"Dəfələrlə izah etmişəm ki, Aşıq Ələsgərin yaşı onun dahiliyinə heç bir kölgə salmır"
Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı Nazir Əhmədlinin bir müddət əvvəl nəşr etdirdiyi "Haqq-nahaq seçilər haqq divanında" kitabı elmi ictimaiyyətdə və cəmiyyətdə böyük əks-səda doğurdu. Onu da qeyd edək ki, kitab üzə çıxar-çıxmaz, onun ətrafında əməlli-başlı ajiotaj yaşandı. Kitaba münasibət birmənalı olmadı, onu təqdir edənlərlə yanaşı, tənqid edənlər də oldu. Əsasən də Göyçə mahalından və Qərbi Azərbaycanın digər bölgələrindən olan ziyalılar N.Əhmədlini yazdığı kitaba görə ciddi tənqid atəşinə tutdu, onu tarixi saxtalaşdırmaqda, faktları təhrif etməkdə, ustad aşıqların doğum tarixlərini yanlış verməkdə, kitabı hazırlayarkən erməni mənbələrinə istinad etməkdə təqsirləndirirlər və s. Qərbi Azərbaycan ziyalıları ilə yanaşı, kitabla bağlı tənqidi fikirlər bildirənlərdən biri də politoloq, professor Qabil Hüseynli oldu. Onun bu prosesə qoşulması hadisəni daha çox aktual etdi.
Son həftələr mətbuatın gündəmindən düşməyən məsələ ilə bağlı hazırda xaricdə olan "Haqq-nahaq seçilər haqq divanında" kitabının müəllifi N.Əhmədli ilə internet vasitəsilə əlaqə saxlayıb müsahibə götürdük.
- Nazir müəllim, Sizin kitabınız nəşr edildikdən sonra kitabla bağlı müxtəlif rəylər, fikirlər meydana çıxdı. Bunu da qeyd edək ki, "Haqq-nahaq seçilər haqq divanında" kitabı təqdir deyil, daha çox tənqid edildi. Bu tənqidə səbəb nə idi?
- Əslində, kitabımla bağlı bu cür qalmaqal yaranmasına heç bir səbəb yoxdur. Çünki kitabda əks olunan məlumatların hamısı tarixi faktlara söykənir.
- Hansı sənədlərdən, faktlardan istifadə etmisiniz?
- Məlumat üçün deyim ki, mən əvvəlcə Dərələyəz mahalının, sonra isə Göyçə mahalının "Kameral təsvir sənədi" adlı kitabı çapa hazırlamışam. Bu kitablarda 1831-1842-ci illərdə həmin mahallarda yaşayan müsəlman əhalinin adbaad siyahısı verilib. Məsələn, bütün tarixçilərimizin istinad etdiyi Şopen adlı müəllifin "Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə aid tarixi abidə" (S.Peterburq, 1852) kitabında 1831-ci ildə Göyçə mahalında 999 müsəlman ailəsinin və bu müsəlman ailəsində isə 5607 nəfər müsəlmanın yaşadığı göstərilirdi. Siz bu faktları bizim bütün tarix kitablarında görə bilərsiniz. Hətta 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu "İrəvan xanlığı" adlı bir kitab hazırlayıb çap etmişdi. Həmin kitab cənab Prezident tərəfindən Dövlət Mükafatına layiq görülüb. "İrəvan xanlığı" kitabı da daxil olmaqla, Şopenin kitabına istinadən Azərbaycanda bir sıra qiymətli kitablar hazırlanıb.
- Şopen o faktları haradan əldə etmişdi ki?
- Fransız əsilli rus məmuru İvan Şopen İrəvanla Naxçıvan xanlıqlarının yerində yaradılan inzibati idarənin müşaviri vəzifəsində çalışırdı. Tarixşünaslığımız üçün bu müəllifin adını çəkdiyim kitabı vazkeçilməz bir mənbə sayılır. Dediyim kimi, Şopen öz kitabında 1831-ci ildə Göyçə mahalında 5607 nəfər müsəlmanın yaşadığını göstərirdi. İndiyə qədər yazılan bütün tarix kitablarında, o cümlədən də "İrəvan xanlığı" kitabında da əhalinin adı çəkilmir, ancaq sayı qeyd edilirdi. O cümlədən də Göyçədəki kəndlərdə müsəlman əhalinin yaşadığı 35 kənddə neçə ailənin və hər kənddə, hətta hansı ailədə neçə qadının və kişinin olduğu qeyd edilirdi. İlk dəfə "Göyçə mahalının kameral təsviri" kitabını çap etməklə həmin müsəlman əhalinin adbaad siyahısını vermişəm. Mən həmin 5607 nəfərin hamısının adını tarix arxivlərindən əldə edib, o faktları kitab şəklində çap edib o insanların hazırda yaşayan nəvə-nəticələrinə hədiyyə etmişəm. Bu kitab onlar üçün çox qiymətli hədiyyə sayıla bilər. Bu nəşrin elmi redaktoru hazırda Kanadada yaşayan, Azərbaycanda bu ilk cığırı açan və bu sahənin patriarxı sayılan Usaməddin Məmmədovdur. O, həmçinin, mənim "Göyçə mahalının kameral təsviri" kitabımın da elmi redaktoru olub. Əlavə olaraq bu kitabın məsləhətçilərindən biri Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli idi. Onların hər ikisi də çox savadlı, yüksək səviyyəli ziyalılardır. Kitab üçün yazdığım ön sözə onların hər ikisi baxıb düzəlişlər ediblər.
- Demək istəyirsiniz ki, kitab elmi cəhətdən tam saf-çürük edilib?
- Bəli. Haqqında danışdığım kitabım ön sözlə bərabər çap olunub. Bu kitabın elmi cəhətdən qiymətinə heç bir söz ola bilməz. Haqqında söhbət gedən "Haqq-nahaq seçilər haqq divanında" kitabı da məhz "Göyçə mahalının kameral təsviri" kitabının əsasında yazılıb. Yəni burada, 1831-1842-ci illərdə Aşıq Ələsgər və onun ailəsi həmin 5607 nəfər müsəlmanın içərisində olmalı idi. Çünki indiyə kimi folklorşünaslığımızda, ədəbiyyatşünaslığımızda bütün alimlər, o cümlədən də Aşıq Ələsgərin nəvəsi və tədqiqatçısı İslam Ələsgərov bəlkə yüz dəfə yazdıqları məqalə və kitablarında Aşıq Ələsgərin 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulduğunu qeyd edirdilər. Amma həmin kameral təsvir sənədindən məlum oldu ki, nəinki 1821-ci ildə, hətta 1831-ci ildə hələ Ağkilsə kəndində heç kim yaşamırdı. Göyçənin 59 kəndində yaşayış var idi ki, onların arasında Ağkilsə kəndi hələ yox idi. 67 kəndində isə hələ yaşayış yox idi.
- Göyçə bizim tarixi dədə-baba yurdumuzdur. Ağkilsə kəndinin də ki, tarixi qədimdir, "orada heç kim yaşamırdı" fikrini necə izah edərdiniz? Buna səbəb nə idi?
- Çünki Göyçə mahalı 1735-ci ildən Nadir xan tərəfindən osmanlılardan geri alınandan sonra bura 80 ilə yaxın boş qalmışdı. Səbəbi isə Göyçənin dağıntılara məruz qalması idi. Bu dağıntının yaratdığı fəsadlar nəticəsində kənd yaşanası vəziyyətdə deyildi, bu səbəbdən də burada əhali yaşamırdı. Rusların bura növbəti hücumundan ehtiyat edən İrəvan sərdarı Hüseynqulu xan İranın Sulduz və digər vilayətlərindən qarapapaq adlanan türk əhalini köçürüb burada yerləşdirmişdi ki, qarapapaqlar ruslara qarşı müharibədə ona kömək etsinlər. Şərt də bu idi ki, həmin əhalidən heç bir vergi alınmayacaq. Bunun müqabilində Göyçəyə köçürülən qarapapaqlar döyüşə min nəfər süvari atlı, qonşu Dərəçiçək mahalında yerləşdirilən qarapapaqlar isə 600 nəfər süvari çıxarmalı idi. Bunların hərbi mükəlləfiyyətinin əvəzində onlar bütün vergilərdən azad olunmuşdular. Beləliklə, 1831-1842-ci illərə aid olan bütün kameral təsvirləri nəzərdən keçirərkən məlum oldu ki, Aşıq Ələsgərin ailəsi siyahıların heç birində yoxdur. Axtarışlar nəticəsində Ələsgər haqqında məlumatı nəhayət ki, 1859-cu ildə Göyçə mahalı üzrə tərtib edilən kameral siyahıda aşkar edə bildim. Burada Ələsgərin 7 yaşı olduğu qeyd edilir, atası Alməmmədin isə 35 yaşı olduğu göstərilir. Buradan məlum olur ki, indiyə qədər yazıldığı kimi, Allahverdi onun babası yox, əmisidir. Yəni Allahverdi Ələsgərin atası Alməmmədin özündən on yaş böyük qardaşıdır. Burada Allahverdinin övladlarının adları da qeyd edilib. Allahverdinin üç övladının adını mən burada təsbit etdim. Onlardan birinin adı Haqverdi, o birinin adı Kərim, üçüncü oğlunun adını isə təəssüf ki, unutmuşam.
- Amma Sizin qeydlərinizlə razılaşmayanlar çoxdur...
- Tutaq ki, 1859-cu ildə Ələsgərin 7 yaşı yox, daha artıq olubsa və indiyə qədər iddia edildiyi kimi, 1821-ci ildə doğulubsa, onda onun 38 yaşı olmalı idi. Halbuki, 1859-cu ildə onun atası Alməmmədin 35, əmisi Allahverdinin isə 45 yaşı olduğu göstərilir. Onda belə çıxır ki, Aşıq Ələsgər atasından cəmi 7 yaş kiçik idi. Halbuki, belə deyil, bu sənəddə onun bütün qohumları ilə yaş münasibətləri göstərilib. Ailəsi və yaxınları ilə yaş münasibətləri bir-birilə uyğundur. 1873-cü ilin kameral siyahısı tərtib edildikdən 14 il sonra yeni tərtib olunan növbəti kameral siyahıda da onların hamısının adları var və yaş nisbəti yenə də hamısında gözlənib. Hər birinin yaşında 14 il artım var. Belə çıxır ki, Aşıq Ələsgərin yaşını düzgün qəbul etməyən qohumları və bir sıra qaraguruhçular kiminsə tərəfindən yaşının azaldıldığını iddia edirlərsə, onda fikirləşməliyik ki, təkcə Ələsgərin ailəsi yox, həm də əmisinin ailəsinin yaşı bütün kameral təsvirlərdə bilərəkdən dəyişdirilib, azaldılıb. Əlbəttə, bu çox gülməli epizod, fakt, iddia ola bilərdi. Çünki bu kameral təsvirləri ayrı-ayrı rus məmurları tərtib ediblər və bu rus məmurlarının da bu iki qardaşın ailəsi ilə nə düşmənçiliyi ola bilərdi? Yaxud siyahını dəyişmək Çar Rusiyasının nəyinə lazım idi, burada onun nə xeyri var idi ki, onların yaşlarını azaltsın?
O vaxtkı Rusiya qanunlarını yadınıza salmaq istəyirəm. Çar Rusiyası dövründə qadınlar vergidən azad olunurdu, oğlan uşaqları isə 15 yaşına qədər vergiyə cəlb olunmurdular. Ancaq onlar 15 yaşa çatdıqdan sonra dövlətə "baş pulu" deyilən vergi ödənilirdi. Bu pulun məbləği bizim indiki pulla təxminən 120 manat idi. Onlar ömrünün axırına qədər hər il 1 manat 20 qəpik gümüş pul vergisi ödəyirdilər. Ona görə də rus məmuru, əslində, saxtakarlıq etsəydi, uşaqların yaşını böyük göstərib vergi alardı. Uşağın yaşını atasından soruşub yazırdılar. Ona görə də əhalinin sayının az göstərilməsi və kişi cinsindən olan adamlardan kimlərinsə yaşının azaldılması uydurmadan başqa bir şey deyil.
- Narazılıqlar səngimək bilmir. Sizə qarşı çox sərt ittihamlar səsləndirilir. Bu narazılıqlar nədən qaynaqlanır?
- Kitabla bağlı narazılığın olması mənə təbii görünür. Çünki onillər boyu yaranmış stereotipləri dağıtmaq, heç kimin gözləmədiyi halda, nəsə bir elmi həqiqətlərin ortaya çıxması bu həqiqətləri qəbul etməyən adamların buna psixoloji cəhətdən hazır olmadığını göstərir. Mən dəfələrlə izah etmişəm ki, Aşıq Ələsgərin yaşı onun dahiliyinə heç bir kölgə salmır. Yəni indiyə qədər iddia olunduğu kimi, 105 il yaşamasın, mənim üzə çıxardığım kimi, 74 il yaşasın, lap 50 il yaşasın, Aşıq Ələsgər Aşıq Ələsgərdir, o dahidir. Aşıqlıq sənətinin zirvəsidir. Və yazmışam ki, ölümündən keçən 91 il ərzində hələ də Aşıq Ələsgər zirvəsinə yaxınlaşan ikinci bir şəxsiyyət olmayıb. Mənim kitabımın təxminən 150 səhifəsi Aşıq Ələsgərə həsr olunub. Onun yaradıcılığında, şeirlərində olan təhrifləri göstərmişəm və onların bərpasına çalışmışam, həm də Aşıq Ələsgərlə də söhbət bitmir, bu kitabda Aşıq Ələsgərdən başqa 5 böyük aşığımızın da doğum tarixi müəyyənləşdirilib ki, onlardan da biri Aşıq Ələsgərin ustadı Aşıq Alıdır...
- Aşıq Alı ilə də bağlı Sizi tənqid edənlər çoxdur. Bildirirlər ki, Siz Aşıq Alını kürd, yaxud ayrım kimi təqdim etmisiniz. Ciddi ittihamdır. Onlar nə dərəcədə haqlıdır?
- Məlum oldu ki, o da, yazıldığı kimi, 1801-ci ildə deyil, 1835-ci ildə doğulub. Özü də indiyə qədər, yazıldığı kimi, Göyçənin Qızılvəng kəndində deyil, Şişqaya kəndində anadan olub. 1850-ci il ərəfəsində onun ailəsi əmisi Nəbinin ailəsi ilə birgə Şişqaya kəndinən köçüblər. İndiyə kimi bir neçə nəfər - Şamil Əsgərov, Əli Əmirov və başqaları Aşıq Alının kürd millətinə mənsub olduğu fikrini irəli sürsələr də, bu hadisə çox böyük qalmaqala səbəb olmuşdu. Aşıq Alının müdafiəçiləri onun kürd olduğunu inkar edirdilər. Ustadın müdafiəçiləri haqlı idilər. Mən əldə etdiyim sənədlərlə sübut etdim ki, Aşıq Alı doğrudan da kürd deyil, türkdür, ayrımlı tayfasına mənsubdur. Aşıq Alı kürd yox, xalis türkdür.
Beləliklə, bu kitaba qarşı irəli sürülən iddiaların hamısı qərəz və bədxahlıqdan başqa bir şey deyil. Bu adamlara elə gəlir ki, Aşıq Ələsgərin 105 il yaşaması ilə bağlı faktı üzə çıxarmaqla onun dahiliyinə kölgə düşür, halbuki, belə deyil. Mən dönə-dönə iddiaçılara izah etdim ki, Mikayıl Müşfiq cəmi 29 il yaşayıb, Cavid 59 il yaşayıb. Hətta həzrəti peyğəmbərimizin 63 il yaşadığını onların yadına saldım. Yəni yaş məsələsi şəxsiyyətlərin dahiliyinə heç bir kölgə salmır. Amma nə etmək olar, qərəzli adam öz qərəzindən əl çəkmir, sözlərini dəfələrlə təkrar edir. Yüz dəfə, min dəfə onlara izah etsəm də, öz qərəzli fikirlərindən əl çəkmirlər. Öz fikirlərində qalıb çirkin əməllərini davam etdirirlər.
- Nazir müəllim, Sizə qarşı yönələn iddialardan biri də kitabınızın erməni mənbələri əsasında yazılması haqqındadır. Siz kitabı yazarkən erməni mənbələrindən istifadə etmisinizmi?
- Qeyd etdiyim kimi, istinad etdiyim "Kameral təsvirlər" Çar Rusiyası məmurları tərəfindən tərtib edilib. Erməni mənbələrindən istifadə etməmişəm. Bu siyahının tərtib edilməsində məqsəd onların təzə işğal etdikləri ərazilərdə invertarlaşdırma işlərinin aparılması olub. Bu siyahıyaalınmaya yalnız insanların adları, yaşları daxil deyildi, dövlətə və kəndlilərə məxsus mülkiyyətin hamısı inventarlaşdırılırdı. Ərazisi, coğrafiyası, təbii ehtiyatları və s. bura daxil idi. Bu kameral təsvirlər Naxçıvam və İrəvan xanlıqlarının ərazisində 6 dəfə tərtib olunub. Bunlardan birincisi 1831-ci ildə, 1842, 1852, 1859, 1873 və nəhayət ki, 1886-cı illərdə. Bu kameral təsvirlərin birincisi 1831-ci ildə Şopenin rəhbərliyi altında tərtib olunub. O biriləri isə başqa rus məmurları tərəfindən tərtib olunub. Məsələn, 1842-ci ildə tərtib edilən "Göyçə mahalının kameral təsviri"ni Aleksandr Koralov adlı bir məmur həyata keçirmişdi...
(Ardı var)
İradə SARIYEVA