Qırğız türklərinin məşhur yazıçısı Çingiz Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstanın Şəkər kəndində anadan olub. Atası görkəmli dövlət xadimi Torekul Aytmatov, anası milliyyətcə tatar olan Nagima xanımdır. Bir məmur uşağı olaraq dünyaya gələn Çingiz Aytmatov ilk təhsilini kənd məktəbində alıb. II Dünya müharibəsi zamanı yaşadığı kənddə kişilərdən ibarət əhali sayının azalması nəticəsində az yaşda ikən kənd sovetində katib kimi işə başlayıb. 1953-cü ildə Qırğızıstanın Kənd Təsərrüfatı İnstitutundan məzun olub.
Çingiz Aytmatov tələbəliyi zamanı müxtəlif yazılar yazmağa başlayıb. İnstitutu bitirdikdən sonra kənd təsərrüfatında çalışmağa başlamaqla bərabər yazmağa da davam edib. Bir müddət sonra Moskvada Qorki adına İnstitutda stajorluq keçib və Moskva Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunub. 1957-ci ildə universiteti bitirən Çingiz Aytmatov 1959-cu ildə Qırğızıstanda "Pravda" qəzetinin müxbiri olub. O zamanlar "Dağlar və düzənlərdən məsəllər" adlı hekayələrilə ad qazanıb. 1962-ci ildə Qırğız Kinematoqrafiyası İşçiləri Birliyinin katibliyinə gətirilib.
Çingiz Aytmatovun bir yazıçı kimi tanınması onun "Cəmilə" romanını yazması ilə başlayıb. Onun 50-ci illərin sonunda yazdığı "Cəmilə" romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb. "Cəmilə" romanını fransız dilinə tərcümə edən və ön sözün müəllifi olan tanınmış fransız yazıçısı Luis Araqon əsərdən danışarkən heyrətini gizlədə bilməyib: "Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi haqqında yazılan ən gözəl hekayətdir. Gənc yazıçı məhəbbət haqqında indiyə qədər heç kimin danışmadığı kimi danışır,"- deyən Araqon əsəri "Dünyanın ən gözəl eşq hekayəsi" adlandırıb.
Elə bədii əsərlər var ki, onları oxuyanda sanki kinoya baxırsan, hər şey gözlərinin qarşısında canlanır, sanki oxucu deyil tamaşaçısan və hadisələri ekranda görürsən. Bu cür əsərlərin ekran həyatı adətən uğurlu alınır. Bu fikri tam mənasında dünya şöhrətli yazıçı Çingiz Aytmatovun yaradıcılığına şamil etmək olar. Onun "Gün var əsrə bərabər" romanı belə əsərlərdəndir. "Gün var əsrə bərabər" romanının baş qəhrəmanı Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edir, dünyada əminamanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir. Çingiz Aytmatov 1963-cü ildə "Gün var əsrə bərabər" romanı ilə Lenin mükafatına layiq görülüb və Sovet ədəbiyyat mükafatını qazanan ilk qırğız yazıçısı olub.
Yazdığı əsərlərdə qırğızların kənd həyatını təsvir edən Çingiz Aytmatovun ilham qaynağı qırğız dastanları, xüsusilə "Manas" dastanı olub. Onun həm rusca, həm də qırğız dilində qələmə aldığı əsərlərinin əsas mövzusunu müharibə və eşq təşkil edir. Yazıçı bu mövzuların üzərində durmasını isə insanın ən güclü duyğularının bu iki vəziyyət halında ortaya çıxması ilə izah edir.
Türk dilinə və Orta Asiya türk boylarına xüsusi maraq göstərən yazıçı 1966-cı ildə SSRİ Ali Sovetinə, 1967-ci ildə isə SSRİ Yazıçılar İttifaqının idarə heyətinə üzv seçilib. 1968-ci ildə Sovet İttifaqının dövlət ədəbiyyatı mükafatına layiq görülüb.
Sovet İttifaqı Kommunist Partiyasında illərcə əməkdaşlıq edən Çingiz Aytmatov eyni zamanda Orta Asiya türk dövlətlərinin, xüsusilə də Qırğızıstanın otuz ildən artıq azad dünyaya açılan pəncərəsi olub. Onun düşüncələri Avropameylli əsərlərində siyasi və mənəvi əsarətin gərginliklərini, əzablarını, milli azadlığın çətin və əzablı yollarını böyük cəsarətlə ifadə etmək bacarığında öz əksini tapıb. O, milli-mənəvi özünüdərki hər bir xalqın, o cümlədən qırğız xalqının böyük amalı səviyyəsində təqdim edib. Sovet imperiyasının sərt rejimi çərçivəsində bütövlükdə insan və ya konkret bir millət haqqında taleyüklü böyük ideyaları əks etdirmək Çingiz Aytmatovun qəhrəmanlığı idi. O dövrün sərt ideoloji tələblərinə baxmayaraq, Çingiz Aytmatov sadəcə əməli, işi ilə deyil, mənəvi aləmin bütün zənginlikləri, qəribəlikləri ilə yeni olan sadə insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək vəzifəsini bacarıqla həyata keçirib. Sovet dövründə Çingiz Aytmatovun milli mövqeni, yeni insanı və bəşəri problemləri böyük ədəbiyyat miqyasında ifadə etməklə yanaşı, həm də əsərləri vasitəsilə nəşr etdirərək dünyada yaya bilməsi sosializm dövrünün möcüzələrindən biri idi. Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayaraq sovet gerçəkliyinin sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız nümunəsini göstərib. O, bütün dünyada oxşar taleləri yaşayan və gələcək haqqında eyni düşüncədə olan xalqların hamısının yazıçısıdır. Onun əsərləri bu gün də bədii ədəbiyyatın ən qiymətli nümunələri kimi oxunur.
Çingiz Aytmatov qırğız xalqının dünya mədəniyyətinə bəxş etdiyi dahi yazıçıdır. O, həyat həqiqətlərini bütün çılpaqlığı və mürəkkəbliyi ilə dərindən dərk edib realizm və romantizm elementlərini birləşdirməklə, qırğız və dünya ədəbiyyatını hissediləcək dərəcədə zənginləşdirən əsərlər yazmağa müvəffəq olub. Çingiz Aytmatovu müasiri olduğu yazıçılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri isə onun sadə insanların gözü ilə dünyəvi problemləri duymaq, onlara həqiqi qiymət vermək və müəyyən mənada insanları narahat edən suallara cavab axtarmaq bacarığıdır.
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir.
Çingiz Aytmatov bir çox əsərini gördüklərini, yaşadıqlarını ənənələrin süzgəcindən keçirərək xalqı ilə birlikdə yazıb. 60 ildən çox yazıçılıqla məşğul olan Çingiz Aytmatov yaşadığı dövrdə tabu sayılan mövzuları işləyib. Əsərlərini qırğız və rus dillərində qələmə alan Çingiz Aytmatov qırğızların adət-ənənələrini, müharibə illərində xalqın çəkdiyi çətinlikləri əks etdirib, eşq, dostluq kimi mövzulara toxunub. Romanları, hekayələri 150-dən çox dilə tərcümə edilən yazıçının əsərlərini "Yer üzündə yaşayan bütün insanlar haqqında ensiklopediya" adlandırırlar.
Çingiz Aytmatov milli ruhlu bir yazıçı idi. O, yalnız öz ölkəsinin, öz xalqının deyil, bütün ölkələrin, bütün xalqların yazıçısı idi, bəşəri bir nasir idi. O, zəmanəmizin klassiki idi və qələmə aldığı əsərlərdə dünyəvi mövzulara toxunurdu, həyati hadisələri bütün gerçəkliyi ilə ədəbiyyata ustalıqla gətirirdi. Çingiz Aytmatovun əsərləri insanları düşündürür, onları sabaha inamla baxmağa səsləyir. Onun qəhrəmanları həyatın sınağından hünərlə, alnıaçıq çıxır.
Dahi adamların həyatı və yaradıcılığı həmişə onların ölkələrinin və xalqlarının maraqları ilə bağlı olub. Yazıçı, mütəfəkkir Çingiz Aytmatovun isə yaradıcılıq və ictimai fəaliyyəti böyük yer məkanı, ümumbəşəri taleləri və maraqları, yer üzərində insan həyatının fəlsəfi problemlərini əhatə edir. Eyni zamanda, onun povest və romanları bizim sadə adamların həyatı, onların könül sevgisi, müasir mürəkkəb dünyada həyat yollarının axtarışları barədə olan hekayələrdir. Bəşər həyatının təbiətə, cəmiyyətin inkişaf tarixi ilə sivilizasiyaların təşəkkülü və insanlar arasında münasibətlərlə ümumi əlaqəsi Çingiz Aytmatovun əsərlərində öz əksini tapır. Onun əsərlərində və ictimai nəşrlərində toxunulan, kütləvi informasiya vasitələrində işıqlandırılan məsələlər müxtəlif ölkələrin və cəmiyyətin müasir ideoloji həyatı üçün bu gün də xüsusi aktuallıq kəsb edir.
Çingiz Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub. O, dünyanın ədəbi prosesinə təsir göstərə bilən bir şəxsiyyət olub. Onun əsərləri Azərbaycan dilinə tərcümə edilərək dəfələrlə çap olunub. Azərbaycan və qırğız xalqları, Türk dünyası yaşadıqca Çingiz Aytmatovun yaratdığı söz körpüsü dostluğumuzu, qardaşlığımızı qoruyub saxlayacaq. Onun əsərləri bizim ayrılmaz tərkib elementimiz və həyat amilimiz olub, qəlbimizi, xəyallarımızı gözəlliklərlə qidalandırıb.
Çingiz Aytmatovun yaradıcılığı hələ gənclik illərində nəinki Mərkəzi Asiya Respublikaları oxucularının, həm də regiondan kənarda yerləşən türkdilli ölkələrin oxucularının diqqət mərkəzində olub. Görkəmli yazıçı hələ o zamanlar Türkiyəni bir neçə dəfə ziyarət edib.
2008-ci ili Qırğızıstan Respublikasında "Çingiz Aytmatov ili" elan olunmuşdu. Qırğızıstan və Azərbaycan xalqlarının dostluq əlaməti kimi həmin il fevral ayının 24-dən martın 1-nə kimi Bakıda "Çingiz Aytmatov ili"nə həsr edilən rəsmi tədbirlər keçirilib. Həmin tarixlərdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunub. Səfər çərçivəsində Prezident İlham Əliyev Çingiz Aytmatovu qəbul edərək yazıçının yaradıcılığını yüksək qiymətləndirib, onu "Dostluq" ordeni ilə təltif edib. Çingiz Aytmatov Azərbaycanda keçirilən intibahdan böyük qürur duyduğunu bildirib, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri Türk dünyasının böyük nailiyyəti adlandırıb.
Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. O, adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacaran bir fikir adamı olub. O, təsvir etdiyi hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və göstərirdi. Onun əsərlərində ən adi məsələ ümumdünya məsələsi kimi göstərilib. Buna görə də o, yalnız öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb. Əksər əsərlərini rus dilində yazmasına baxmayaraq, onun bütün obrazları təpədən-dırnağa qədər qırğızdır. Çünki onun əsərlərində ümumdünya problemləri qırğız həyatından və qırğız təbiətindən keçib ümumiləşir.
Çingiz Aytmatov belə deyib: "Doğru nədir, nədir yalan? Doğru insanlara sevgidir, bu planetdə doğulanların hamısına xoşbəxtlik və azadlıq arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olur..."
Bu da bir həqiqətdir ki, Çingiz Aytmatov müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütəfəkkirdir. O, öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb, insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub. Qırğız türklərinin mədəniyyətini yenidən ortaya çıxaran bu dahi insan 10 iyun 2008-ci ildə müalicə olunduğu Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor