Fəzail İsmayıl: "Atamgil Hüseyn xan Şamlının nəslindəndir"
Şair kimdir? Dərdini yamaclara səpib çiçək bitirənlər deyilmi? Gözlərində göz yaşı şeh olan, ürəklərində qara sevda sızıltıları yaşadanlardır şairlər. Ümidləri bir dünya boyda olur. Ömrün altmışında uşaq sadəlövhlüyünü, körpə saflığını saxlaya bilir əsl şair. Qadını da belədir, kişisi də. Saf olmayan adam şair ola bilməz deyirlər.
Müsahibimiz gözü, könlü duru, dövlətə, dövlətçiliyə, milli maraqlara bağlı prinsipial bir şairdir. Bu şair, həmçinin, gözü-könlü dağ havası kimi durudur. 60 yaşı tamam olan həkim-şair Fəzail İsmayıl redaksiyamızın qonağı oldu.
- Fəzail müəllim, 60 yaşınıza xoş gəlmisiniz? 60 yaş elə-belə yaş deyil, insanın kifayət qədər formalaşdığı, təcrübə qazandığı, fəaliyyətinin və yaradıcılığının yetkin dövrüdür. Bu illər Sizə nə qazandırdı?
- Mənə bu illər çox şey qazandırdı. Eyni zamanda itkilərim də çox oldu. Mən anadan şair doğulmuşam. Cərrah kimi də həmişə vicdanlı olmuşam. Mən heç vaxt əməliyyat etdiyim xəstələrdən pul ummamışam. Pul uman həkimlərə də pis baxmışam. Bilirsiniz, mənim əməliyyat etdiyim xəstələr sağalandan sonra nə zamansa vəfat edəcək. 12 il cərrahi əməliyyat apardım, bir xəstəm ölmədi. Amma mən bu illər ərzində ölməz şeirlər yaratmışam.
- Heç olubmu şair olduğunuza görə təəssüf hissi keçirəsiniz?
- Qətiyyən. Amma şair olduğuma görə çoxlarının qınağına tuş gəlmişəm. Mən həqiqətən də mahir cərrah olmuşam. 5-6 yaşım olanda riyaziyyatdan ən çətin misalları həll etmişəm. Özü də cərrahiyyə əməliyyatı aparanda da, riyaziyyatdan misal-məsələ həll edəndə də həmişə aşıq mahnısı oxumuşam.
Niyazi, akademik Məmmədcəfər Cəfərov, Mustafa bəy Topçubaşov, İsmayıl Şıxlı, Teymur Əhmədov, Nəriman Həsənzadə mənə həmişə dayaq olurdular. Mən o vaxt Yazıçılar İttifaqının üzvü deyildim, amma İsmayıl müəllim mənə qayğı göstərir, Sabir Hacıyevə deyirdi ki, Fəzailə pul ver. Deyirdim ki, İsmayıl müəllim, Lenin təqaüdü ilə oxuyuram, mənə pul lazım deyil. Cavab verirdi ki, ay oğul, özünə lazım deyilsə, götür, kasıb-kusuba ver. İsmayıl Şıxlı deyirdi ki, gəl Yazıçılar Birliyinin üzvü ol, olmaq istəmirdim.
- Amma indi üzvüsünüz.
- Bəli. Mənim bu gün vəziyyətim çox ağırdır. Özüm də, həyat yoldaşım da ikinci qrup əlilik, qızımız astma xəstəsidir. Maaşla dolanmaq çətindir. Kitablarımın nəşrinə pul lazımdır. İstəyirəm ki, heç olmasa mənə də birillik Prezident təqaüdü verilsin. Anar müəllimlə görüşüb dərdimi demək istəyirəm, ancaq mane olan qüvvələr var. Çox istəyirəm ki, o, problemlərimlə maraqlanıb məni qəbul etsin. Çox arzu edərdim ki, heç olmasa təmənnasız xidmətimə görə 60 illiyimdə təqaüd alım. Buna çox ehtiyacım var.
- Fəzail müəllim, Sizin yaradıcılığınızın leytmotivini milli birlik təşkil edir. Heydər Əliyevlə də bağlı saysız şeir, bir neçə poema yazmısınız. Bu haqda danışardınız...
- Haqlısınız, yaradıcılığımın əsas ana xəttini ikiyə bölünmüş Azərbaycan və onun müqəddəratını düşünən övladları təşkil edir. Bu mənada, Vətənin çevik düşüncəli, dərrakəli övladlarının bu yöndə apardığı mübarizəni əsas götürmüşəm. Şəxsiyyətlərə həsr etdiyim şeirlərin sonunu mütləq Azərbaycanın birliyi ilə bağlamışam. Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gələndə ona həsr etdiyim "Heydər babam qüdrətim" şeirimdə deyirdim:
Mən halalam, məndə zərrə haram yox,
Fırıldaqla, kələkbazla aram yox.
Varlı mənəm, çox da pulum-param yox,
Mənim azad dövlətimdir sərvətim,
Dinlə məni, Heydər babam, qüdrətim.
Mən ki, sənə əbəs könül vermədim,
Əbəs səndən söz sarayı hörmədim.
Ana yurdu sən tək sevən görmədim,
Düşündükcə qaynar qanda cürətim,
Bu, Heydər Əliyevə həsr etdiyim poemadan parçadır.
- Yeri gəlmişkən, deyirsiniz ki, Siz Heydər Əliyev haqqında şeir, poema yazanda çox adam susurdu. Heydər Əliyevə neçə poema, şeir həsr etmisiniz?
- Mən Heydər Əliyev haqqında yazanda hətta çoxları danışmırdı. Ən ilkin danışanlardan biriyəm. 1987-ci ildə ona "Qurtar, Heydər baba, milləti dardan" adlı şeir həsr etmişəm. O şeirim o vaxt dillər əzbəri idi. Çətin dövr idi, o vaxt bu şeirləri üzə çıxarmaq olmurdu. Ancaq o şeiri ali məktəblərdə, Yazıçılar İttifaqının tədbirlərində, "Yazıçı" nəşriyyatında, ictimai-siyasi fəallıq olan yerlərdə oxuyurdum. 1989-cu ildə öz şeirimi açıq deyəndə, bir dəfə hündürboy, yekəpər bir oğlan yaxamdan yapışıb mənə dedi ki, səni pəncərədən bayıra ataram, bu şeiri yığışdır. Dedim atırsan at, amma Heydər Əliyevin hakimiyyətə gəlməyinə və onun müqəddəratında misilsiz rol oynamağına mane ola bilməzsiniz. Heydər Əliyev hələ milləti qarşısında öz missiyasını, tarixi xidmətini bundan sonra edəcək. Həmin adamla bir də 1992-ci ildə Nizami Gəncəvinin heykəli qarşısında rastlaşdıq, onda da mənə təzyiq göstərdi. Mən də ona dedim ki, sizin hakimiyyətinizə yox, Heydər Əliyevə qəlbimdə böyük inam var. "Naxçıvan" qəzeti nəşr olunandan orada ən fəal çıxış edənlərdən olmuşam. Yadımdadır, 1993-cü ilin yanvar ayında bu qəzetdə çap etdirdiyim "Bütün millət Heydər Əlirza oğlunu sevir" yazım o dövrdə böyük əks-səda yaratdı. Bundan başqa, "Vətən səsi" qəzetində şeir və məqalələrim çox çap olunub. Bu qəzetdə "Yoxsa nankor olarıq" yazım çıxmışdı. O yazı da səs-küy salmışdı. Mən Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi quruculuq işlərindən, onun xalqımıza, ədəbiyyatımıza bəxş etdiyi məsələlərdən danışırdım. O, sovet illərində də Azərbaycanın müstəqilliyi üçün işlər görürdü. Bütün bunları etiraf edir, qələmə alır və insanları nankor olmamağa çağırırdım. Bu yazıları yazmaq çətin olsa da, şərəfli idi. Hər an ölümlə üzləşirdin. Mən bütün bunları təmənnasız edirdim. Günü bu gün də təmənnasızam. Heydər Əliyev hakimiyyətə gələnə qədər mənim ona həsr etdiyim 60-a qədər şeirim, 3 poemam - "Nicatımız milli birliyimizdədir", "Qalib gəlmək istəyiriksə", "Allahımdan diləyim" çap olunub, məqalələrimin də sayını bilmirəm.
- Söhbət öncəsi dediniz ki, saysız şeiriniz şəraitsizlik nəticəsində çürüyüb, ələ gəlməyib. Bu haqda danışardınız...
- Təəssüf ki, o vaxt böyük külliyyatım məhv oldu. O vaxt mənim sabiq dövlət məmurlarından biri ilə aramda ixtilaf yarandı. O mənə qarşı hədsiz təxribatlar törətdi, başıma oyunlar açdı, var-dövlətim əldən çıxdı və s. O vaxt şeirlərimi qorumaq üçün onları bir yerə yığıb həkim dostlarımın birinin evinin zirzəmisinə qoymuşdum. Amma xeyli müddətdən sonra gedib gördüm ki, onlar çürüyüb. Ömrü boyu pulumu kitaba vermişəm. Dünya ədəbiyyatını çox sevmişəm və müasir dövr ədəbiyyatından tutmuş, antik dövrdə yaşayan şairlərə, mütəfəkkirlərə qədər hamısının kitablarını əldə etmişəm. Dünya ədəbiyyatını dərindən bilirəm. Markesdən tutmuş, Esxilə, Sofokula, Aristofana, Misir, hind, yapon ədəbiyyatına qədər oxumuşam. Kitabları qaytara bilsəm də, şeirləri xilas edə bilmədim. Amma şeirlərim yaddaşımda qaldı.
- İndiyə qədər neçə kitabınız işıq üzü görüb?
- 15-ə yaxın. Hazırda da iki kitabımı nəşrə hazırlayıram, Allahın köməkliyi ilə onlar yaxınlarda çap olunacaq.
- Sizin dahi şairimiz Şəhriyarla şeirləşməniz var. Bu necə yarandı?
- "Ədəbiyyat" qəzetində "Bu gecə yuxuma girdi Şəhriyar" adlı şeirim çıxmışdı. Bir də "Azərbaycan poeziya almanax"ında Şəhriyara başqa bir şeir də yazmışdım.
Şəhriyarım, haqq şairim,
Adı dillər əzbərimsən.
Əbədiyyət nəğməkarım,
Min-min illər əzbərimsən...
Şəhriyar da mənə cavab yazmışdı:
Şair balam, baldan şirin söhbətin,
Ürək yaxar dəyanətin, himmətin,
Yayılar aləmə sənin şöhrətin,
Sadəsən, yox özgə boyağın, oğlum!
- Fəzail müəllim, dediniz ki, çox köklü bir tayfadan və nəsildənsiniz. Kimlər olub ata-babalarınız?
- Ata nəslimin də, ana nəslimin də taleyi çox maraqlıdır. Atamgil Hüseyn xan Şamlının nəslindəndir. Bizim tayfaya Böyükkişi xanların nəsli deyirlər. Şah İsmayıl Xətaini yetişdirən, onu şahlıq taxtında oturdan Lələ Hüseyn Xan Şamlıdır. Bu əzəmətli kişi ulu babamdır. Onun da 7 oğlu, bir qızı olub. Böyük oğlunun da adı Böyükkişi olub. Sonra həmin nəsildə kimin 7 oğlu, bir qızı olubsa, böyük oğul övladının adını dəyişib Böyükkişi qoyublar ki, nəslin adını yaşatsınlar. Sonuncu Böyükkişi babamın böyük qardaşı 1847-ci ildə Şəmşəddin elinin Xınna mahalında (sonra ora Qoşabulaq kəndi deyiblər - F.İ) anadan olub, 1994-cü ildə vəfat edib.
- Uzunömürlü olub.
- O, 147 il yaşayıb. Təhsilli, savadlı bir kişi idi. Ölümündən bir il qabaq yayda yanına getmişdim, kərənti ilə bağın qırağını biçirdi. 1937-ci ildən 50-ci illərin əvvəllərinə qədər 8 kəndin kolxoz sədri olmuşdu. "Müsavat" partiyasında Mir Cəfər Bağırovla birgə işləmişdi.
Ana nəslim isə Əfşarlardandır. Bu nəsildən olan Məhəmməd xan İrəvan xanı olub. 1746-cı ildə bu xanlığa başçılıq edib. Ən məşhur xanlardan biridir. O, Türkiyə sultanı IV Muradla Nadir şahı görüşdürüb ki, siz görüşün, İran-Turan məsələsini həll edin, ingilis, rus sizin qanınıza yerikləyib. Əfşarlar nəslindən üç ağa keçən əsrə qədər yaşayırdılar. Mənim anamın babası İsmayıl ağa Nakam şair olub, mənim də şairliyim ondan gəlmədir. Onlar üç qardaş olub. 36 yaşında öldürüblər. Həyat yoldaşı erkən ölüb, ondan Məsdər ağa adlı oğlu qalıb. İsmayıl ağa həyat yoldaşına vəfalı olub, onun ölümündən sonra heç vaxt evlənməyib, oğlunu böyüdüb. Anam Məsdər ağanın qızıdır. Məsdər ağa 1922-ci ildən 1938-ci ilə qədər sovet hökumətinə qarşı vuruşub. 1938-ci ildə İrana keçib, Ərdəbildə yaşayıb. Ata nəslim Ərdəbildən bura gəlib, ana nəslim isə burdan Ərdəbilə gedib. Məsdər ağa haqqında məşhur tənqidçi, Nizamişünas, professor Rüstəm Əliyev yazıb. O, bizim kəndə gəlib atamla görüşmüşdü. Bizim evimizə çox adamlar gəlib... Xatirələrim çoxdur. Sağlıq olsun, bu barədə də görüşüb danışarıq.
İradə SARIYEVA