Ağaverdi Xəlilov: "Məsələ belədir ki, ermənilərin saxtalaşdırdığı folklor nümunələrinin bəziləri elə onların öz qaynaqları əsasında ifşa edilə bilir"
"Qafaz evi"nin sakini olmayan ermənilər Qafqaza köçürüldükdən sonra burada özlərinə ev-eşik, yurd-yuva qurdu. Torpaqlarımıza sahiblənməkləri bir yana qalsın, mədəniyyətimizə, folklorumuza, söz sənətimizə, musiqi alətlərimizə də əl uzatdılar. Bölgənin "qara yarası"na çevrilən ermənilər xalqımızın taleyində mənfi rol oynayıb.
Erməni xisləti bütün dünyaya ziyan vurub. Bu gün nəzər salsaq görərik ki, onlardan yalnız biz deyil, digər xalqlar da əziyyət çəkib. Belə deyək, ermənilər özlərindən mədəni cəhətdən yüksək olan bütün xalqların, o cümlədən də azərbaycanlıların maddi-mənəvi dəyərlərinə iddialıdır.
Aşıq sənəti, muğam Azərbaycan xalqına məxsusdur və bu fakt bütün dünyada öz təsdiqini tapıb. Ermənilər Azərbaycan xalqının folklor örnəklərini, xalq mahnılarını, xalçalarını, hətta adət-ənənələrini də mənimsəməyə cəhd edir. Bu yaxınlarda internetdə təsadüfən erməni "xalq çalğı alətləri" kollektivinin ifalarına rast gəldik. Həm musiqiçilər, həm də müğənnilər bizim milli geyimlərdə idi. Ansamblda saz, tar, kamança, ud, dəf, qoşanağara (hətta müasir Türkiyə sazı da vardı) və digər musiqi alətlərimiz yer almışdı. Səsləndirilən musiqi də, təbii, bizə mənsub idi. Sadəcə müğənni erməni dilində oxuyurdu. Təsəvvür edin ki, adam bu mənzərəni görəndə dəhşətə gəlir. Sənə aid olmayanlara necə sahib olmaq olar? Bax, bu, erməni xislətidir.
İndiyə qədər, "Sarı gəlin" daxil olmaqla, onlarla xalq mahnımız ermənilər tərəfindən oğurlanıb. Onlar bizim atalar sözləri və məsəllərinə, hətta bayatı, tapmaca kimi örnəklərimizə "yiyə"lənib.
Azərbaycan tərəfi erməni plagiatlığını ifşa edir...
Azərbaycanın milli rəqslərinə ermənilərin əl uzatması, "Yallı" kimi unikal nümunələrimizə sahiblənmək cəhdləri, təbii ki, onların özlərini ifşa etməsi ilə nəticələnir.
Qondarma dövlət, qondarma tarix, qondarma mədəniyyət yaratmaqda taysız olan ermənilər dünya mədəniyyətinə böyük zərbə vurub.
Doğrudur, Azərbaycan dövləti, əlaqədar qurumlar, tarixçilər, ədəbiyyatşünaslar erməni yalanının dünyada ifşa edilməsi ilə bağlı çox böyük işlər görüb, beynəlxalq aləmə fikirlərini çatdırıb. Amma ermənilər Azərbaycanın mədəni dəyərlərinə qarşı təcavüzünü dayandırmır.
Ekspertlər bildirir ki, Azərbaycan tərəfi erməni plagiatını, onların zaman-zaman Azərbaycanın mədəni, ədəbi irsindən, folklorundan oğurladıqları mənəvi sərvətlərimizi necə talan etmələrini rəsmi qaydada dünyaya bəyan edib.
Professor Kamran İmanov bu barədə "Erməni (yad) el (li) nağılları" kitabında yazır: "Erməni oğurluqlarına, bizim rəvayətlər, dastanlar, atalar sözləri və məsəllər, bayatılar, nəğmələr, musiqi kompozisiyaları, aşıq yaradıcılığının təhrif edilməsinə, abidələrimizin, maddi və qeyri-maddi mədəni irsimizə aid olan bir çox başqa sərvətlərin mənimsənilməsinə dair çoxlu sübutumuz var".
"Elə əlyazmalar da var ki, nəsr hissəsi Azərbaycan dilindədir"
Professor K.İmanov "Erməni (yad) el (li) nağılları" kitabında qeyd edir ki, Ermənistanın Qədim Əlyazmalar İnstitutu - Matenadaranda və digər arxivlərdə Azərbaycan orijinalında, lakin erməni əlifbasında yazıya köçürülmüş, çoxlu sayda müxtəlif janrlarda yaradıcılıq nümunələri qorunub saxlanır. Azərbaycan orijinallarına qondarma erməni libası geydirilir, erməniləşdirilir...
K.İmanov vurğulayır ki, bu plagiatın başlanğıcı hələ XVI-XVII əsrlərdən gəlir. O qeyd edir ki, yalnız Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyazma saxlanır ki, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən dövrlərə aiddir. Onun yazdığına görə, qədim Azərbaycan dastanlarının əlyazmaları erməni əlifbası ilə köçürülərək Matenadaranda saxlanır. Professor bildirir ki, halbuki, bu dastanlar, bir qayda olaraq, Azərbaycan dilində səslənib və yayılıb: "Elə əlyazmalar da var ki, nəsr hissəsi Azərbaycan dilində, nəzm hissəsi isə tərcümədə, ya da əksinə verilib. Beləliklə, çoxlu sayda əlyazma hətta Azərbaycan dilində və yaxud tərcüməsi ilə birlikdə Ermənistanın Qədim Əlyazmalar İnstitutunda beləcə saxlanır. Bunlar, necə deyərlər, mənimsənilmə və erməniləşdirmənin yazılı sübutlarının əsası kimi qəbul edilməlidir.
Erməni əhalisinin çox hissəsinin Azərbaycan dilini bilməsi, bizim dildə danışması, erməni mədəniyyət xadimlərinin Azərbaycan folklor nümunələrini geniş şəkildə istifadə etməsi Azərbaycan xalq yaradıcılığının ermənilər arasında geniş yayılmasına, onların plagiatına və Azərbaycan mədəni irsini erməniləşdirməyə münbit imkan yaradıb".
Folklor külliyyatını ermənilərdən necə qoruyuruq?
Araşdırmaçılar yazır ki, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri-ənənəvi növü kimi baxılır. Alimlər yazır ki, biz folklor nümunələrimizə münasibətdə həm də hüquqi müstəvidən, müstəsna hüquqlar mövqeyindən çıxış edirik. Həmin müstəsna hüquqların, yəni əqli mülkiyyətin hüquq sahibi isə Azərbaycan xalqıdır. Odur ki, Azərbaycan folklor nümunələrindən hər hansı şəkildə istifadə, qanunda təsbit olunmuş tələblərin yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Bu tələblər hansılardır? Əvvəla, istifadə olunan folklor nümunəsinin təyinatı və məqsədi dəyişdiriləndə, bədii forması işləndikdə, onun təbii mahiyyət və məzmununa heç bir halda xələl gətirilməməlidir. İkinci tələb isə ondan ibarətdir ki, istifadə zamanı folklor nümunəsinin dürüst mənşəyi, xalqımıza mənsub olduğu, mənbəyi mütləq göstərilməlidir. Qanunla nəzərdə tutulmuş tələblərin pozulması hüquqi məsuliyyət törədir. Belə ki, folklora əqli mülkiyyət kimi yanaşma onun qorunub saxlanması, yayılması və zənginləşməsi üçün əlavə imkanlar yaradır. Çünki yaşadığımız XXI əsrin iqtisadiyyatı isə əqli mülkiyyətə əsaslanır və onda cəmləşən intellektual kapital əsas valyuta kimi çıxış edir. "İnsan ruhunun arxeologiyası adlanan folklor"un mühüm milli özünəməxsusluğunu yaşadan bu alətin qorunub saxlanmasının kulturolojı və humanitar baxımdan vacibliyi ilə yanaşı, müasir araşdırmalara əsasən, mühüm təbii-elmi əsasları da var. Həmin mədəni ənənənin "instinkt və idrak" arasındakı təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzərdir və tarixi proses bu ənənəni vacib resursa və milli sərvətin dəyərli hissəsinə gətirib çıxarır. Bu mənəvi sərvətin iqtisadi rolu heç də təbii sərvətlərin rolundan kiçik deyil. Belə ki, folklorun hüquqi qorunması canlı ənənələrin və mədəni varisliyin qorunması ilə yanaşı, gələcək inkişafımızın, xalqımızın rifahının qorunması deməkdir. Bir sözlə, inkişafda və zəngin ənənəyə malik olan dövlətimiz üçün folklorumuzun qorunması böyük əhəmiyyət kəsb edir.
Ermənilərin saxtakar hərəkətlərinə dünya niyə göz yumur?
Xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu saxtakar hərəkətlər "özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə" çevrilib. Məsələnin ciddiliyi Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına "Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması" sənədində təqdim edilib, Milli Məclisin "Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar" bəyanatında da öz əksini tapıb.
Bu qanunvericilik aktlarından da görünür ki, folklor örnəklərimiz qorunur. Bu sənədlərin mövcudluğu erməni fitnəsinin qarşısını almaq üçün böyük vasitədir. Biz beynəlxalq hüquqlarımızdan istifadə edib həqiqəti üzə çıxarmaq üçün işlər görürük.
Bayaq qeyd etmişdik ki, ermənilər milli musiqi alətlərimizi mənimsəməyə cəhd göstərir, xalçalarımızı öz adlarına təqdim etmək təşəbbüsləri irəli sürür. Fakt budur ki, onlar heç nəyə nail ola bilmir. Yəni Artıq UNESCO həm aşıq sənətini, həm muğamı, həm xalçaçılıq sənətini Azərbaycan dəyərləri kimi qeydə alıb. Bu, erməni yalanının böyük ifşasıdır.
Amma, bununla belə, erməni yalanı səngimək bilmir və günü-gündən geniş vüsət alır. Təəssüf ki, bütün dünya erməni saxtakarlığına qarşı həmrəy ola bilmir. Ancaq bu həmrəyliyə böyük ehtiyac var. Dünya sanki erməni saxtakarlığını görmək istəmir. Bu toplum Azərbaycan xalqının varidatını mənimsəməklə özlərinə saxta mədəniyyət yaratmaq istəyir.
"Örnəklərimizi saxtalaşdırma təcavüzündən qorumaq lazımdır"
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov erməni saxtakarlığının ifşası ilə uzun illərdir məşğuldur. A.Xəlilov qeyd etdi ki, ermənilərin bizim folklor örnəklərinə iddiası əsassızdır və bunun ömrü çox azdır. Alim "Koroğlu" dastanına erməni iddiası ilə bağlı qeyd edir ki, Koroğlunun tarixi şəxsiyyət kimi araşdırılmasında, xalq əfsanə və dastanlarının əsas qəhrəmanı kimi onun prototipinin müəyyənləşdirilməsində müxtəlif fikirlər mövcuddur: "Erməni rəvayətlərindən ibarət nəşrlərdə bir sıra Azərbaycan rəvayətləri də özünə yer tapıb. Onları üzə çıxarmaq bir sıra vacib məsələlərə aşkarlıq gətirə bilər. Lakin bu mənzərəni, qismən də olsa, nəzərə çatdırmaq məqsədilə janrın tədqiq və nəşrini əsaslı şəkildə ümumiləşdirən bir topluya (tərtib işinə) - akademik Aram Qanalanyanın "Erməni rəvayətləri" (İrəvan, Ermənistan EA nəşriyyatı, 1969) kitabına müraciət kifayət edir. Kitabda özünə yer tapmış Azərbaycan rəvayətlərinin bir qismi izahlı-toponimik səciyyə daşıyır. Adları tərcümə olunmadan saxlanmış "İlandağ", "Gəmiqaya", "Ayğır gölü", "Qanlı göl", "Xatın arxı", "Ərəbgir", "Yarımca", "Şahgəldi", "Qoşundağ", "Fərhadın qəbri", "Səlimin karvansarası" və s. başlıqlı rəvayətlərdə həmin toponimlərin nə üçün xatırladılan adları daşımaları xalq etimiologiyası əsasında şərh edilib. "Qaraköpək", "Sultan Murad", "Toxmaxan gölü" rəvayətlərində isə Azərbaycan tarixində adları keçən ünlü kimsələrdən söhbət açılır. Rəvayətlərin digər bir qrupu isə hər iki mövzunu özündə birləşdirib. Bu baxımdan "Dəlmə", "Şuşa", "Minkənd", "İrəvan sərdarı", "Tüccar" rəvayətləri xüsusi maraq doğurur". Burada Şuşa haqqında aşağıdakı rəvayət verilib: "Vaxtilə Pənah xan Bərdə xanına qonaq gəlir. Bərdə xanı möhtərəm qonağın rəğbətini qazanmaq üçün onun şərəfinə ov təklif edir. Onlar Qarabağın tərifli atlarına minib nökərləri, tazıları ilə birlikdə yaxınlıqdakı uca dağlara, sıx meşələrə ova çıxırlar. Bu dağlardan ətrafı seyr edən Pənah xan heyran qalıb öz-özünə deyir: "Bu nə gözəl yerdir. Nə gözəl, aydın, saf havası var. Elə bil şüşədəndir. Uzaqdan hər şey ayna kimi görsənir. Burada hələ-həlbət gözəl bir şəhər salmaq lazımdır". Belə də olur. Pənah xanın məsləhəti ilə Qarabağın bu yüksək, səfalı, şüşə kimi şəffaf, təmiz havalı guşəsində Şuşa adlı şəhər salınır". Ənənədə heç bir əsası olmadan, süni şəkildə uyduraraq düzəltdikləri "Sarkis" bayramı da avropalıların Valentinindən götürülüb və saxtalaşdırılıb. Burda türk xalqlarının "Aşıq Qərib" dastanında işlənən xilaskar Xızır motivi də Sarkislə dəyişdirilərək saxtakarlığın əhatəsi genişləndirilib.
Məsələ belədir ki, ermənilərin saxtalaşdırdıqları folklor nümunələrinin bəziləri elə onların öz qaynaqları əsasında ifşa edilə bilir. Bəzilərini isə ayrıca olaraq saxtakarlaşdırma təcavüzündən qorumaq lazımdır. Ermənilərin saxtalaşdırdıqları nümunələrin ifşası üç şəkildə mövcuddur: bizim dilimizin və ənənəvi mədəniyyətimizin materialları ilə, bizim tarixi qaynaqlarımızda qorunan məlumatlarla və bizə qohum olan, ortaq mədəniyyətə malik olduğumuz xalqlarda bu nümunələrin mövcudluğu ilə. Ermənilərin özünün folkloru ya yoxdur, ya da yox səviyyəsindədir. Çünki heç bir zaman müstəqil olmayıblar, başqa xalqların köləsi olublar, onların idarəsi altında yerləşiblər. Belə olduğu halda, hakim xalqın folklor nümunələrindən də hazır şəkildə istifadə ediblər. Xalq yaradıcılığının orijinal nümunələri mütləq müstəqillik şəraitində yaranır. Kölə folklor nümunələrini modelləşdirmək gücündən məhrumdur. Belə bir mənəvi enerjiyə də heç bir şəkildə malik deyil. Ermənilər mərdlik, ləyaqət, etibar, sədaqət və bir sıra mənəvi dəyərlərdən tamamilə məhrumdur. Ermənilər daim böyük dövlətlərin himayəsinə sığınıb və onlara xəyanət edərək, eybəcər bir şəkildə bu günə qədər gəlib çıxıblar. Roma imperatorluğunun Bizansa, Bizansın Osmanlıya, Osmanlının Rusiyaya satılmasında ermənilərin müəyyən bir rolu olub. Hazırda Rusiyanı da Amerikaya (ABŞ) satmaq prosesinin içərisindədirlər...".
İradə SARIYEVA