formalaşması ilə Azərbaycan mədəniyyəti inkişaf edib. Tədqiqatçılar yazır ki, stabil mərkəzləri olmayan bu mədəniyyəti bəzi dövrlərdə Osmanlı mədəniyyətindən fərqləndirmək çətindir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. Məlumatlara görə, XIV-XV əsrlərdəki Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dililə bağlıdır. Yazılanlara görə, maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxıb. Bu barədə Azərbaycanın mədəniyyətşünas alimlərinin, tarixçilərin, ədəbiyyatşünasların, yerli və xarici alimlərin yazılarına, mənbə və məxəzlərdə yer alan faktlara istinadən "Vikipediya" Açıq Ensiklopediyasının tərtib etdiyi "Azərbaycan mədəniyyəti" məqaləsində yazılır. Məqalədə yazılır ki, Azərbaycan müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanıb: "Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri var. Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə, həmçinin, Qafqaz Albaniyası dövründə mədəniyyətin inkişaf etdiyini göstərir. Azərbaycanda islamın yayılması ilə islam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması təşəkkül tapır.
XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olması ilə burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olur.
Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir. XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir.
Azərbaycan inkişaf etmiş və dünyəvi islam cəmiyyətləri arasındadır. Opera, teatr tamaşaları və demokratik respublikası olan ilk müsəlman ölkəsi olmaqla birlikdə Azərbaycan bu gün dünyəviliyin ən çox dəstəkləndiyi müsəlman ölkələrindən biridir".
Azərbaycanın adının hansı tarixi dövrdə meydana çıxdığını araşdıran alimlər bildirir ki, "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan əmələ gəlib. Yazılanlara görə, Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropatena adlandırılıb. Adın orijinalının mənbəyi bölgədə bir vaxtlar geniş yayılmış Zərdüşt dinidir və mənası "od tərəfindən mühafizə olunan" və ya "odun məkanı" deməkdir. Orta əsr ərəb coğrafiyaşünasları bu ekzonimin şəxs adı olan Adarbadordan (adar-atəş, baykan-mühafizəçi) xalq etimiologiyasının nəticəsi kimi əmələ gəldiyini fikirləşmişlər. "Azərbaycan mədəniyyəti"ndə yazılanlara görə, Abbasqulu ağa Bakıxanov isə bu sözün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirib. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxıb: "Orta əsrlərdə Azərbaycan deyiləndə Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu. Məsudi və ibn Xordadbeh şimal-şərqdəki Muğan düzünü Azərbaycana aid edir, ancaq başqa coğrafiyaşünaslar isə bu ərazini Azərbaycana daxil etmirdilər. XIII əsrin əvvəllərindən, bir qayda olaraq, Azərbaycan anlayışı şimala qədər yayılır və onun mənası sürətlə dəyişirdi. Səfəvilər dövründə bir müddət üçün Arazdan şimaldakı müəyyən ərazilər Azərbaycan əyalətinə birləşdirildi. Ancaq Səfəvilərin süqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi. Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən göstərildi. XIX əsrin sonlarında avropalı alim və jurnalistlər Azərbaycan terminini Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar. 1917-ci ilin 15-20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxarıldı. 28 may 1918-ci ildə "Azərbaycan" adı Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğunu elan edən Zaqafqaziya Seyminin müsəlman fraksiyası tərəfindən rəsmi olaraq istifadə edilib. Bu hadisə İranda, xüsusilə Azərbaycan intellektualları arasında təəccübə səbəb olmuşdu. Şeyx Məhəmməd Xiyabani və yoldaşları özlərini AXC-dən fərqləndirmək üçün İran Azərbaycanının adını Azadıstan qoydular...".
Azərbaycanlıların adının yaranmasına gəldikdə "Azərbaycan mədəniyyəti"ndə qeyd edilir ki, XVI-XVII-ci əsr mənbələrində azərbaycanlılar "qızılbaş" adlandırılırdı. I Pyotrun manifestində Zaqafqaziyada və İranda yaşayan xalqlar arasında farslardan başqa əcəmlərin də adı çəkilir: "Əlisöhbət Sumbatzadəyə görə, burada azərbaycanlılar nəzərdə tutulur. Oxşar şəkildə XV-XVIII əsrlərdə Osmanlı imperiyasında da azərbaycanlılar "əcəm" adlandırılırdı. Cənubi Qafqazı işğal edən Rusiya imperiyası Azərbaycan türklərini "adərbaycanlılar" və ya "Qafqaz tatarları" adlandırmağa başladı. İnqilabdan əvvəlki Rusiyada azərbaycanlıları "farslar" da adlandırırdılar.
Azərbaycan xalqının keçmişdə özünü necə adlandırması məsələsində heç bir ortaq fikir yoxdur. Belə ki, adının özü ictimai inkişaf səviyyəsində müəyyənləşmişdi. Məsələn, yarımköçəri həyat tərzi keçirən və patriarxal-qəbilə münasibətlərinin qalıqlarını saxlayan əhali özünü tayfalarının, yaxud irsi mənsubiyyətlərinin adı ilə adlandırırdı (əfşar, təkəli, kəngərli, ayrım və s.). Məskunlaşmış kənd və şəhər əhalisinin iqtisadi sahədə fəaliyyəti Azərbaycanın ayrı-ayrı kiçik regionları səviyyəsində, dar çərçivədə məhdudlaşırdı, çox vaxt iqtisadi işlərdə bir-birindən fərqlənmək üçün özlərini ərazi əsasında da adlandırırdılar (şirvanlı, qarabağlı, şəkili, qubalı və bakılı). Ələsgər Ələkbərov sonuncunu, buna qədərki kiçik Azərbaycan xanlıqları dövründəki parçalanmaların qalığı hesab edir. Eyni zamanda dini əlamətlərə görə "müsəlman" adlanma da vardı. Məsələn, şair Mirzə Ələkbər Sabir uşaq yaşında yazdığı ilk şeirində öz milliyyətini "türək" (yaxud "türk"), kimi göstərsə də, böyüyəndə öz həmvətənlərinə "müsəlman" deyə müraciət etmişdi. Azərbaycanın tarixi şəxsiyyətləri və mədəniyyət xadimlərinin azərbaycanlılara, Azərbaycan xalqına müraciət formaları da fərqlidir. Qubalı Fətəli xan 1782-ci il tarixli məktubunda, qarabağlı İbrahimxəlil xana işarə olaraq, "azərbaycanlı" terminindən istifadə etmişdi. Onun həmdövrü, şair və Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif isə, əksinə, Azərbaycanı yalnız köçəri tayfaların ellərinə bölürdü. Yazıçı və filosof-materialist Mirzə Fətəli Axundov isə azərbaycanlılara müraciətlərində "qafqazlı", "müsəlman" və "tatar" adlarından istifadə etmişdi. Azərbaycanlılar arasında "azərbaycanlılar", yaxud "Azərbaycan türkləri" termini ilk dəfə 1891-ci il tarixli "Kəşkül" adlı liberal Bakı qəzetində ortaya atılmış və XIX əsrin sonundan bu termin Yelizavetpol quberniyasında özünüadlandırma kimi yayılmağa başlamışdı. "Azərbaycanlılar" etnonimi yalnız 1936-cı ildən etibarən geniş şəkildə istifadə edilib".
Rəsmi simvol və rəmzlər mövzusuna da "Azərbaycan mədəniyyəti" məqaləsində yer ayrılıb.
Qeyd edilir ki, Azərbaycan bayrağı üç rəng və ağ rəngli aypara ilə səkkizguşəli ulduzdan ibarətdir. Bayraqda göy rəng türkçülüyü, qırmızı rəng müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir. Aypara islamı simvolizə edir. Fətəli xan Xoyskiyə görə, ulduzun guşələrinin sayı əski əlifba ilə yazılan Azərbaycan sözünə işarədir: "Bir başqa versiyaya görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. ABŞ veksilloloqu Uitni Smitə görə, bayrağın müəllifi Əli bəy Hüseynzadədir.
7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Azərbaycan gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində Odlar Yurdunu simvolizə edən alov təsviri var. 30 yanvar 1920-ci ildə AXC gerb proyektlərinin təqdim edilməsi üçün konkurs haqqında qərar qəbul edib. Azərbaycan gerbi qırmızı ordu işğalına görə təyin oluna bilməsə də, Bakıda yaşayan gürcü knyazı Şerşavidzenin layihəsi saxlanıb. 1991-ci ildə müstəqilliyin qazanılmasından sonra yenidən konkurs elan edilib, ancaq heç bir layihə bəyənilmədiyindən, orijinal proyektə düzəlişlər edilərək qəbul edilib.
1919-cu ildə Üzeyir Hacıbəyov Əhməd Cavadın sözlərinə Azərbaycan himnini yazmış, himn 27 may 1992-ci ildə rəsmən qəbul edilib. Bəstələndiyi dövrdə "Azərbaycan marşı" adlandırılan bu himn Azərbaycan Xalq Cumhuriyyətinin hərbi məktəblərində ifa edilirdi".
Tarixi faktlara görə, 28 may 1918-ci il Azərbaycanın müstəqilliyinin elan edildiyi gündür. Məlumatlarda bildirilir ki, Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası həmin gün Tiflisdə Qafqaz Canişini Sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasını elan edib və Azərbaycanın 6 bənddən ibarət İstiqlal Bəyannaməsi imzalanıb: "1990-cı ildən etibarən 28 may tarixi "Respublika günü" adı ilə dövlət bayramı kimi qeyd edilir.
Məlumdur ki, "Qızıl Ulduz" medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır. Medal üz tərəfində ikiüzlü hamar şüalar olan səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanıb. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılıb. 6 fevral 1998-ci il tarixində "Qızıl Ulduz" medalı 7 iyul 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı olan "Ay-Ulduz" medalını əvəz edib. Bu mükafat Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində göstərilən qəhrəmanlıq və cəsarətə görə verilir.
"Heydər Əliyev" ordeni 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. Təsis edildiyi vaxt "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olub. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilib. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanıb. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənib. Qılınclı ulduzun guşələrindən dördünün üzərindən keçən iki qılınc gümüşdən hazırlanıb qızıl suyuna çəkilib. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilib. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefi verilib. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə və vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə, Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə, əcnəbilərə isə Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə, azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində və Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərə görə verilir".
Tədqiqatçılar qeyd edir ki, "Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir, 6 dekabr 1993-cü ildə təsis edilib. Orden düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. "Şah İsmayıl" ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərə, görkəmli sərkərdəlik fəaliyyətinə, respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərə görə verilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.