Mədəniyyətimiz, folklorumuz, xalq sənətimiz öz unikallığı, qədimliyi ilə möhtəşəm görünür. Ulularımızın izini, ruhunu yaşadan qədim xalq yaradıcılığı örnəkləri müasir insanları öz cazibəsinə salır.
Bakı keçmişlə müasirliyin qeyri-adi dərəcədə gözəl vəhdətini yarada bilir. Bu gün paytaxtımızda yaşanan ab-hava, insanların tarixi keçmişimizə münasibəti, xarici turistlərin heyranlığı böyük maraq doğurur. Bayram günlərində Azərbaycanın paytaxtında müşahidə edilən canlanma bunu sübut etdi ki, insanların milli ənənələrə, arxaik mədəniyyətə diqqəti və sevgisi tükənməzdir.
Novruz günlərində Bakıda yaşanan bayram ovqatı, əhvalı insanların sabaha bəslədiyi ümidlərin şölələridir.
Bayram münasibətilə paytaxtda və bölgələrdə bir sıra yaddaqalan tədbirlər keçirildi. O tədbirlərdən biri də martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə keçirilən Novruz Festivalı oldu. Sabir bağında təşkil edilən, 6 gün davam edən xalq sənəti nümunələrinin satış-sərgisində və bayram şənliklərini izləyən insanlar arasında biz də vardıq.
Bayram içində bayram...
Sabir bağında başqa bir aləm vardı. Adama elə gəlirdi ki, qədimlərə səyahət edib. Hər şey nağıllar aləmini xatırladırdı. Çadırlar qurulmuşdu. Çadırların önündə qədim milli döyüş paltarları geymiş aktyorlar dayanmışdı. Burada əsl meydan tamaşası qurulmuşdu. Bir tərəfdə pəhləvanlar öz güclərini nümayiş etdirir, digər tərəfdə kəndirbazlar seyrçiləri əyləndirirdi. Məşhur Qarabağ atlarının meydanda görünməsi yerli sakinlərlə yanaşı, xarici turistlərin də marağına səbəb olurdu. Kulinarlar festivala qatılanları milli mətbəximizin ləziz yeməklərinə qonaq edirdi. Burada hər şey qədimliyi xatırladan, bizi adət-ənənələrimizə qaytaran notlar üzərində köklənmişdi. Əcnəbilərin üzündən heyrət oxunurdu. Onlar festival çərçivəsində sərgilənən milli geyimlərimizə, milli sənətkarlıq nümunələrimizə heyranlıqla tamaşa edirdilər. Onu da vurğulayaq ki, festivala İran, Fars körfəzi, MDB, Avropa və Amerika ölkələrindən olmaqla, minlərlə turist qatılıb. Turistlərin Bakıda açılan bu möhtəşəm festivala böyük maraq göstərməsi bir vətəndaş kimi bizi qürurlandırdı.
Milli sənətkarlıq növlərinin təbliği...
Festival çərçivəsində açılan xalq yaradıcılığı və xalq sənətkarlıq nümunələrinin sərgisində nümayiş etdirilən nümunələr turistlərin diqqətini daha çox cəlb edirdi. Hər bir sənətkarlıq nümunəsi üçün ayrıca köşklər açılmışdı. Köşklərin qarşısında ayrıca lövhələrdə alətlərin adı, yaranma tarixi, onu ərsəyə gətirən sənətkarın adı Azərbaycan və ingilis dillərində qeyd edilmişdi. Burada qədim tikiş məmulatları, quramalar, butalı, naxışlı tikmələr, əl işləri, xalçaçılıq nümunələri, milli geyimlər, misgərlik, dulusçuluq, dəmirçilik, şəbəkə, qalayçılıq, papaqçılıq, sazbəndlik, oyma, balaban və s. sənət nümunələri nümyiş etdirilirdi. Hazırda Azərbaycanda istehsal edilən kəlağayılar, baş örtükləri, parça növləri də sərgiyə çıxarılmışdı. Azərbaycan xalqının minillərdən bəri formalaşan qədim sənətkarlıq nümunələri xalqımızın mənəvi dünyasının ən dəyərli örnəkləri kimi ömrünü davam etdirir. Respublikamızın ən müxtəlif bölgələrini təmsil edən sənətkarlar babalarımızdan miras qalan dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik, sazbəndlik, zurnaçılıq, misgərlik kimi xalq sənətini yaşadır. Onların təqdim etdiyi çeşidli sənətkarlıq nümunələrinin bu gün özünə alıcı tapması bir az çətin ola da, bu o demək deyil ki, onlar öz əl əməyini sata bilmir. Festivala qatılan əcnəbi turistlərlə yanaşı, yerli sakinlər də sənətkarlıq nümunələrini əldə edirdi.
"Uzun illərdir papaqçılıq sənəti ilə məşğul oluram"
Sərgidə iştirak edən sənətkarlarla söhbətimizdə onlar bildirdi ki, belə bir sərginin təşkil edilməsinə müsbət yanaşırlar. Festival çərçivəsində sərgiyə qatılan sənətkarlar arasında şəkili sənətkarlar üstünlük təşkil edirdi. Müasir dövrümüzdə Şəkinin gerçək sənətkarlıq mərkəzi olması maraq doğurur. Əlbəttə, Şəki qədim zamanlardan bu missiyanı uğurla davam etdirib. Bu gün Şəkidə şəbəkə, papaqçılıq, ipəkçilik kimi məşğuliyyət və sənət növləri yüksək səviyyədə inkişaf edib. Özü də Şəkidə sənətkarlıq nəsildən-nəslə ötürülərkən burada ailə faktoru xüsusi rol oynayır. Sevindirici haldır ki, burada sənət atadan oğula ötürülür. Bu ənənənin belə şəkildə davam etməsi sənətkarlığın yaşamasına, daha da uzunömürlü olmasına səbəb olur.
Sərgidə Şəkini təmsil edən papaqçı Aqil kişi bizimlə söhbətində bildirdi ki, uzun illərdir dədə-baba sənətini yaşadır. Aqil dayının bildirdiyinə görə, əvvəlki illərə nisbətən son illər papaqçılıq sənətinə maraq çoxalıb. Belə festivalların keçirilməsinin müsbət olduğunu vurğulayan papaqçı dedi ki, bunun sənətkarlara böyük xeyri var: "Son illər xalqımızın qədim sənətkarlıq nümunələrinə marağı artıb. İndi paytaxtda da, bölgələrdə də sənətkarların əl əməyinə böyük qiymət verilir. Bizi tez-tez sərgilərə dəvət edirlər. Mən uzun illərdir papaqçılıq sənəti ilə məşğul oluram. Bu gün papaqçılığa maraq artıb. Bu gün papaq sifariş verənlər çoxdur. Əvvəllər elə də çox sifariş yox idi, ancaq indi çox adam milli papaq almaq istəyir. Əlbəttə, bu çox yaxşıdır. Biri var ayda bir papaq satırsan, bir də var bir neçə. Bunun fərqi böyükdür. Mən həm böyüklər, həm də uşaqlar üçün papaq tikirəm. Bütün növ dərilərdən papağım var. Bu sərginin təşkil edilməsi həm qədim sənət növlərinin təbliğ edilməsidir, həm də bizim əl işlərimizin satışının həyata keçirilməsidir. Görürsünüz nə qədər turist var, onlar gəlib papaqla şəkil çəkdirir. Hətta elə hallar olur ki, onlar papaq da alır. Hazırda Şəkidə xalq sənətkarlığı çox yüksək səviyyədə inkişaf edib. Babalardan yadigar qalan bütün sənətkarlıq növləri yaşadılır. Xarici turistlər bizim sənətkarlıq növlərinə heyrətlə baxır, maraqlanırlar. Bu bizim sənətin, mədəniyyətin qüdrətidir".
"Bu sərgilər bizdə daha çox həvəs yaradır"
Papaqçı köşkü ilə üzbəüzdə yerləşən ağacoyma, heykəltəraş köşkündə əyləşən üç gənc sənətkarla da söhbət etdik. Azərbaycan Rəssamlar İttifaqının üzvü Nahid Vahabov ağacoyma sənəti ilə məşğul olur. Sərgidə heykəltəraş Əbdül Vahabov, dekorativ sənət ustası Ülvi Mahmudovun da əl əməyi nümayiş etdirilirdi. Ağacdan müxtəlif fiqurlar, personajlar hazırlayan sənətkarların hazırladığı nümunələr xarici turistləri də cəlb edirdi. N.Vahabov dedi ki, Novruz festivalı çərçivəsində sənətkarlıq nümunələrindən ibarət sərginin təşkili sənətin inkişafına təkan verir. Bakı şəhərini təmsil etdiklərini deyən N.Vahabov qeyd etdi ki, bu sərgilər həm də sənətkarları bir-birinə yaxınlaşdırır: "Bilirsiniz ki, Azərbaycan turistlərin ən çox maraq göstərdiyi ölkələr sırasındadır. Bölgələrlə yanaşı, paytaxta da kifayət qədər turist gəlir. Onları şəhərin gözəlliyi, qədimliyi ilə yanaşı, sənətkarlıq nümunələri də maraqlandırır. Turistlər bizim işlərə olduqca həssaslıqla yanaşır. Hazırda təmsil etdiyim sənət inkişafa doğru gedir. Bu sənətlə məşğul olanlar var. Bu sərgilər bizdə daha çox həvəs yaradır. Həm sənətimizi təbliğ edirik, həm də əl işlərimizi satırıq".
Şəkidən gələn şəbəkə ustaları da sərginin keçirilməsindən məmnun qaldıqlarını dedilər. Şəki sənətkarlığının dəyərli mümunələrindən olan şəbəkə sənəti bahalıdır. Sənətkarlar bildirdi ki, hazırda şəbəkəyə maraq çoxalıb.
Dulusçuluq nümunələrinin sərgiləndiyi köşkdə müxtəlif quruluş və çeşidlərdə qablar sərgilənmişdi. Bizimlə həmsöhbət olan usta Şahin bildirdi ki, nümayiş olunan qablar Şəkidən gətirilib. Onun sözlərinə görə, şəkili ustalar dulusçuluq nümunələrinin hazırlanmasına xüsusi diqqət yetirir. Usta bildirdi ki, bu qablar insan sağlamlığı üçün xeyirlidir və onda bişən yemək çox dadlı olur: "Xalq sənətinə dövlət böyük dəstək verir. Biz dədə-baba sənətimizi yaşadırıq. Sərgiyə gəlmişik. Burada əl işlərimizi satırıq. Ən çox xarici turistlər maraq göstərir. Görürsünüz ki, İran və Türkiyədən nə qədər turist gəlib. Bu çox yaxşıdır".
Sərgidə iştirak edən xalçaçılar, dərzilər, dekorativ sənət ustaları ərsəyə gətirdikləri işləri iştirakçılara təqdim edirdi. Xana qarşısında oturan xalçaçı qadının toxuduğu xalça həqiqətən də maraqlı idi. Azərbaycan mədəniyyətinin incilərindən olan xalçalarımız doğrudan da bir aləmdir.
"Bilirsiniz ki, ermənilər bizim musiqi alətlərinə..."
Sərgidə sazbənd və zurna, balaban, tütək ustaları da iştirak edirdi. Sazbənd köşkündə həm də qədim nəfəsli alətlərimiz sərgilənirdi. Tarixən sazla balaban qoşalığı olub və bu iki qədim sənət növümüz xalqımızın tükənməz sərvətləri sırasındadır.
Novruz festivalı çərçivəsində iştirak edən zurna-balaban düzəldən usta Təşəkkür bizimlə söhbətində bildirdi ki, uzun illərdir milli nəfəsli alətlərimizi düzəltməklə məşğuldur. Onun sözlərinə görə, xarici turistlərin axın etdiyi bir sərgidə milli musiqi alətlərimizin təbliği ermənilərə sərt bir sillə ola bilər: "Bilirsiniz ki, ermənilər bizim musiqi alətlərinə də göz dikib. Zurna, balaban kimi qədim alətlərimizi mənimsəməyə çalışırlar. Bu sahədə xarici ölkələrdə güclü təbliğat aparırlar. Dünya bəzən həqiqətdən xəbərsiz olur. Xarici turistlər gəlib görür ki, bu bizim musiqi alətimizdir. Erməni yalanı üzə çıxır. Sağ olsun dövlətimiz, bizə şərait yaradır. Burada həm alətlərimizi satırıq, həm də onu təbliğ edirik".
"Bu gün sazbəndlik sənəti də inkişaf edir"
Sərgiyə qatılan sazbənd Kövrək Murad da sərginin təşkilindən razı qaldığını bildirdi. O qeyd etdi ki, qədim musiqi alətlərinin sərgilərdə təbliğ edilməsi təqdirəlayiq haldır: "Belə sərgilər yalnız bayramdan-bayrama deyil, tez-tez təşkil edilsə yaxşı olar. Çünki sənətkarlarımız çoxdur və onlar gözəl işlər meydana çıxarır. Azərbaycan dövləti xalq sənətinin inkişafına böyük maraq göstərir, dəstək olur. Bu da biz sənətkarlara ruh verir. Bu gün sazbəndlik sənəti də inkişaf edir, yaşlı sənətkarlarla yanaşı, gənclər də sazbəndliklə məşğul olur. Saza maraq da çoxalıb. Əvvəllər küçədə sazla gəzmək olmurdu, indi hamı maraq göstərir. Sazbəndlik qədim sənətdir və ona dəstək göstərilməsi sənəti daha da inkişaf etdirir. Bu sərginin təşkilini yüksək qiymətləndirirəm".
Xalq sənətkarlığı nümunələrinin geniş şəkildə təbliğ edilməsi baxımından böyük əhəmiyyəti olan bu kimi sərgilərin tez-tez təşkil edilməsi sənətkarların arzusudur. Xarici turistlərin Azərbaycana kütləvi axınını nəzərə alsaq, deyə bilərik ki, biz bu sərgilərlə xalq sənətkarlığı nümunələrini, növlərini təbliğ edə bilərik. Bu da sözsüz ki, dünyanı başına götürən erməni yalanlarının ifşa edilməsinə xidmət edər.
İradə SARIYEVA