Ədalət Vəliyev: "Azərbaycan teatrı hər zaman öz missiyasına sadiq qalıb"
İlham Rəhimli: "Arzu edərdim ki, bu axsamalar aradan götürülsün"
Azərbaycan milli teatrının tarixi ənənələri, onun inkişaf perspektivləri mütəmadi olaraq müzakirə edilir. Məlumdur ki, dövlət mədəniyyətin vacib qollarından biri olan teatr sənətinə xüsusi əhəmiyyət verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il 10 mart Milli Teatr Günü kimi qeyd edilir. Azərbaycan milli mədəniyyətinin inkişafında və ölkənin mədəni həyatında Azərbaycan milli teatrının əhəmiyyəti olduqca böyükdür.
Peşəkar milli teatrımızın 144 yaşı tamam oldu. Respublikamızın müxtəlif mədəniyyət ocaqlarında Milli Teatr Günü münasibətilə tədbirlər keçirildi.
Dünən Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş "Zaman və məkan" mövzusunda elmi-praktik konfrans keçirildi. Respublikanın tanınmış teatr xadimlərinin qatıldığı konfransı Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açaraq milli teatrın keçdiyi yoldan danışdı, teatrın inkişafına təkan olan şəxsiyyətləri xatırladı.
O vurğuladı ki, 2013-cü ilə qədər teatr ictimaiyyəti Milli Teatr Gününü "partizanlıqla" keçirib: "Hər il Teatr Gününü partizan kimi keçirirdik. Bu gün rəsmən bizim bayramımız kimi təsdiq edilməmişdi. Bu günün rəsmən Milli Teatr Günü kimi keçirilməsi üçün Teatr Xadimləri İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi Prezidentə müraciət etdi və 2013-cü ildən ölkə başçısının sərəncamı ilə biz öz peşə bayramımızı rəsmən keçiririk".
Konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev əvvəlcə bayram münasibətilə teatr ictimaiyyətinin təbrik etdi.
Müstəqillik dövründə milli teatrın keçdiyi yolu saf-çürük edən nazir müavini vurğuladı ki, Azərbaycan teatrı hər zaman öz missiyasına sadiq qalıb: "Azərbaycan teatrı bu illər ərzində enişli-yoxuşlu, parlaq, yaddaqalan, uğurlu, uğursuz sənət illəri yaşayıb. Ancaq 144 il davamlı olaraq yüksəlişə gedən yolda bəzən böyük uğurlarla, bəzən kiçik uğurlarla irəliləyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimizin son dərəcə önəm verdiyi əsas sahələrdən biri mədəniyyət olub. Ulu öndərimizin davamlı olaraq diqqətdə saxladığı mədəniyyət, daha sonra Prezident İlham Əliyev tərəfindən xüsusi qaydada nəzarətə götürülüb, 2006-cı ildə Azərbaycan teatrı ilə bağlı çoxlu sayda sərəncam, fərman imzalanıb. 2006-cı ildə Azərbaycan teatrının inkişafı ilə bağlı, Azərbaycan teatr sənətini qorumaq məqsədilə tariximizdə ilk dəfə olaraq "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Qeyd etmək istəyirəm ki, bu qanun bu gün də Avropa və MDB-nin bir çox teatr sənətinin inkişaf etdiyi ölkələrdə hələ də yoxdur və bir örnək kimi qəbul edilir. Azərbaycanda keçirdiyimiz beynəlxalq teatr konfranslarında o ölkələrdən gələn qonaqlar heyrətlərini bildirir və bu qanunun tətbiqi ilə bağlı öz ölkələrində müvafiq işlər aparırlar. 2007-ci ildə Prezident İlham Əliyev qanundan irəli gələn müəyyən müddəaları həyata keçirmək məqsədilə Azərbaycan teatrının maddi-texniki bazasının gücləndirilməsi üçün xüsusi bir sərəncam imzaladı. 2009-cu ildə Azərbaycan teatrının 10 illik inkişafını özündə ehtiva edən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını imzaladı. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də aidiyyəti qurumlar Dövlət Proqramının icrası ilə bağlı əməli fəaliyyətə başlayıb".
Nazir müavini qeyd etdi ki, son illər Azərbaycan teatrında islahatlar həyata keçirilməyə başlayıb. Ə.Vəliyevin bildirdiyinə görə, islahatlar nəticəsində Gəncədə fəaliyyət göstərən Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrı ilə birləşdirilib. Nazir müavini dedi ki, Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarının rus truppaları möhkəmləndirilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tərkibində olan rus bölməsi Rus Dram Teatrının tərkibinə keçirilib. "Gənclər Teatrı və Bakı Kamera Teatrı Gənc Tamaşaçılar Teatrının tərkibində birləşdirildi. Muğam Teatrı ləğv olundu və Muğam Teatrının ştatları Mahnı Teatrı və Beynəlxalq Muğam Mərkəzinin kadr potensialının gücləndirilməsi üçün onlara verildi".
Nazir müavini vurğuladı ki, teatrların bir çoxunda əsaslı təmir-bərpa işləri aparılıb, teatr binaları yenidən qurulub. Bir neçə teatr binasının təmir-bərpadan sonra tamaşaçıların ixtiyarına verildiyini deyən Ə.Vəliyev qeyd etdi ki, bu teatrlar Azərbaycan standartlarına uyğun olaraq qurulub. "Bir neçə teatrın bina məsələsi həll olunub. Şuşa Teatrına bina verilib. Ümidvarıq ki, teatr binasında aparılan təmir-bərpa işləri ilin sonuna qədər başa çatdırılacaq. İrəvan Dövlət Azərbaycan Dram Teatrına hüquqi ünvan verildi. Teatra çox gözəl bir bina ayrılıb, ancaq onun da yenidən qurulmağa, təmirə ehtiyacı var və düşünürəm ki, onun təmir məsələsi növbəti mövsümdə gündəmdə olacaq. 40 ilə yaxın bir müddətdə Sumqayıtda fəaliyyət göstərən Sumqayıt Teatrına hüquqi ünvan və status verildi, teatr binası yüksək şəkildə təmir olundu, keçən il ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirildi. Pantomimo Teatrına da bina ayrılıb və düşünürük ki, yaxın vaxtlarda teatr binasının təmir məsələsi öz həllini tapacaq. Bundan başqa, teatrların maddi-texniki bazasının gücləndirilməsi üçün addımlar atıldı. Mən bu sözləri deyərkən respublikada fəaliyyət göstərən 26 dövlət teatrını nəzərdə tuturam. 26 dövlət teatrından başqa, Bakı Bələdiyyə Teatrı və Üns Yaradıcılıq Səhnəsi də fəaliyyət göstərir. 26 teatra 20-dən artıq nəqliyyat vasitəsi, yüzlərlə kompyuter vermişik".
Nazir müavini vurğuladı ki, son 10 ildə Azərbaycan teatrları 30-dan artıq ölkədə qastrol səfərlərində olub. Onun qeyd etdiyinə görə, bir neçə rejissor, işıqçı, rəssam beynəlxalq təcrübə mübadiləsində iştirak etmək üçün xarici ölkələrə ezam olunub, müxtəlif müddətlərdə kurslarda iştirak ediblər.
Respublikanın bütün teatrlarında kadr islahatları aparıldığını deyən nazir müavininin sözlərinə görə, həm eksperiment, həm də islahat xarakterli yeniliklər olub.
Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva çıxış etdi. Azərbaycan teatrının uzun və mənalı yolundan danışan rektor bildirdi ki, rəhbərlik etdiyi ali məktəbdə teatr xadimləri çalışır və onlar gənclərin teatra sevgi ruhunda yetişməsinə çalışır. "Həyatımız necədirsə, teatr da elədir. Hesab edirəm ki, teatrda həyatın özü var" - deyə rektor bildirdi.
"Zaman və teatr" mövzusunda məruzə edən tanınmış teatrşünas, professor İlham Rəhimli qeyd etdi ki, teatrı zamansız və məkansız təsəvvür etmək olmaz və teatr konkret zamanda və məkanda mövcuddur. İ.Rəhimli vurğuladı ki, Azərbaycan teatrında dünyanın 73 xalqına məxsus dramaturqun, yazarın 5 mindən çox əsəri səhnəyə qoyulub. Əsərləri səhnəyə qoyulan xarici müəlliflər arasında 12 "Nobel" mükafatçısının olduğunu deyən İ.Rəhimlinin sözlərinə görə, bu əsərlər uğurla səhnə həllini tapıb.
"Bu gün teatrlarda milli klassikaya maraq artıb. Düzdür, bu bəzi teatrlarda ənənə xatirinə səhnəyə qoyulur. Bununla belə, ortada çox uğurlu işlər də var. Bizim çox maraqlı rejissorlarımız, çox maraqlı dramaturqlarımız var, çox maraqlı aktyorlarımız var. Amma Azərbaycanda dramaturq, rejissor və aktyor üçlüyünün bir üçbucaqda, bir təfəkkür tərzində, bir zaman prizması tələbində işləmək vərdişlərində bir az axsamalar var. Arzu edərdim ki, bu axsamalar aradan götürülsün. İstəməzdim ki, rejissorlar bioqrafiya xatirinə əsərlər tamaşaya qoysun. Elə rejissorlar var ki, tutalım, Gəncədə işləyir. Bu il Evripitin də, Sofolulun da, Brextin də, Şillerin də əsərini səhnəyə qoyur, amma bir tamaşası da yadda qalmır. Çox təəssüf ki, bu ənənə bu gün davam etməkdədir. Bu cür ənənələrin olmasını istəməzdim. Ümumiyyətlə, dramaturqlarla bağlı giley-güzar çox olur. Deyim ki, heç bir teatr ağıllı, sanballı, onu maraqlandıran əsəri geri qaytarmır. Sadəcə olaraq, bizim dramaturqların böyük əksəriyyəti nəsrdən, poeziyadan gəliblər və onlar dramaturgiyanın prinsiplərini bilmirlər, yaxud zəif bilirlər, ya da bilmək istəmirlər. Bir çoxunun da rejissorla işləmək səriştəsi yoxdur" - deyə professor qeyd etdi.
Konfransda əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Əlizadə "Teatr prosesi: Zamanın hərəkəti", əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə "Postdramatik teatrın zamanı teatr epoxasının sonu kimi", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov "Teatrın zamanı, zamanın teatrı", ADMİU-nun doktorantı Aida Qafarova "Teatr Xadimləri İttifaqı zamanın müstəvisində" mövzusunda çıxış etdilər.
Sonda Milli Teatr Günü münasibətilə bir qrup teatr nümayəndəsinə mükafatlar verildi. Zakir Dadaşov, Novruz Əliyev, Nəbili Hikmət, Məbud Məhərrəmov və Vaqif Əsədov fəxri fərmanla, Elnur Hüseynov, Nabat Səmədov, İradə Gözəlova, Nurlan Rüstəmov, Möhsün Hüseynov, Əntiqə Bədirova, Səxavət Məmmədov, Afiq Məmmədov, Azər Kərimov, Aynurə Əhmədova "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olundular.
İradə SARIYEVA