Zülfiyyə Eldarqızı: "Bölgə teatrları üçün aktyorların hazırlanması baxımından bu studiyaların yaradılması vacib idi"
Xəzər Gəncəli: "Hazırda belə bir studiya bizdə mövcuddur və "İnam" adlanır"
Nurəddin Mehdixanlı: "Arzu edərdim ki, Akademik Milli Dram Teatrında da belə studiya olsun"
Əzizağa Əzizov: "Amma o studiyalara da gərək peşəkarlar rəhbərlik etsin"
Gəncliyin teatra axını günümüzün vacib məsələlərindən biridir. Azərbaycanda teatrın inkişafına təkan verən faktorlardan biri, bilavasitə olaraq, gənc aktyor və rejissorların teatrlara gəlib burada fəaliyyət göstərməsidir. Gənclərin teatrlara cəlb edilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Bu layihə və proqramlar gəncliyin fikir və düşüncəsinə uyğun gəlməlidir.
Azərbaycanda teatrın yeni dövrü başlayıb. Bu yeniliyin önündə, təbii ki, gənclik getməlidir. Bir vaxtlar teatrlar narazılıq edirdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları tələbatı ödəmir və onların istedadının inkişaf etdirilməsi üçün teatrlarda studiyalar açılmalıdır. Əlbəttə, 10-15 il əvvəl səsləndirilən bu ideyalar artıq reallığa çevrilib. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə 13 teatrda teatr studiyası açılıb. Bu studiyalarda teatra marağı olan, bu sənətə bağlanmaq istəyən gənclər kurs keçir, sənətin yollarına bələd olur.
Bu gün fəaliyyət göstərən teatr studiyalarında onlarla gənc məşğul olur və onlar peşəkar teatr xadimlərindən dərslər alır.
Xalq teatrlarının iflasının nəticələri nə oldu?
Qeyd edək ki, illər əvvələ qədər xalq teatrları, özfəaliyyət dərnəkləri fəaliyyət göstərirdi. Özfəaliyyət dərnəklərinin birbaşa işi gəncləri teatra hazırlamaq idi. Xalq teatrlarında səhnəyə çıxan gənclərin əksəriyyəti sonradan peşəkar səhnə fəaliyyətinə başlayıb və bu gün tanınmış sənətkarlardır. Əlbəttə, xalq teatrlarında təsadüfi insanlar işləmirdi, onlar professional teatr adamları idi. Mədəniyyət evlərində, klublarda təşkil olunan özfəaliyyət kollektivlərinin işi teatrlara kadrlar hazırlamaq idi. Gənclər bu kollektivlərdə yetişir və teatrın nə olduğunu anlayırdı. Əksər hallarda özfəaliyyət dərnəklərinə gələn gənclər sonra aktyorluq, rejissorluq təhsili alıb. Yaşlı və orta nəsil aktyorların hansından soruşsanız deyəcək ki, özfəaliyyət dərnəyində, xalq teatrında iştirak etmişəm. Əslində, o zamanlar xalq teatrlarının böyük uğurları, nailiyyətləri vardı. Bu gün də müəyyən yerlərdə xalq teatrları fəaliyyət göstərməkdədir, lakin onların gördüyü işlər reklamdan kənardır, çoxlarımız onlardan xəbərsizik.
Mütəxəssislər qeyd edir ki, özfəaliyyət dərnəklərinin yetişdirdiyi teatr adamları bu sənətə təmənnasız bağlanırdı. Teatrşünaslar bildirir ki, xalq teatrlarının fəaliyyətinin arxa plana keçməsi gəncliyin bu sənətə gəlişinə müəyyən çətinlik yaradıb. Yəni onların bu sənətə həvəsini alovlandırmayıb. Sözsüz ki, bu gün teatrlar heç də sənətə yeni qədəm qoyan gənclərin üzünə açıq deyil. Onlar yetişməlidir ki, teatrlar onları qəbul etsin.
Teatr studiyalarının açılması yaradıcı gənclərin həyatında nə kimi rol oynayır?
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, teatr studiyalarının yaradılması alqışalayiqdir. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən açılan bu studiyalar sənətə ancaq fayda verə bilər: "Bilirsiniz ki, dövlət teatrın inkişaf etməsi üçün genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilib. Bu sənədlər arasında 2006-cı ildə qəbul edilmiş "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, 2007-ci ildə imzalanmış "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident sərəncamı və "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının xüsusi yeri var. Azərbaycanda teatr sənəti dövlət səviyyəsində özünün layiqli qiymətini alıb. Teatr sənətinin tərəqqisi, yeniləşməsi, beynəlxalq teatr məkanında layiqli yer tutması kimi vacib məqamlar dövlətin hərtərəfli dəstəyini qazanıb. Bu dəstək dünyaya inteqrasiya edən teatra nail olmaq üçün böyük imkanlar deməkdir. Bu gün nəinki paytaxt teatrları, habelə bölgələrdəki teatrlar da yeni inkişaf dövrünü yaşayır. Dövlət Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onun müasir məcrada inkişafına dayaq durur. Məlumdur ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına müvafiq olaraq respublika teatrlarına yerli kadrların, istedadlı gənclərin davamlı axınını təmin etmək məqsədilə 13 teatrda teatr studiyası yaradılıb. Bu da teatrlarda yeni kadrların yetişməsinə təkan verir. Bilirik ki, xüsusən bölgə teatrları üçün aktyorların hazırlanması baxımından bu studiyaların yaradılması vacib idi və layihə artıq öz bəhrəsini verir. Bu gün bölgə teatrlarında kifayət qədər gənc var. Halbuki, son illərə qədər teatrlarda cavanlaşma prosesi olduqca ləng gedirdi. Amma Teatr studiyaları bu prosesi gücləndirdi və hazırda bu sahədə vəziyyət ürəkaçandır. Teatr gəncliklə nəfəs alır. Çünki gənclik özü ilə yeni nəfəs gətirir. Çox sevindirici haldır ki, dövlət gəncliyə böyük dayaq olur".
Mingəçevir teatrında teatr studiyası...
Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəli mövzu ilə bağlı "Bakı-Xəbər"ə bildirdi ki, işlədiyi teatrda teatr studiyası uğurla fəaliyyət göstərir: "Kadr məsələsi ən axsayan tərəfimizdir. Universitetin məzunları buraya gəlmir. Təbii ki, bunun obyektiv səbəbləri var: maddi məsələ, evlə təminat, yaşam şərtləri və s. Ona görə də biz məcburuq ki, teatrın nəzdində studiyalar təşkil edərək, elan yolu ilə perspektivli gəncləri teatra cəlb edək. Hazırda belə bir studiya bizdə mövcuddur və "İnam" adlanır".
"Teatr studiyası təcrübəsini alqışlayıram..."
Xalq artisti Nurəddin Mehdixanlı "Bakı-Xəbər"ə bildirdi ki, teatrlarda teatr studiyalarının fəaliyyətə başlaması teatr sənətinə böyük stimul verir. Onun bildirdiyinə görə, bu, gənclərin teatra axınını gücləndirir. "Məsələ burasındadır ki, Bakıda teatr sahəsi üzrə təhsil alan gənclər sonradan rayonlara, əyalətlərə qayıtmaq istəmir. Bunun da səbəbi evsizlik, yaşayış problemidir ki, bu onların qarşısını alır. Ona görə də teatrlar olan bölgələrdə Mədəniyyət və Turizm Nazirliyinin qərarı və dəstəyi ilə teatr studiyaları yaranıb. Bilirəm ki, Lənkəran Dövlət Dram Teatrında teatr studiyası fəaliyyət göstərir. Onlar teatra həvəsi olan yerli gəncləri cəlb etmək üçün müsabiqə elan edir, o müsabiqədən keçənlər iki il müddətində teatr studiyasında dərs keçib sənəti öyrənir və sonra imtahan verir. Eyni zamanda da gənclər təhsil müddətində teatr tamaşalarında kütləvi səhnələrdə iştirak edir, təcrübə qazanır. Kimlər ki, orada özünü təsdiqləyir, onlar teatra cəlb edilir. Yəni görürlər ki, bu adam istedadlıdır, teatr üçün yararlıdır, onu teatrlar ştata götürür. Bu halda, o gəncin iş yeri, evlə bağlı problemi olmur. Orada yaşayır və fəaliyyət göstərir. Teatr studiyası təcrübəsini alqışlayıram. Çox gözəl örnəkdir. Yəqin bilirsiniz ki, Rus Dram Teatrı da bu təcrübədən istifadə edir. Mən çox arzu edərdim ki, Akademik Milli Dram Teatrında da belə studiya olsun, teatrlar özü müsabiqələr keçirsin, seçilən istedadlı gənclərə bizim aktyorlar dərs keçsin. Özünü doğruldan gənclər teatrın truppasına qəbul edilsin. Bu halda, artıq teatrlara gənc istedadların axını sahəsində problem həll olunar. Vaxtilə teatr studiyasının funksiyasını Azərbaycanda fəaliyyət göstərən xalq teatrları, özfəaliyyət kollektivləri yerinə yetirirdi. İndi onlar bu işlə məşğul olmur. Hazırda bu funksiyanı teatrların nəzdində fəaliyyət göstərən teatr studiyaları yerinə yetirməlidir. Bu studiyaları İncəsənət Universitetindəki aktyorluq fakültəsinin işinə hər hansı bir maneə kimi də görmürəm. Onlar tədrislə məşğuldur və gənclərə ali təhsil verir.
Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə gördüyü işləri dəstəkləyirəm".
"Elə bizim Musiqili Teatrın özündə də..."
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Əzizağa Əzizov bizimlə söhbətində qeyd etdi ki, teatr studiyalarının fəaliyyətinə münasibəti müsbətdir: "Münasibətim çox əladır. Elə bizim Musiqili Teatrın özündə də teatr studiyası var. Adi bir misal çəkim. Hər hansı bir futbolçunu yaxşı yetişdirmək üçün əvvəlcə peşəkar uşaq futbol məktəbinə qoyurlar. Sonra əvəzedici heyət, daha sonra professional futbolda özünü göstərir. O qədər məşhur aktyorlar dərnəklərdən, özfəaliyyət kollektivlərindən gəliblər ki... İndi kim bilir o studiyalardan nə qədər böyük sənətkarlar çıxa bilər... Mən, birmənalı olaraq, bunu dəstəkləyirəm. Amma o studiyalara da gərək peşəkarlar rəhbərlik etsin".
İradə SARIYEVA