O, rəqs edəndə sanki barmaqları nəğmə oxuyurdu, əlləri o xoş, həzin sədanı tamaşaçı ürəyinə səpələyirdi. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb. Uşaqlıqdan milli rəqslərimizin vurğunu olan və "mən rəqs edəcəyəm, rəqqasə olacağam" deyən əməkdar artist, görkəmli rəqs ustadı, 25 il Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti olan Aliyə xanım Ramazanovanın 75 yaşı tamam olub.
1941-ci ilin 7 fevral tarixində-qışın ilik donduran çağında Qusar rayonunun Piral kəndində dünyaya göz açan gələcəyin görkəmli rəqs ustadı əzablı yollar keçib. Xoşbəxtlikdən əzablı yolun başında onu qaranlıq yox, işıq qarşılayıb. O işıq milyonlarla tamaşaçının ürəyinin, gözünün işığı olub.
- Aliyə xanım, 75 yaşınız mübarək! Bu yaşda özünüzü necə hiss edirsiniz? Öyrətməkdən yorulmamısınız ki?
- Şükürlər olsun ki, yaxşıyam, tamaşaçılarımın sevgisini hiss edirəm. Mətbuat məni unutmur, müxbirlər tez-tez qapımı döyür, müsahibə götürürlər. Bu yaşda keçmişi xatırlayıram, uşaqlığımı, səhnəyə gəldiyim günləri xatırlayıram, sənət dostlarımı, rəqs sənətində əlimdən tutub məni irəli aparan insanları yada salıram. Səhnə dostlarımın bəziləri rəhmətə gedib, bəziləri isə həyatdadır.
Bir qədər vaxt tapıb ətrafa baxsan,
Hərdən sən məni də yadına salsan.
Xoş sözlərinlə, xatirələrinlə
Gənclik illərinə səni qaytarım...
- Şeir də yazırsınız?
- Bəli, son illər məndə yazıya, şeirə böyük maraq yaranıb. Şeirlər yazıram, xatirələrimi qələmə alıram. Yeri gəlmişkən, bir neçə il əvvəl tanınmış qələm adamı Fəridə xanım Ləmanın tərtibçiliyi ilə xatirələrimdən ibarət "Rəqs mələyi" adlı kitabım çap olundu. Kitabdakı bütün xatirələri özüm qələmə almışam...
- Gəncliyə qayıtmaq keçir hər bir sənət adamının ürəyindən. Dəfələrlə müsahibə zamanı böyük sənətkarlar deyib ki, kaş yenidən cavan olaydım... Sizdə necə, bu hisslər olurmu?
- Gəncliyimə qayıtmaq istəsəm də, uşaqlıq, körpəlik illərimə qətiyyən qayıtmaq istəməzdim...
- Yəqin körpə vaxtı əzablı günləriniz çox olub...
- Bəli. İkinci Dünya Müharibəsi başlanan il anadan olmuşam. Qışın oğlan çağında doğulmuşam. 1941-ci ilin yayında isə müharibə başladı. Müharibə başlayan kimi, başqaları kimi, mənim də atam davaya getdi, anam dörd qız övladı ilə damın altında qaldı. Bu mənim ömrümün ilk səhifəsinə yazılan acı günlər oldu. Yəni doğuldum və sevinc içində yaşamaq əvəzinə müharibə ağrısı, aclıq, möhnət gördüm. Gözümü açıb əzab gördüm.
Müharibə məndən həm atamı, həm anamı, həm də bacılarımdan birini aldı. Atam müharibədə həlak oldu, anam və bacım isə kənddə, qıtlıq dövrü idi. Evimiz dağıldı, əlimizdə olanlar yoxa çıxdı. Böyük bacımız kənddə müharibədən qəhrəman qayıdan əmimin himayəsində qaldı. Məni və məndən böyük bacımı isə uşaq evinə verdilər.
- Əminiz sizi niyə himayə etmədi?
- Bilirsiniz, çətin günlər idi, aclıq idi, onun da özünün külfəti var idi. Uşaq evinə gəldim, acılı günlər 6 yaşıma qədər çəkdi... Təxminən 3-4 yaşım olanda məni Bakiya gətirib Mərdəkandakı 22 saylı uşaq evinə yerləşdirdilər. Bacımı isə indiki Qəbələ rayonundakı uşaq evinə apardılar. Mərdəkanda bir bağda qalırdıq, orada mənim kimi çoxlu uşaq vardı.
Mən bacımın harada olduğunu bilmirdim, körpəydim, bu heç ağlıma da gəlmirdi. Mərdəkanda məktəb yaşına qədər qaldım. Mən o müəllimləri unutmuram, biz onlara ana müəllimlər deyirdik. Bizə çox yaxşı baxırdılar. Onlar mənə ana olub qayğı göstərib. Bizim üçün gözəl rəqs meydanları, əyləncə yerləri var idi. Balaca uşaq olanda meydançada rəqs edirdim. Bir dəfə meydançada oturmuşduq. Bizim yanımıza çoxlu adam gəlirdi. Gördük ki, bu adamların arasında yaşlı bir qadın da var və o bizə baxırdı. Həmin qadın bir neçə uşağı, o cümlədən də məni götürüb Nizami parkında yerləşən 11 saylı uşaq evinə köçürdü. Biz ona anacan deyirdik. Biz o xanımın adını bilmirdik. Sonra bildik ki, adı Bahar Ağalarovadır. O qadın o qədər qayğıkeş, mehriban idi ki, onu ancaq anacan çağırırdıq. O vəfat edəndə qəzetdə nekroloq çıxmışdı, mən onda bildim ki, onun adı Bahar Ağalarovadır. O qəzeti saralıb solana qədər saxladım...
- 11 saylı uşaq evində vəziyyət necə idi?
- Parkın müəyyən bir hissəsini kəsmişdilər, içəridə bizim üçün çox gözəl şərait yaradılmışdı. Burada həmçinin rəssamlıq, tikiş sənəti, üzgüçülük, piano, rəqs, gimnastika və s. otaqlarımız vardı. Demək olar ki, mən bunların hamısı ilə maraqlanırdım. Çox aktiv uşaq idim, həm rəqs etmək, həm də tar çalmaq istəyirdim, habelə gimnastika ilə maraqlanırdım. Düzünü deyim ki, özümü sınayırdım.
Bu qədər maraqlandığım sahələr içində ürəyimi tamamilə rəqs fəth etdi. Qərara gəldim ki, rəqsi seçəcəyəm. O vaxt müəllimlər uşaq evinə gəlib bizə dərs keçirdilər. Rəqsdən, baletdən, bal rəqslərindən dərs alırdıq. Onlardan Azərbaycanın ilk balet rəqqasəsi Qəmər Almaszadəni, Leyla Vəkilovanı, Tamella Məmmədovanı, Çimnaz Babayevanı xatırlayıram.
- Uşaq evində nə qədər qaldınız?
- Mən 7-ci sinfə qədər uşaq evində böyüdüm, daha sonra isə 5 nömrəli sənət məktəbinə yolladılar. Həmin sənət məktəbində mətbəə işi öyrəndim. Mən mətbəə işçisi kimi sənət məktəbini bitirdim.
- Peşəkar rəqsə yolunuz da burdan başladı?
- O vaxt Azərbaycan Mahnı və Rəqs Ansamblından xalq artisti, görkəmli rəqs ustadımız Böyükağa Məmmədov rəqsə qız seçirdi.
Mən də onda gimnastikaya gedirdim. Rəqs adını eşidəndə dedim ki, mən də istəyirəm. Yeməkxanada yemək yeyirdik. Müəlliməm dedi ki, yox, sən həm şəkil çəkirsən, həm gimnastikaya gedirsən, tar çalırsan, dərslərin var, çatdıra bilməzsən. İnanın, elə bərkdən ağlamağa başladım ki, o biri müəllimin mənə rəhmi gəldi. Həmin müəllimə dedi ki, "ay Mələk xanım, qoy getsin, bəlkə gələcəkdə xalq artisti oldu". Məktəbdə həmçinin rəqs dərnəyi də fəaliyyət göstərirdi. Sənət Məktəbində oxuya-oxuya üç il Ehtiyat Əmək Qüvvələrinin rəqs dərnəyinin üzvü oldum. Böyükağa müəllim məni Sənət Məktəbindən seçdi və Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evində rəqs edirdik. Böyükağa müəllim məni özfəaliyyətə seçən kimi mənə solo ifa verdi. Oradan da rəqs kollektivimizi Moskvaya festivallara göndərdilər. Televiziyaya çəkdilər, o vaxt kiçik ölçülü "Rekord" televizoru vardı. Tezliklə tanındım. Bundan sonra xalq artistləri Əlibaba Abdullayev və Əminə Dilbazi məni Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət etdilər.
- Yəqin ki, Filarmoniyada-Mahnı və Rəqs Ansamblının solisti olmağınızda bu amil böyük rol oynayıb?
- Mənim ifam özfəaliyyətdə çox sevilirdi. Bu səbəbdən də Ehtiyat Əmək Qüvvələri naziri mənim Filarmoniyaya getməyimə icazə vermirdi. Demişdi ki, o burada fəaliyyətini davam etdirsin, biz onu evlə təmin edəcəyik, iş də verəcəyik. Heç cür razılaşmırdım onunla, deyirdim ki, Filarmoniyanı istəyirəm. Daha böyük işlər görmək istəyirdim, öyrənmək, öyrəndiklərimi tamaşaçılara təqdim etmək arzum idi...
- Rəqs sənətinin iki böyük sənətkarı-Azərbaycan peşəkar milli rəqsinin atası Əlibaba Abdullayev və təkrarsız Əminə Dilbazi sizi ansambla dəvət etmişdi...
- Bəli. 1958-ci ildə respublika üzrə rəqs kollektivləri arasında müsabiqələr keçirilirdi. Xalq artistləri Əminə Dilbazi və Əlibaba Abdullayev bizim rəqs kollektivimizə baxmağa gəlmişdilər. Bizim çıxışımıza baxandan sonra Əminə xanım məni xeyli təriflədi, Azərbaycan Dövlət Rəqs Ansamblında işləməyə dəvət etdi və fikrimi soruşdu. Fikirləşmək nədir, az qala göylərdə uçurdum...
1958-ci il iyunun 15-də Əminə Dilbazi məni Filarmoniyanın direktoru, görkəmli incəsənət xadimi Soltan Hacıbəyovun yanına apardı. Haqqımda bir qədər söhbət etdilər. Soltan müəllim telefonu götürüb Azərbaycan Mədəniyyət Nazirliyinə zəng etdi, onlar isə öz növbəsində Moskvaya zəng etdi ki, mənim işə götürülməyimə razılıq versinlər. Onu da deyim ki, Soltan müəllim məni işə götürmüşdü.
Moskvadan da 5 saylı Sənət Məktəbinə mənə teleqram gəldi ki, Aliyə Əliquliyeva Mahnı və Rəqs Ansamblında işə götürülsün. Birdən ağzımdan qaçırdım ki, teleqram indi gəlib, amma mən artıq üç aydır Filarmoniyada işləyirəm... 1958-ci ilin iyun ayından 1982-ci ilin yanvar ayınadək - düz 25 il fasiləsiz olaraq Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışdım. Orada çox güclü rəqqasələr vardı. Əminə xanım Dilbazi, Roza xanım Cəlilova, Nailə xanım Mahmudova, Tutu xanım Həmidova və başqaları Azərbaycan rəqs sənətinin canlı əfsanələri idi. Onları respublikada tanıyır və sevirdilər. Mən də onların içində təzə idim...
- Aliyə xanım, bəzən görürsən ki, sənət aləminə gələn gənc istedadlar paxıllıqla, qısqanclıqla üzləşir. Bu sənətkarlar sizi necə qarşıladı?
- 16 yaşım vardı. Mən solo oynayırdım. Mənim ifam, fəaliyyətimi ancaq kütləvi səhnələrdə oynayan bəzi rəqqasələr qısqanclıqla qarşılayırdı. Böyük sənətkarlar isə məni öz balası kimi ağuşuna çəkmişdi. Bilirdilər ki, mənim istedadım var, səhnəyə böyük fayda verə bilərəm. Mən o sənətkarların həmişə hörmətini saxlayırdım. Mən burada özümü çox xoşbəxt hiss edirdim. İnanın ki, o günlərə qayıtmaq istəyirəm. O illər ayrı bir illər idi, həqiqətən də xoşbəxt idim onda.
- Aliyə xanım, siz dəfələrlə mənimlə söhbətinizdə demisiniz ki, dünyanın dörd bir yanında qastrol səfərində olmusunuz. Hətta qlobusu qarşımıza qoyub hansı ölkələrdə olduğunuzu bir-bir göstərmisiniz. Hər səfərdən xatirələrlə, çoxlu şəkillər, tamaşaçı alqışları, gül-çiçəklə geri qayıtmısınız. İlk qastrolunuz yadınızdadırmı?
- O günlər heç vaxt unudulmaz. İnanın ki, Azərbaycan milli rəqsi bütün dünyanı fəth etmişdi. Azərbaycan rəqsinin ecazkarlığı xarici ölkələrdə böyük rəğbətlə qarşılanırdı.
Filarmoniyaya yeni gəlmişdim. İlk qastrol səfərim Çin Xalq Respublikasına oldu. Çox uğurlu qastrol oldu. Sonra Misir, Danimarka, Almaniya, Macarıstan, İtaliya, İspaniyaya, keçmiş SSRİ respublikalarına qədər çox yerlərdə qastrol səfərlərində oldum. Azərbaycan rəqsini ləyaqətlə təmsil etdim. Mən rəqsi sevirəm və bu mənim əbədi məhəbbətimdir.
- O vaxt səhnədə hansı rəqslər ifa edilirdi?
- Rəqslər Əminə Dilbazi və Əlibaba Abdullayev tərəfindən qurulmuşdu. Hədsiz dərəcədə gözəl milli rəqslər idi. "Neftçilər süitası", "Vətən süitası", "Tirmə şal", "Turacı", "Nəlbəki", "Nazlana-nazlana", "Hind rəqsi", "Üç gül", "Naz eləmə", "Vağzalı-Mirzeyi" və neçə-neçə gözəl rəqslər. Səfər üçün təzə milli kostyumlar da tikilmişdi. Milli kostyumların eskizini hamımızın sevimlisi, milli geyimlər üzrə rəssam Reyhan Topçubaşova çəkirdi. Kostyumlarda həm rəqsin mənası, həm də milli xarakter saxlanırdı.
- Ömrün 75-i özünü yetirib... Bu yaşınızda nə istəyərdiniz?
- Mən ömrümün çox böyük hissəsini milli rəqslərimizin təbliğinə həsr etmişəm. Bildiyiniz kimi, 25 il Mahnı və Rəqs Ansamblında solist olmuşam. Bizim ixtiyarımız vardı ki, 20 il tamam olandan sonra təqaüdə çıxaq. Amma mən çıxmadım. 5 il də artıq işlədim. 34 il bundan əvvəl, 1982-ci ildə əməkdar artist fəxri adı almışam. Yaşlı sənət adamlarına dayaq lazımdır. Bu dayağı isə ancaq dövlətimiz verə bilər. Ölkə başçımız İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri, milli mədəniyyətimizin himayəçisi Mehriban xanım Əliyeva sənətə çox böyük qayğı göstərir, yaşlı sənətkarları unutmurlar.
Bilirsiniz ki, mənim təqaüdüm çox azdır. Mənə oğlum baxır, tez-tez xəstələnirəm, həkimə müraciət etməli oluram. Dərmanlar çox bahadır. Oğlum olmasa, lap çətinə düşərəm. Onsuz da oğlumun ailəsi böyükdür, ona yük olmaq istəmirəm. Çox arzu edərdim ki, məni də yada salsınlar. 50 ildən artıq rəqs sənətinə xidmət etmişəm, bu gün də işləyirəm. Çox arzu edərdim ki, mənə Prezident təqaüdü verilsin. Çox zəhmət çəkmişəm. Bəlkə də rəqs sənəti tarixində yeganə qadın sənətkaram ki, uşaq evindən gəlmişəm bu sənətə.
Filarmoniyadan ayrılandan sonra da əlimi rəqsdən soyutmadım. Bakı Dövlət Universitetinin "Sevinc" rəqs ansamblına, "Şəhriyar" adına mədəniyyət mərkəzində "Zəriflik" rəqs qrupuna və Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzində "Çiçəklər" uşaq rəqs qrupuna rəhbərlik etdim. Hər üç qrupla eyni dövrdə məşğul oldum. Çox istedadlı uşaq və gənclər yetişdirdim.
Peşəkar rəqqasələr çoxdur, amma onların arasında müəllimliyi, baletmestrliyi bacaran çox az sənətkar var. Zəmanəmizin böyük sənətkarı Roza xanım Cəlilova bu yaşda da rəqs qurur. Roza xanımın nəvələri gözəl rəqs edir, rəqslərini Roza xanım qurur. O, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olanda da bir sıra milli rəqslərimizə quruluş verib.
- Bu gün təqaüddəsiniz, əsas vaxtınız evdə keçir. Tələbələr öyrədirsinizmi?
- Uzun illər gərgin işləmişəm. 70 yaşdan sonra qərara aldım ki, daha istirahət etməyin vaxtıdır. Mənə rəqslə müraciət edənlər çox olur, amma mən heç kəsi götürmürəm. Üç il bundan əvvəl anası bir qızı yanıma gətirib xahiş etdi ki, uşağın rəqsə marağı var, onu öyrədin. Düzü, etiraz etdim, dedim ki, daha yorulmuşam, lakin qızın marağını görüb onu öyrətmək qərarına gəldim. Qızın adı Rəna Qafarlıdır. Siz onun ifasını görmüsünüz.
- Bəli, çox istedadlıdır. Mən Rənanın, Lenayın və Aslananın timsalında gələcəyin çox gözəl milli rəqs ifaçılarını görürəm...
- Rənanı götürəndə şərt qoydum ki, mənim yanımda məşğul ola-ola mütləq Bakı Xoreqrafiya Məktəbinə daxil olmalısan. O indi həmin məktəbin 3-cü kurs tələbəsidir. İstedadlıdır, milli rəqslərimizi çox böyük incəliklə oynayır.
İradə SARIYEVA