"Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinin müxbiri Maykl Martens rusların qətli ilə bağlı danışdıqdan sonra Rusiyada cinayət işi üzrə şübhəli şəxsə çevrilib. Bu barədə məlumatlı mənbə TASS-a bildirib. "Martensə qarşı Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi (nifrət və ya düşmənçiliyin təhrik edilməsi) ilə cinayət işi açılıb"- deyən mənbənin sözlərinə görə, jurnalistin beynəlxalq axtarışa verilməsi və ona qarşı qiyabi qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. Günahkar bilinərsə, o, altı ilə qədər həbs cəzası ilə üzləşə bilər. Qeyd edək ki, 8 avqustda Zelenski ilə Serbiya prezidenti Aleksandr Vuçiç arasında Belqradda keçirilən mətbuat konfransında FAZ jurnalisti Martens Avropa ölkələrinin "daha çox rusun öldürülməsinə kömək etmək" üçün nə edə biləcəyini soruşub. Bundan sonra jurnalistin işdən çıxarılması tələbi ilə onlayn petisiya yaradılıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Martensin rusların öldürülməsi ilə bağlı çağırışlarını qəbuledilməz və cinayətkar çağırış adlandırıb. Rusiya səfirliyi isə FAZ müxbirinin sözlərini "Dördüncü Reyx" xəyallarının əksi kimi şərh edib.
SAMİRƏ