Tarixi şəxsiyyət Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olub. Atası Əbdülhüseyn bəy, anası Şirinbəyim xanımdır. Üzeyir bəyin atası Əbdülhüseyn öz dövrünün savadlı, ziyalı şəxslərindən biri olub. O, XIX əsrin tanınan dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşudbanu Natəvanın mirzəsi olub və onun Ağcabədidəki təsərrüfatına başçılıq edib. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən olub.
Üzeyir Hacıbəyov ilk təhsilini Şuşada ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Üzeyirin musiqi tərbiyəsinə müstəsna təsir edib. Onun ilk müəllimi Azərbaycan musiqisinin bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında bu seminariya böyük rol oynayıb. Üzeyir bəy seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Qori Seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayevlə tanış olub. Seminariya illərindən başlayan bu dostluq sonralar həm də qohumluğa çevrilib. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohumluq əlaqəsi yaradıblar. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev isə Badigülcamal xanım Terequlova ilə evlənib.
Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib, bu məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs deyib. 1905-ci ldə Bakıya gəlib və burada ədəbi-publisistik fəaliyyətə başlayaraq "Həyat" qəzetində tərcüməçi işləyib. 1907-ci ildə rus yazıçısı Nikolay Qoqolun "Şinel" povestini Azərbaycan dilinə tərcümə edib.
Üzeyir Hacıbəyov 1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya gedib və filarmonik cəmiyyətin nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almağa başlayıb, fəqət maddi ehtiyac üzündən musiqi təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmağa məcbur olub. Burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olub.
Üzeyir Hacıbəyov 1910-cu ildə Məleykə xanımla ailə həyatı qurub. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı xalq düşmənləri sırasında səslənməyə başlayıb. 1920-ci ildə bəstəkarı güllələmək istəyiblər. Fəqət bu təhlükə bir təsadüf nəticəsində sovuşub. Üzeyir bəyin qaynı əqidəcə qatı bir kommunist idi. Bir gün o, təsadüfən təhlükəsizlik idarəsi şöbə müdirinin masasının üstündə haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür və tez Nəriman Nərimanovun yanına gedərək vəziyyəti ona danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Siyahını ona gətirdikdə tələm-tələsik qərar çıxaranı günahlandırır və siyahını cırıb atır.
Üzeyir Hacıbəyov Azərbaycan musiqisində köklü dönüş yaradan dahi bir bəstəkardır. O, XIX-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini zənginləşdirib və ümumiyyətlə Şərq musiqisinin inkişaf perspektivlərini müəyyənləşdirib. Yəni müasir Azərbaycan elmi müsiqişünaslığının əsasını qoyub. Sovet dövründə bütün isti-soyuqlara dözərək, milli musiqimizin şəriksiz lideri olaraq qalıb, ilk bəstəkarlar və ifaçılar nəslini formalaşdırıb.
Zaman Üzeyir bəyi əridə, uda bilməyib, onun dayanmadan böyüyən, şöhrətlənən şəxsiyyətinə ehtiram göstərməli olub. Onun "Koroğlu" operası və "Azərbaycan xalq musiqisinin əsasları" adlı əsərləri Üzeyir Hacıbəyovun kimliyini bir daha təsdiqləyib. Onun dalbadal SSRİ Ali Sovetinə deputat seçilməsi, ali mükafatlara və titullara - Azərbaycan SSR xalq artisti, SSRİ xalq artisti adlarına, Stalin mükafatına, Lenin və "Qırmızı Əmək Bayrağı" ordenlərinə layiq görülməsi, Azərbaycan Elmlər Akademiyasına seçilən ilk akademiklərdən biri olması, Konservatoriyaya rektor, Akademiyanın İncəsənət İnstitutuna direktor təyin olunması, Bəstəkarlar İttifaqının sədri seçilməsi və s. xalqa təmənnasız xidmətdən doğan ədalətin təntənəsi olub. Dövrün korifey musiqiçiləri D.Şostakoviç, S.Prokofyev, D.Kabalevski, İ.Muradeli ona Şərqin ən böyük bəstəkarı kimi baxıb, hədsiz rəğbət və hörmət göstəriblər.
Üzeyir bəy 1905-ci ildə "Həyat" qəzetində yazırdı: "Avropalılar bu dünyaya ana bətnindən mədəniyyətli düşməyiblər... Biz türklər də əl-ələ verib, cümləmiz mədəniyyət və mərifət sarayına daxil olmalıyıq. Bu dünyada bəzi fasid və məfsud şəxslər belə bir fürsəti həngamda bizlərə xələl yetirir..." Tarixin bu "ölüm-qalım" məsələsini aydın dərk edən Üzeyir bəy sonrakı 43 illik həyatını xalqımızın tarixin mədəniyyət və mərifət sarayına layiqincə daxil olmasına sərf edib.
Bu dahi insanın şəxsiyyəti ali keyfiyyətlərlə - dərin hissiyyat, güclü zəka, tükənməz enerji və bol şəfqətlə tamamlanmışdı. Üzeyir sənəti ayrı-ayrı bədii iradə sahələrini əhatə edərək estetik bütövlük təşkil edir. Üzeyir bəyin dünya səviyyəsində tanınan bəstəkarlığını onun filosofluğu, ədibliyi, müəllimliyi, rejissorluğu, təşkilatçılığı, ictimai xadimliyi bəzəyir. O, sözünü, məramını birbaşa və dolayısıyla, ciddi və yumorla, yumşaq və kəskinliklə rahat və bitkin ifadə etməyi bacarırdı.
Azərbaycan ictimai-mədəni mühitinin tələbatını dərindən duyub-anlayan Üzeyir bəy "Həyat" qəzetində tanış olduğu, "Kaspi" redaksiyasında isə əməkdaşlıq etdiyi "Milli ziyalıların atası" Həsən bəy Zərdabini arzu və istəklərinin misilsiz daşıyıcısı kimi kəşf etmişdi. Qısa müddətdə Üzeyir bəy böyük ustaddan məfkurə dərsi almış, bir sıra sahələrdə estafeti ondan qəbul edib irəli aparmışdı. Şuşanın təbii konservatoriyasında çalıb-oxumağı öyrənmiş, Qori Seminariyasında həm də musiqi təhsili almış Üzeyir Hacıbəyov onun bu qabiliyyətini görüb-qiymətləndirən böyük Həsən bəyin istəyini göyərdərək 1906-1907-ci illərdə Şərqin ilk operası "Leyli və Məcnun"u ərsəyə gətirib, 1908-ci il yanvarın 25-də H.Z.Tağıyevin milli teatrında bu muğam operası uğurla oynanılıb.
Müəllimliyi publisistika ilə, qəzetçiliyi ictimai fəaliyyətlə, mədəni təşkilatçılığı bəstəkarlıqla qovuşduran Üzeyir bəy bir neçə ildə misilsiz bir istedadla dalbadal "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm", "Arşın mal alan" musiqili əsərlərini və komediyalarını yaradıb. O, musiqi fəaliyyətini əvvəlcə "Necat" cəmiyyətinin teatr truppası ilə həyata keçirib, 1914-cü ildə isə teatr cəbhəsində ona qoşulan qardaşları ilə birlikdə davam etdirib.
Üzeyir bəy 1918-ci ilin mart soyqırımı günlərində erməni terrorundan yaxa qurtararaq truppa ilə birlikdə bir neçə aylığa İrana səfər edib, burada tamaşalar hazırlayıb. Təəssüf ki, Sovet dövründə bu məcburi mühacirət "qastrol" kimi qələmə verilib. Azərbaycan Cumhuriyyətinin elan olunmasını həyat və mübarizə məramının gerçəkləşməsi kimi qarşılayan Üzeyir bəy 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını erməni-daşnak, rus-bolşevik, ağqvardiyaçı və ingilis işğalından azad etdikdən sonra Vətənə dönüb, "Azərbaycan" qəzetindəki publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti ilə milli dövlət quruculuğuna bacardığı qədər kömək göstərib. Bu dövrdə Üzeyir Hacıbəyov Cumhuriyyət himnini və bir sıra marşlarını yazıb.
Üzeyir Hacıbəyov 1920-ci ilin aprel ayında hakimiyyətin bolşeviklərə verilməsinin qəti əleyhdarı olub, ömrü boyu bunun acısını çəkib. O, bir neçə dəfə repressiyadan xilas olub, ayrı-ayrı illərdə təqib və qınaqlara məruz qalıb. Bu dövrdə Siyasi İdarəyə rəhbərlik edən Mircəfər Bağırov da Üzeyir bəyi bacardığı qədər qoruyub. Yaranmış vəziyyətə baxmayaraq, 1920-1930-cu illərdə Üzeyir bəyin əsərləri səhnədən düşməyib. O, imkan verildiyindən artıq dərəcədə milli-mədəni quruculuqda iştirak edib. Milli Konservatoriyanın, bir sıra mədəni təsisatların və musiqi kollektivlərinin formalaşdırılması, xalqın musiqi irsinin toplanması və öyrənilməsi, milli musiqi nəzəriyyəsinin və bəstəkarlıq məktəbinin yaradılması kimi tarixi işlər də o dövrdə Üzeyir bəyin rəhbərliyi və fəal iştirakı ilə həyata keçirilib.
Üzeyir bəyin bu ictimai-mədəni fəaliyyəti, nadir istedadının parlaq əsərləri ona qarşı yönələn fitnə və qəsdlərin fövqündə dururdu. Yeni yaradılan sovet mədəniyyətinin o illərdə Üzeyir bəysiz keçinməsi sadəcə olaraq mümkün deyildi. Beləcə, XX əsrin 20-30-cu illəri Üzeyir Hacıbəyovu təkcə Azərbaycanda deyil, SSRİ-də və dünyada Qərb musiqi janrlarında müxtəlif əsərlər yazması, xüsusən 1932-1937-ci illərdə "Koroğlu" operasını yaratması Üzeyir bəyi daha da məşhurlaşdırdı. Dahiyanəliklə yazılan bu əsər müəyyən mənada Üzeyir bəyi 1937-ci ilin repressiyasından da xilas etdi. Ayrı-ayrı tədqiqatçıların məlumatlarından məlum olur ki, Üzeyir bəyin Sovet dövründə sağ qalması və yazıb-yaratması həm də kommunist diktator İ.Stalinin onu 1905-1907-ci illərdə Bakıdan şəxsən tanıması və sonralar unutmaması ilə bağlıdır. Görünür, M.Bağırov da Stalinin göstərişilə Üzeyir bəyin yaradıcılıq imkanlarını hörmət və ehtiramla artırıb, mövcud cəmiyyətdə nüfüzunu təmin edib.
Çağdaş Azərbaycan musiqisinin banisi, korifey bəstəkar, qüdrətli söz adamı, istiqlalçı publisist, bunlardan əlavə misilsiz mədəniyyət qurucusu, parçalanmış Vətənini, bölünmüş xalqını ümummədəni məcrada birləşdirən nadir ictimai xadim, milli mədəniyyətimizi dünyaca yüksəkliyə qaldıran nəhəng şəxsiyyət... Bunlar Üzeyir Hacıbəyovun ilk xatırlamada yada düşən keyfiyyətləri və xidmətləridir. Bu qədər çoxtərəfli, tarixi mənbələrə və gələcək hədəflərə bağlı, milli-məfkurəvi, ictimai-mədəni vəzifə daşımış bu insan bir ailənin və nəslin qismətinə deyil, bütün xalqının taleyinə doğulmuşdu.
1948-ci ildə milli varlığın xalis materialından yoğrulmuş, zəkasını və ruhunu millət xəmirinə qatmış, nadir dahilərin sırasında ölməz şəxsiyyətini qoymuş Üzeyir Hacıbəyov əbədiyyətə qovuşanda Məhəmmədəmin Rəsulzadə xaricdə çıxan "Azərbaycan" qəzetində belə yazmışdı: "Başda bir həvəs olaraq işə başlayan Üzeyir sonra öz-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayı mənasıyla avtoritetini hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Fəqət beyhuda, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, Moskvada çiyni diktatorun əli ilə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə əlaqələri olmayan komissarlar növbədə dursalar da, Üzeyiri Azərbaycan mədəniyyətindən və Azəri-Türk tarixindən kimsə ayıra bilməz! O, milli Azərbaycan varlığının dayanaqları arasında qalacaq ayrılmaz bir dəyərdir!"
Peşəkar musiqimizin banisinin yubileyləri respublika və SSRİ miqyasında, 100 illiyi isə YUNESKO tərəfindən təntənə ilə qeyd olunub.
Üzeyir bəyin dəfn mərasimi də şəxsiyyətinin nəhəngliyinə və sənətinin əzəmətinə layiq olub. Bu dəfn mərasimi Azərbaycan tarixinə ən ağrılı matəmlərdən, ən izdihamlı vidalaşmalardan biri kimi düşüb.
Üzeyir Hacıbəyov 1948-ci ildə ağır xəstəlikdən sonra noyabrın 23-də görkəmli ziyalıların əhatəsində 63 yaşında dünyaya gözlərini əbədi yumub.
Milli musiqimizin atasının cismani yoxluğu onun möhtəşəm sənətini soldura, yaratdığı məktəbi yox edə bilmədi. Üzeyir bəy Azərbaycan xalqının ölməz ruhundan doğularaq onun milli varlığına qarışıb. Bu, həqiqi mövcudluq, ruhi ölməzlikdir!
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor