İrəvan Dövlət Azərbaycan Dram Teatrının tanınmış aktrisası Zülfiyyə Eldarqızı Türkiyədə M.P.Vaqifin üç yüz illik tədbirlərindən qayıdıb
Qadın ürəyi elə bir xəzinədir ki, orada özünə yer edən bütün hisslər bənzərsizdir və şərhə ehtiyacı yoxdur. O hisslər gözlərdə, üzlərdə bərq vurduğundan, daha soruşmursan ki, ürəyində hansı hisslər var? Qadın üzündə təbəssüm oynayırsa, gözləri gülürsə, demək o xoşbəxtdir.
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu səbəbdən də müsahib kimi xanım bir sənət adamını qonaq çağırdım. "Bakı-Xəbər"in dəyərli dostu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, tanınan bədii qiraətçi Zülfiyyə Eldarqızıdır qonağımız.
- Zülfiyyə xanım, bayramınız mübarək.
- Çox təşəkkür edirəm. Mən də "Bakı-Xəbər"in xanım əməkdaşlarını və bütün anaları, bacıları, qız övladları təbrik edirəm. Qadın o zaman xoşbəxt olur ki, ona diqqət göstərilir, yada salan olur. Mən sənət adamıyam, bu baxımdan həmişə diqqət istəyirəm, bu diqqəti məndən sənət qədri bilən insanlar qətiyyən əsirgəmir. Bu mənada sizin də mənə özəl diqqətinizi yüksək dəyərləndirirəm.
- Türkiyədən səfərdən qayıtmısınız. Bildiyim qədər rəsmi tədbirə qatılmışdınız.
- Bəli, böyük Azərbaycan şairi, ictimai-siyasi xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində tədbir keçirildi, mən də o tədbirdə iştirak etmək üçün qardaş ölkəyə getdim.
- Molla Pənah Vaqif irsinə orada münasibət necədir?
- Çox yüksək səviyyədədir. Bilirsiniz ki, keçən il Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi. Burada 2017-ci ilin "Molla Pənah Vaqif ili" olması barədə qərar qəbul olundu. Bu il Molla Pənah Vaqifin 300 illik yubileyi TÜRKSOY və UNESCO tərəfindən qeyd edilməyə başlayıb. Azərbaycanın təşəbbüsü, Türkiyə və Qazaxıstanın dəstəyi ilə M.P.Vaqifin adının UNESCO-nun "2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi onun yaradıcılığına verilən yüksək qiymətdir. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyi barədə Sərəncam imzalayıb. Düşünürəm ki, bu, böyük şairin şəxsiyyətinə göstərilən diqqət və qayğının təzahürüdür.
- Tədbir hansı şəhərlərdə keçirildi?
- TÜRKSOY-un Ankaradakı iqamətgahında keçirildi. Tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və TÜRKSOY-un birgə təşkilatçılığı ilə açılış mərasimi baş tutdu. Orada çox möhtəşəm tədbirlərimiz oldu. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin mədəniyyət və turizm nazirinin müşaviri Nihat Gül və başqaları M.P.Vaqif irsi ilə bağlı möhtəşəm çıxışlar etdilər. Tədbir həmyerlimiz Elnarə Kərimovanın dirijorluğu ilə TRT Ankara radiosu xorunun ifasında M.P.Vaqifin "Durnalar" şeirinə yazılmış mahnı ilə başlandı. Çox gözəl ifa etdilər. Mən də Vaqifin qəzəllərini ifa etdim. Sonra M.P.Vaqifin öz kitabları və onunla bağlı yazılan kitabların sərgisi keçirildi. Sərgidən sonra isə panellər başladı və alimlər, fikir adamları çıxış etdilər.
- Deyəsən Sakaryada da oldunuz...
- Bəli. İkinci tədbir Türkiyənin Sakarya şəhərində keçirildi. Qeyd etdiyim kimi, TÜRKSOY tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi M.P.Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin "Molla Pənah Vaqif ili" elan edilməsi layihəsi çərçivəsində çox maraqlı tədbirlər keçirildi. İsa Həbibbəyli təklif etdi ki, siz aspirantlarınızı Bakıya göndərin, biz onlara Vaqif irsini araşdırmağa yardım edək.
Orada sənətçi olaraq mən və Türkiyənin xalq ozanı aşıq Səlahəddin Dündar iştirak edirdi.
Biz martın 3-də Sakaryada idik. Sakarya döyüşlər, müharibələr şəhəridir. Mən sakaryalıların qarşısında Türkiyənin böyük şairi Nəsib Fazil Kısakürəkin "Sakarya türküsü"nü dedim, ardınca isə Vaqifin şeirlərini söylədim. Özü də "Sakarya türküsü"nü bir saatın içində əzbərləmişdim. Onlar məni çox yüksək səviyyədə alqışladılar. Mən bir sənətçi olaraq oradan ruh yüksəkliyi ilə qayıtdım.
- İrəvan Dövlət Azərbaycan Dram Teatrında nə yenilik var?
- Bizim teatrda hazırda 4 tamaşanın məşqləri gedir. Martın 13-də Şuşanın müdafiəsində şücaət göstərən igidlərimizə həsr edilən və eyni zamanda da xalq artisti Rəfael Dadaşovun yubileyinə töhfə olan "Qanlı qızıl toy" əsərinin premyerası keçiriləcək. Tamaşa teatrımızın direktoru İftixar Piriyevin əsəri əsasında hazırlanıb.
- Siz bu tamaşada rol almısınızmı?
- Mən başqa tamaşalarda məşğulam. Əfqan yazıçısı Xalid Hüseynin "Min möhtəşəm günəş" əsəri əsasında çox möhtəşəm tamaşa hazırlanıb. Allah qoysa, bu tamaşanın premyerası aprel ayında nəzərdə tutulur. Buna Elvin Mirzəyev quruluş verib. "Uzun yollar qatarında" tamaşasında da rol almışam. Məşqlər davam edir. Tez-tez müxtəlif tədbirlərə dəvət alıram. Bir müddət əvvəl Xan qızı Xurşudbanu Natəvana həsr olunmuş gecədə iştirak edib onun qəzəllərini səsləndirdim. İşlər çoxdur.
- Bir vaxtlar davamlı olaraq seriallarda çəkilirdiniz. Yenə dəvət alırsınız?
- ATV-də yayımlanan "Sən olmasaydın-Qisas" serialında çəkilirdim. Bir neçə ay çəkiləndən sonra heç özüm də səbəbini bilmədən əməkdaşlığımız dayandı. Belə oldu: filmin ssenarisinə görə qəhrəmanım türməyə düşdü və türmədən çıxmadı. Burada Cahan xanım obrazını canlandırırdım. O, biznes ledi idi. Hazırda "Xəzər" televiziyasında yayımlanan "Kölgə" serialında çəkilirəm. Rejissor Nasir Kərimidir. Obrazımın adı Yeganədir. Mahmud babanın həyat yoldaşını canlandırıram. Mahmud baba mafiyaya qarşı mübarizə aparan bir insandır. İndiyə qədər bir neçə seriala çəkilmişəm, həmişə məni mənfi obrazlara çəkirlər, Yeganə obrazı istisna olmaqla. Obrazlarımla bağlı "facebook"da mənə tez-tez yazırlar. Mənim mənfi rollar canlandırmağımı istəmədiklərini deyirlər. Bu rollara reaksiya böyükdür. Amma düşünürəm ki, aktrisa bütün xarakterlərdə özünü sınamalıdır. Tamaşaçılarım məni mənfi obrazda görmək istəmir, müsbət rolda görmək istəyir. Amma məndə mənfi obrazlar alınır. "Bir aləm var", "Sən olmasaydın" serialında çəkiləndə tamaşaçılar mənə tənqidi mesajlar yazırdılar. Bu məni sevindirirdi, deyirdim ki, gör nə qədər canlı oynamışam, bu, tamaşaçıda reaksiya oyadıb. Hazırda içimdə elə enerji, elə potensial var ki, mən özümü başqa bir obrazda görmək istəyirəm. İstəyirəm ki, ziddiyyətli, mürəkkəb xarakterlər yaradam.
- Bir vaxtlar yaşlı aktrisalar giley-güzar edirdilər ki, bizim yaşımıza uyğun obrazlar yazılmır... İndi necə, bu problem aktualdır?
- Yox, indi bütün yaş dövrləri üçün seriallarda obrazlar var. Daha ssenaristlər yazırlar. Sadəcə, ssenari yazanlar filmlərdə ziddiyyətli məqamları qurmağa çalışmalıdır. Hadisələr adi qaydada davam edirsə və hər şey rahatlıqla sona çatırsa, bu maraqsız olur. Türkiyə seriallarına baxırıq, özümüz sənət adamı olmağımıza baxmayaraq, onların oyununa heyran qalırıq. Aktyor, aktrisa ssenaridən irəli gələn tələbə görə obraz yaradır. Yəni ssenarilər çox güclüdür onlarda. O seriallara baxanda qeyri-ixtiyari olaraq təsirlənirsən. Ancaq bizim serialların təsirləndirmək gücü zəifdir. Burada, təbii ki, maliyyə məsələsi də var. Onlar bir neçə kamera ilə işləyir, bizdə isə iki, bəzən bir kamera ilə işləyirlər. Bunlar hamısı filmə təsir edir. Bu, kollektiv işdir. Mənə elə gəlir ki, burada xam materialın da böyük rolu var. Ssenaristlər maraqlı mövzular tapmalıdır. Mövzu çoxdur, sadəcə, onu görmək, duymaq və ssenariyə gətirmək lazımdır. Dünyada hər şeyin mayasında sevgi durur -mən bunu anlayıram. Bu gün daha vacib mövzular var. Qarabağla bağlı, gənclərin vətənpərvərlik hissini yüksəltmək üçün maraqlı filmlər çəkmək olar. İctimai mövzulara üstünlük verilməlidir. Bəsit məişət mövzularından bir az uzaqlaşmaq lazımdır.
- Təbii, kino kütləvi sənətdir. Bu mənada onun təsir gücü böyükdür. Gənclər seriallardan təsirlənir. Buna münasibətiniz?
- Bu gün gənc qızların özlərini serial qəhrəmanlarına bənzətməsi halları çoxalır. Mən belə qızları çox tanıyıram. Saç düzümündən tutmuş, geyiminə qədər hamısını o qəhrəmanlara bənzədir.
- Hətta həyat tərzini də...
- Təəssüf ki, bəli. Deyirlər ki, serialda gənc qız belə edirsə, yüngül yolla pul qazanıb özünə şərait yarada bilirsə, demək, bu, normadır, reallıqdır. Bəzən seriallara reallıq kimi baxanlar var. Serial çəkən şəxslər çalışmalıdır ki, çəkdikləri seriallarla gənclərin tərbiyəsinə mənfi təsir göstərməsin. Gənc qızların obrazları çox həssaslıqla yazılmalıdır ki, yaxşı mənada nümunə olsun. Filmlərdə nümunəvi qəhrəmanlar olmalıdır ki, gənclər ondan örnək götürsün. Düzdür, cəmiyyətdə neqativ hallar da var, amma onları elə ifadə etmək lazımdır ki, o sahə təbliğ olunmasın. Bu məsələdə həssas olmaq lazımdır. Yeni mövzular olmalıdır.
- Seriallara çəkilən aktyorlara verilən qonorar normaldırmı?
- Vallah, o qədər cüzidir ki, o barədə danışmağa utanıram. Amma nə edək, çəkilməliyik. Bu bizim yaralı yerimizdir. Həm də çörəkpulu üçün çəkilirik. Eyni zamanda da yaradıcılıq işidir deyə məşğul oluruq. Teatrda həftədə iki-üç dəfə məşq də edirik, qalan günlər boş oluruq. Seriallarda belədir ki, boş vaxtını səmərəli edir, içindəki yaradıcılıq potensialını xərcləyə bilirsən. Seriallarla tamaşanı müqayisə etmək olmaz. Teatrdan aldığın ruhu serialdan ala bilmirsən. Teatr daha yaradıcı və maraqlıdır.
- Bədii qiraətçi kimi nə işlər görürsünüz?
- Keçən yaydan bir disk hazırlamışam. Burada toplanan şeirlər sırf vətənpərvərlik şeirləridir. Bir az maddi sıxıntı, bir az da vaxt qıtlığı diski gecikdirdi. Amma düşünürəm ki, bu ay mütləq diski çıxaracağam. Allah izn versin!
İradə SARIYEVA