Firdovsi Şahbazov: “Nöqsanlara yol verən təşkilatlar vaxtında cəzalandırılsa, bu qədər borc artmaz”
Dövlət büdcəsində debitor borcların həcmi 7 milyard manatı keçib. Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyinə görə, bu borcların sürətlə artması ayrılan vəsaitlərin müqabilində işlərin vaxtında və tam icra olunmadığını, qabaqcadan ödənişlərin uçotunda və müqavilələrin icrasına nəzarətdə problemlər olduğunu göstərir.
Ən çox diqqət çəkən istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan investisiya xərcləridir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9 sifarişçi qurum üzrə 517,4 milyon manat debitor borc yaranıb. Bu göstərici bir il ərzində 35 faiz artıb. Başqa sözlə, bir sıra layihələr üzrə dövlət qurumlarına büdcədən vəsait ödənilsə də, işlərin tam icra edilmədiyi məlum olub. Ümumilikdə, Hesablama Palatasının rəyində bildirilir ki, büdcədə ümumi debitor borcların həcmi 7 milyard 10 milyon manata çatıb. Bu, 2024-cü illə müqayisədə 1 milyard 19 milyon manat çoxdur.
Daha əvvəlki kimi ölkəyə böyük neft pulları gəlmir, əksinə azalır. Çünki hasilat aşağı düşür. Bu tərəfdən də debitor borclanmanın atması, ayrılan vəsaitlərin düzgün xərclənməsi nə deməkdir? Debitor borclarının artması nə ilə bağlıdır?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, vaxtında cəza tədbirləri görülmədiyi üçün belə hallar yaranır: “Hər il Hesablama Palatası oxşar nöqsanlarla bağlı hesabatla çıxış edir, amma nəticə dəyişmir. Məlum olur ki, növbəti ildə pozuntuların sayı, əvvəlki illə müqayisədə daha çoxdur. Ona görə də hesab edirəm ki, nöqsanlara yol verən təşkilatlar vaxtında cəzalandırılsa, bu qədər borc artmaz. Nəzarət tədbirləri təkmilləşdirilsə, çevik müdaxilə edilsə, bu qədər pozuntu olmaz. Çox güman ki, ortada ciddi korrupsiya halları var. Ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Tez-tez işğaldan azad edilən rayonlarda çalışan fəhlələrdən şikayətlər eşidirik ki, maaşları aylarla verilmir, yubadılır. Dövlət büdcəsindən bərpa-quruculuq işlərinə böyük həcmdə vəsait ayrılırsa, o zaman həmin pullar hara gedir? O baxımdan hesab edirəm ki, Maliyyə Nazirliyi və digər müvafiq qurumlar nəzarət tədbirlərini gücləndirməlidilər. Azərbaycanın imkanları sonsuz deyil”.
Vidadi ORDAHALLI