Paşa Kərimov: "Bu əlyazmaların yaşı qədimdir və hər üçü tibb tarixinə aid əlyazmalardır" Ənvər Çingizoğlu: "Hesab edirəm ki, digər qiymətli əlyazmalarımız da bu proqramda öz əksini tapacaq" Qiymət Məhərrəmli: "Bu böyük uğurdur"
Azərbaycan mədəniyyətinin zəngin xəzinəsinə daxil olan maddi-mənəvi dəyərlərimiz yalnız özümüz üçün önəmli deyil, bu sərvət həm də beynəlxalq aləm üçün böyük əhəmiyyətə malikdir. Mənəvi xəzinəmizin beynəlxalq səviyyədə tanıdılması, eyni zamanda da qorunması olduqca zəruri məsələlərdən biri kimi gündəmdədir. Azərbaycan-UNESCO əməkdaşlığı nəticəsində xalqımızın mədəniyyət inciləri bütün dünyada tanıdılmaqdadır. Azərbaycanın zəngin mədəniyyət xəzinəsinə aid olan nümunələrin bəşəriyyətə verdiyi töhfələr haqqında çox yazılıb, çox danışılıb. Biz də vaxtaşırı olaraq bu barədə tədqiqat tipli yazılar hazırlamışıq.
Onu da vurğulayaq ki, milli mənliyimizin abidəsi, pasportu olan bir sıra dəyərlərimiz UNESCO tərəfindən qeydə alınıb, onlar müvafiq sertifikatlarla təmin olunub.
O da məlumdur ki, bir neçə il əvvəl xalqımızın ana abidəsi olan "Kitabi-Dədə Qorqud" eposu da UNESCO-da qeydiyyata alınıb. Dünya mədəniyyəti xəzinəsinə daxil edilən "Kitabi-Dədə Qorqud"un 1300 illiyi də UNESCO çərçivəsində qeyd olunub. Bundan başqa, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilən Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq və digər örnəklərimiz bəşəriyyətin incisi kimi qorunur. Onu da vurğulayaq ki, bu gün yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub saxlanması xüsusi əhəmiyyətə malikdir. Sözsüz ki, bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu məsələdə UNESCO-nun rolu, şübhəsiz ki, çox böyükdür.
Azərbaycan qədim elm və mədəniyyət mərkəzlərindən biri kimi bütün dünyada məşhurdur. Ölkəmizdə ayrı-ayrı şəxslərə, alimlərə, mədrəsələrə məxsus olan kitabxanalarda minlərlə nadir əlyazma qorunub saxlanılırdı. O əlyazmalar həmin çağlarda tədris vəsaiti kimi istifadə edilirdi.
Son 15-20 ildə dünyanın əksər dövlətləri öz ərazilərində saxlanan nadir və qədim əlyazmaları UNESCO-da "Dünyanın yaddaşı" nominasiyasında qəbul etdirib. Hətta qonşu Gürcüstan da bir neçə əlyazmasını UNESCO-ya təqdim edib.
Azərbaycanda da qədim əlyazmalar çoxdur. Ölkəmizdəki əlyazmaların bu mötəbər quruma daxil edilib-edilmədiyini araşdırmaq qərarına gəldik. Məlum oldu ki, bir neçə il əvvəl Azərbaycanda saxlanan qədim əlyazmalar UNESCO-da yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan əlyazmaları da UNESCO-ya daxil edilib. Onun sözlərinə görə, təbabət və əczaçılıq üzrə Azərbaycana məxsus üç nadir əlyazma 2005-ci il iyulun 29-da UNESCO-nun "Dünya yaddaşı" proqramının beynəlxalq reyestrinə daxil edilib və artıq sertifikat alıb: "Bu əlyazmalar Zeynəddin Cürcaninin "Zahireyi-Nizamşahi" (XIII əsr), Əbu Əli İbn Sinanın "Əl-Qanun fitt-Tibb" (XII əsr) və Əbülqasım Zəhravinin "Əl-Məqalət əs-Səlasun" əsərləridir (XI əsr). UNESCO-nun "Dünyanın yaddaşı" proqramına bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malik yazılı abidələrin mühafizəsi daxildir".
P.Kərimov qeyd etdi ki, hər üç əlyazma tibb tarixinə aiddir: "Bu əlyazmaların yaşı qədimdir və hər üçü tibb tarixinə aid əlyazmalardır. İbn Sinanın əsəri çox mükəmməl əsərdir. Xarici ölkələrdə, eləcə də türk respublikalarında İbn Sinanın əsərlərindən elmi-tənqidi mətnləri tərtibi üçün istifadə edirlər. Deyim ki, hər üç əlyazmanın bəşər tarixi, elmi üçün əhəmiyyəti çox böyükdür".
Əlyazmalarımızın UNESCO-nun "Dünyanın yaddaşı" proqramına salınmasının əhəmiyyətsiz olmadığını deyən P.Kərimov bildirdi ki, bu əlyazmalar bizim mədəniyyətimizin zəngin olduğunu bir daha dünyaya çatdırır: "Dünya bilir ki, Azərbaycan mədəniyyəti nə qədər zəngindir. Məlumdur ki, İbn Sina Azərbaycan alimi deyil. Ancaq onun qədim əlyazmasının Azərbaycanda saxlanması mədəniyyətimizin, elm və təhsilimizin, tibb tariximizin qədimliyindən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycanda kitabxanaların tarixi qədimdir, elmlə məşğul olan adamlar çox olub. Bu o dövrdü ki, orta əsrlərdir. Açıq görsənir ki, bu çağlarda ölkəmizdə elm necə yüksək səviyyədə inkişaf edibmiş. Həmin dövrdə Azərbaycan elmi ilə Avropa elmini müqayisə etsək, bizdə elm onların elmindən çox yüksək idi. Bu əlyazmalara diqqətlə yanaşılsa, bu, dünya elminə bir ciddi mesaj kimi qəbul oluna bilər".
Əlyazmalar İnstitutunda saxlanan digər əlyazmaların da UNESCO-ya salınmasının perspektivinin olub-olmamasını da öyrənməyə çalışdıq. P.Kərimov bildirdi ki, artıq Füzulinin nadir divanı müvafiq qurumlara təqdim edilib: "Biz Mədəniyyət və Turizm Nazirliyinə və Xarici İşlər Nazirliyinə bir əlyazma da təqdim etmişik. Bu əlyazma haqqında bütün məlumatları, göstəriciləri sənəddə əks etdirmişik. Füzulinin qədim əlyazmasıdır. Arzu edərdik ki, o da "Dünyanın yaddaşı" proqramına daxil olsun. İndi bu nə vaxt həllini tapacaq bilmirəm. Biz çalışacağıq ki, bu proqrama daha çox əlyazma
salınsın, amma bu təkcə bizlik iş deyil, burada müvafiq qurumların da rolu var. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi fəaliyyət göstərir. Biz öz üzərimizə düşən işi həyata keçiririk".
P.Kərimov qeyd etdi ki, Azərbaycanda saxlanan əlyazmaların bütün dünyada tanıdılmasına böyük istək var.
Son zamanlar əlyazma almadıqlarını bildirən P.Kərimov dedi ki, xarici ölkə kitabxanalarında saxlanan Azərbaycana aid qədim əlyazmaların surətini ölkəmizə gətiriblər: "Bizdə əlyazma almaq prosesi də gedir. Əhali müraciət etsə, alarıq. Ən böyük nailiyyətlərimiz isə dünya kitabxanalarından bizim əlyazmaların surətlərinin alınması ilə bağlıdır. Qədim və qiymətli əlyazmaların özlərini ala bilmirik, ancaq surətlərini əldə edirik.
Ermənilərin maddi mədəniyyət abidələrimizə iddialı olduğunu deyən P.Kərimov bildirdi ki, Azərbaycan alimlərinin beynəlxalq qurumlara təqdim etdiyi faktlar nəticəsində onlar geri çəkilir: "Bilirsiniz ki, ermənilər bizim çox örnəklərimizə sahib çıxmaq istəyir. Lakin nail ola bilmirlər. Çünki hər şeyin bir elmi sübutu var. Deyək ki, Nizamini, Füzulini, Nəsimini belə bizim əlimizdən almaq istəyənlər çoxdur. Biz də faktlarla yazıb sübut edirik ki, siz haqlı deyilsiniz, onlar bizim klassiklərdir. Yəni belə hallar çox olur. Bundan sonra da çox olacaq. Sadəcə olaraq bizim elmimiz bu iddialara tutarlı cavab verməlidir".
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, jurnalist-etnoqraf Ənvər Çingizoğlunun sözlərinə görə, Azərbaycana aid üç əlyazmanın UNESCO-nun "Dünyanın yaddaşı" proqramına daxil edilməsi həqiqətən də böyük uğurdur: "Bütün dünya xalqları çalışır ki, özlərinə aid, yaxud başqa xalqlara aid olan, lakin onların kitabxana, muzey və əlyazmalar fondunda saxlanan qədim əlyazmaları UNESCO-nun müvafiq proqramına daxil etsin. Bilirsiniz ki, Azərbaycanda zəngin əlyazmalar var və onlar Əlyazmalar İnstitutunda yüksək səviyyədə qorunur, tədqiq edilir. Bu əlyazmaların içindən 3 əlyazmanın "Dünyanın yaddaşı" irsinə salınması az iş deyil. Sözsüz ki, burada ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın rolu və qayğısı misilsizdir. Onu da bildirim ki, o dövrdə UNESCO-nun baş katibi olan Koiçiro Matsuura konfrans iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd edirdi ki, bu nümunələr dünya üçün əhəmiyyətlidir: "Azərbaycanda saxlanan əlyazmalar "Dünya yaddaşı" proqramına əhəmiyyətli xəzinədir, bu da dünya təbabətinin inkişafında Azərbaycanın rolunu göstərir". Bu bir neçə il əvvəl deyilən dəyərli sözlərdir. Bu işdə Heydər Əliyev Fondu misilsiz xidmət göstərib.
O proqrama orta əsr tibb əlyazmaları, qədim və orta əsr əczaçılığı, klassik ədəbiyyatda tibb, xalq təbabəti daxil idi. Səhv etmirəmsə, bu, 2006-cı il idi. Bu böyük nailiyyətdir. Hesab edirəm ki, digər qiymətli əlyazmalarımız da bu proqramda öz əksini tapacaq. Çünki qədim tarixə malik olan Azərbaycan elmi, ədəbiyyatı, mədəniyyəti bəşəriyyət üçün çox dəyərlidir. Ümumiyyətlə, qloballaşma dalğasının tüğyan etdiyi bir ərəfədə nadir və bəşəriyyət üçün qiymətli olan əlyazmaların UNESCO-ya salınması təqdirəlayiqdir".
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də qədim əlyazmaların UNESCO-ya salınmasını yüksək qiymətləndirir: "Bu əlyazmalar illərlə zərrə-zərrə toplanıb. Hər biri böyük dəyərə malikdir. Mən Əlyazmalar İnstitutunda çalışmışam. Burada görülən işlər çox yüksək səviyyədədir. Deyim ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.
Bildiyim qədər, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir".
Q.Məhərrəmli qeyd etdi ki, Zeynəddin Cürcaninin "Zahireyi- Nizamşahi" (XIII əsr), Əbu Əli İbn Sinanın "Əl-Qanun fitt-Tibb" (XII əsr) və Əbülqasım Zəhravinin "Əl-Məqalət əs-Səlasun" əsərlərinin (XI əsr) UNESCO-nun "Dünyanın yaddaşı" proqramına salınması bizim bu sahədə böyük nailiyyətimizdir: "Bu böyük uğurdur. Əlbəttə, daha çox əlyazmamız o siyahıya düşməlidir. Çünki dəyərli nümunələrimiz həddindən artıq çoxdur. Güman edirəm ki, zaman-zaman elmin, ədəbiyyatın və digər sahələrin parlaq nümunələri olan əlyazmalar da UNESCO-ya salınsa, yaxşı olar. Bu, Azərbaycan mədəniyyətinin təbliği, qorunması istiqamətində daha bir addım olardı".
İradə SARIYEVA