Rafiq Yusifoğlu: "Nağıl filmlərinin uşaqların formalaşmasında rolu əvəzsizdir"
Aygün Bünyadzadə: "Bu sahədə ciddi boşluq var" Təranə Əlizadə: "Nağıl filmlərinə böyük ehtiyac var"
Nağılı sevməyən insana rast gəlmək çətindir. Əgər belələri varsa, demək, uşaq saflığı, həyəcanı onların daxilini birdəfəlik tərk edib. Nağıllar insana qeyri-adi əhval, zəngin xəyal, qeyri-adi fantaziya hissi yaşadır. Nağıllardakı xeyirlə şərin mübarizəsi, sonda ikinci üzərində zəfər çalınmasının yaratdığı əhvalı isə heç nə ilə əvəz etmək olmaz.
Bəzən görürsən ki, insan lap 60, 70 yaşında da nağıllara qayıdır, onları oxuyur, personajlara həsəd və sevgi hissi bəsləyir. Nənə və babalarımız qoca çağlarında da nağılları nəvələrinə noğul kimi yedirir. Bu o qədər gözəl bir hissdir ki...
Azərbaycan nağılları olduqca zəngin, rəngarəng, maraqlı hadisə və epizodlarla süslənib desək, bizə irad bildirən olmaz. Hər bir insan nağıla qayıtmalıdır. Unutmayaq ki, nağılda bizim tariximizin, adət-ənənələrimizin bir parçası yaşayır. Onlara qayıdanda yenidən keçmişə boylanırıq. Bu nağıllar filmlərdə, vizual şəkildə öz əksini tapanda bizim üçün daha maraqlı görünür. Nağıl qəhrəmanlarını aktyorların təqdimatında izləmək, oradakı hadisələrin vizual həyəcanını yaşamaq insana çox xoş olur.
Dünya kinosunda nağıl filmlərinə olduqca böyük yer verilir. Qrim qardaşlarının nağılları əsasında çəkilən silsilə filmlər o nağılları insanlara daha da doğma edir. Ümumiyyətlə, nağıl filmlərinin uşaqların dünyagörüşünün formalaşmasında əhəmiyyəti böyükdür. Tərbiyəvi missiyasını uğurla həyata keçirən nağıl filmlərinin təsirində böyüyən uşaqlarımız daha humanist, maraqlı düşüncəyə sahib olur.
Nağıl filmlərindən yazmaq istəyirik.
Azərbaycanda nağıl filmlərinin çəkilməsi əsasən sovet dövrü ilə bağlıdır. Burada mərhum kinorejissor Əlisəttar Atakişiyevin əməyini xüsusi vurğulamalıyıq. Əlisəttar Atakişiyevin nəfəs verdiyi nağıl filmlərini bugünkü nəsillər də böyük maraqla izləyir.
Sovetlərdən qalan maraqlı nağıl filmləri...
Ə.Atakişiyevin ekranlaşdırdığı "Bir qalanın sirri", "Qərib cinlər diyarında" kimi filmləri, Tofiq İsmayılovun "Məlikməmməd" nağılının süjeti əsasında ekranlaşdırdığı "Əzablı yollarla" nağıl filmləri olduqca dəyərlidir.
Onu da vurğalayaq ki, sovet illərində Azərbaycan kinematoqrafında nağıl filmlərinin istehsalına mühüm əhəmiyyət verilib. 1959-cu ildə çəkilən və 58 ildir insanlara böyük zövq bəxş edən "Bir qalanın sirri" filmi o illərin yadigarıdır. "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan uşaq, macəra və fantastik janrlarda çəkilmiş, kino tariximizə düşən film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. Film-nağıl Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılıb. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.
Filmin işçi adı "Qanlı qala" olsa da, Moskva uşaq filmlərinin qan sözü ilə adlandırılmasına qarşı çıxıb.
1982-ci ildə rejissor Tofiq İsmayılovun çəkdiyi "Əzablı yollar" film-nağılın əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır.
Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayır. Həmin almaları axtarıb tapmaq üçün şah oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar. Filmin ssenari müəllifi Oqtay Məmmədovdur.
1977-ci ildə çəkilən "Qərib cinlər diyarında" film-nağıl var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası - Qərib haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını, sevgilisini tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o başa düşür ki, dünyada vətəndən əziz heç nə yoxdur və ola bilməz. Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətəni, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir. Filmin ssenari müəllifi Hikmət Ziya, quruluşçu rejissoru isə Ə.Atakişiyevdir.
Müasir kinematoqrafiyanın nağıl filmlərinə biganəliyi...
Bu gün Azərbaycanda kinematoqrafiya inkişaf edir və dövlət kinonun inkişafına lazımi vəsait ayırır. Artıq kinonun texniki problemi də arxada qalıb. Dövlət bu məsələni də həll edib. Bircə qalır kinorejissorlar sanballı filmlər çəkib tamaşaçılara təqdim etsin. İnsafən, son illər maraqlı filmlər də çəkilir. Bu ekran əsərləri beynəlxalq festival və müsabiqələrdə iştirak edir, ölkəyə uğur gətirir. Bu filmlərin siyahısına baxsaq görərik ki, burada uşaq filmləri bir-iki dənədir, nağıl filmlərinin isə heç cizgiləri belə yoxdur.
Nağıl filmlərinin çəkilməməsi doğrudan da ciddi narahatlıq doğurur. Olmazmı çəkiləcək filmlərin planına bu mövzunu da daxil etsinlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, kifayət qədər maraqlı nağıllarımız var. Bu gün də ölkədə nağılçı yazıçılar az deyil. Amma hələ indiyə qədər bu mövzuda film çəkilməyib. Əslində, hazırda müstəqil şirkətlər də film çəkilişlərinə dəstək olur. Rejissorlar nağıl filmləri yaratmaq üçün özəl sektordan da dəstək ala bilər. Bu, uşaqlarımıza olduqca böyük töhfə ola bilər.
"...Ehtiyac var"
Tanınmış uşaq şairi, "Göyərçin" jurnalının baş redaktoru, professor Rafiq Yusifoğlu "Bakı-Xəbər"ə bildirdi ki, bu gün gerçəkdən nağıl filmlərinə böyük ehtiyac var: "Nağıl filmlərinin çəkilməsi vacibdir. Uzun illərdir uşaqlarla işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, buna böyük ehtiyac var. Nağıl filmlərinin uşaqların formalaşmasında rolu əvəzsizdir. Amma bilmirəm nə üçün bu sahəyə müraciət edilmir. Bəlkə də bu, maliyyə məsələsi ilə bağlıdır. Dəqiq bir söz deyə bilmərəm".
"...Bu nağılların hər birini filmə çevirmək olar"
Tanınmış uşaq yazıçısı, bir sıra maraqlı nağıllar müəllifi Aygün Bünyadzadə də nağıl filmlərinin çəkilməsinə tərəfdardır. O bildirdi ki, hətta bunanla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinin tələbələrinə də təklif verib: "İnanırsınız qaldırdığınız məsələ lap ürəyimdən oldu. Fikrimiz tamamilə üst-üstə düşür. Xeyli müddət əvvəl bacım oğlunun tələbə yoldaşları bizə gəlmişdi. Onlar gələcəyin kinorejissorlarıdır. Dedim ki, ay uşaqlar, bu gün bizim kinoda nağıl filmləri çatışmır, nə olar, heç olmasa biriniz gələcəkdə nağıl filmləri çəkin. Mənim təklifim, ideyam çox xoşlarına gəldi. Söz verdilər ki, çəkəcəklər. Amma hələ onların film çəkməyinə çox var. Günümüzün reallığı isə onu deyir ki, nağıl filmləri çəkilmir. Bu məni çox narahat edir. Azərbaycan xalqının çox zəngin nağılları var, bu nağılların hər birini filmə çevirmək olar. Bilirsiniz ki, sovet illərində çox gözəl nağıl filmləri çəkilirdi. "Bir qalanın sirri"nə bu gün də maraq və sevgi ilə baxırıq. "Məlikməmməd" nağılı əsasında çəkilən "Əzablı yollarla" filmi də maraqlıdır. Amma adı ilə razılaşmıram, gərək elə "Məlikməmməd" də saxlayardılar. Bu daha yaxşı olardı. Bu nağıl filmlərinin hər biri böyük maraq doğurur. Sovet illərində ruslar özləri nə qədər nağıl filmləri çəkmişdi. Rus nağılları əsasında çəkilən bu filmlərə bu gün də tamaşa edirik. O vaxt Yuqoslaviya, Çexoslvavakiya (Çexiya, Slovakiya), Almaniya, Polşada nə qədər nağıl filmləri çəkilirdi bilirsiniz? Həddindən artıq çox. Görürsünüz, bəzi dövlətlər dağıldı, parçalandı, amma o filmlər yaşayır. Onların ömrü dövlətlərin ömründən çox oldu. Sözümün canı odur ki, çəkilən film yadigar qalır".
"Bizdə də nağıl filmləri..."
A.Bünyadzadə qeyd etdi ki, özü də daxil olmaqla, müasir uşaq yazıçılarının çoxlu nağıl-hekayəsi var. Bu hekayələri olduqca maraqlı nağıl filminə çevirməyin mümkün olduğunu deyən A.Bünyadzadə hesab edir ki, bu yöndə addım atmaq istəyən istənilən kinorejissora dəstək olmağa hazırdır: "Mən canla-başla dəstək verməyə hazıram. Təki nağıl filmləri çəkmək istəyənlər tapılsın. Bu yazıdan sonra məsələyə maraq göstərənlər ola bilər. Bu sahədə ciddi boşluq var. Türkiyədə də belədir. Onlar da nağıl filmləri çəkmirlər. Başqa mövzulara müraciət edirlər. Amma Rusiyada günü bu gün də nağıl filmlərinə böyük yer verilir. Avropada studiyalar var ki, onlar xüsusi olaraq nağıl filmləri çəkir. Bu filmlər də bütün dünyada böyük şöhrət qazanıb. Bizdə də nağıl filmləri çəkilsəydi, yaxşı olardı".
"Ən azından uşaqlarımızın diqqətini..."
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Təranə Əlizadə bizimlə söhbətində bildirdi ki, bu gün bəzi rejissorlar daha çox belə filmlərdənsə, bayağı mövzulara, şit gülüş doğuran filmlərə maraq göstərir: "Uşaqları düşünmək hər bir sənətkarın borcudur. Təəssüflər olsun ki, bizdə bəzən uşaq mövzusu arxa plana keçirilir. Hazırda özəl sektor tərəfindən çəkilən filmlər lağlağı mövzusunu əhatə edir. Onlar heç bir ciddi film çəkmək istəmir. Halbuki, nağıl filmləri çəkilsə, bu sahədə olan boşluq aradan qalxar və o filmlər müstəqil prodakşnlara əməlli-başlı şöhrət gətirər. İnanıram ki, hətta şirkətlər də bu filmlərə görə maliyyə vəsati ayırar. Nağıl filmlərinə böyük ehtiyac var. Ən azından, uşaqlarımızın diqqətini nağıllarımıza yönəltmək baxımından yaxşı bir iş olardı. Lap bir neçə nağılın süjeti əsasında maraqlı nağıl filmi yaratmaq olar. Mənə elə gəlir ki, bu barədə ciddi düşünülməlidir".
Nağıl filmlərinin çəkilməsi, doğrudan da, uşaqlarımızın düşüncəsində böyük izlər buraxar. Bu filmlərə ehtiyac böyükdür. Görəsən səsimizə səs verənlər tapılacaqmı?
İradə SARIYEVA