Həsən Həsənov: "Ümumiyyətlə, özəl teatrların inkişafı onların maddi-texniki bazasının hansı səviyyədə olmasından asılıdır" Firuz Mustafa: "Özəl teatrlar o zaman güclü olar ki, onun böyük maliyyə dayağı olsun" Cəvahir Səlimqızı: "Bizimkilər ciddi repertuar əvəzinə nədənsə..."
Teatr cəmiyyətin həyatını dəyişir deyirlər. İndi bu məsələyə yanaşma fərqlidir. Bəziləri deyir ki, teatr böyük ideoloji-mənəvi təsir gücünə malikdir. Bəziləri isə iddia edir ki, artıq teatr kinoya, internet resurslarına uduzub. Kimin nə deməsindən və nə cür düşünməsindən asılı olmayaraq, deyə bilərik ki, teatr qədim çağlardan indiyə qədər insanların mənəvi gərəyinə çevrilib. Əslində, teatr cəmiyyətin bir parçasıdır desək yanılmarıq. Çünki birbaşa həyatla, canlı ünsiyyətlə əlaqəsi olan teatr sənəti maarifçilik missiyasını bu gün də daşıyır. Bəzən deyirlər ki, kino bu qədər sürətlə inkişaf edir, daha böyük təsir imkanlarına malikdir, bu halda, teatrların fəaliyyəti məhdudlaşmalıdır. Bizim respublikada bəziləri belə düşünür, beynəlxalq aləmdə isə insanlar teatrın yaşaması, nəfəs alması üçün daha çox cəhd edir.
Azərbaycanda teatr sənətinin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda teatrların böyük hissəsi dövlət teatrıdır, onlar büdcədən maliyyələşir. Bu gün, demək olar ki, heç bir teatr bilet satışı ilə öz kollektivini saxlaya bilmir. Odur ki, onlar fəaliyyətini dövlət dəstəyi ilə davam etdirir. Təbii ki, dövlətin teatrlara dəstəyi bu sahənin inkişafına təsirsiz ötüşmür. Dövlət teatrlarının fəaliyyətini geniş təhlil etmək niyyətimiz yoxdur. Məqsədimiz özəl teatrlar haqqında araşdırma aparıb onların inkişaf perspektivlərini öyrənməkdir.
Özəl teatrlarımız...
Bu gün bütün dünyada özəl teatrların fəaliyyətinə geniş yer ayrılır və özəl teatrlar müstəqil şəkildə faəliyyətini davam etdirir. O özəl teatrların öz repertuarı, öz tamaşaçısı var. Beynəlxalq teatr aləmində mövcud olan özəl teatrlar kifayət qədər maliyyə dayaqlarına malikdir. Onlar ancaq tamaşaçı büdcəsindən asılı deyil, müxtəlif maliyyə fond və qurumları da onlara vəsait ayırır. Məlumatlara görə, bu teatrların müxtəlif ölkələrə qastrolları da onlara böyük maliyyə gətirir. Beynəlxalıq teatr festivallarının iştirakçılarının siyahısında daha çox özəl teatrların adına rast gəlinir.
Bir sıra ölkələrdə yeni özəl teatrlar yaradılmaqla yanaşı, həm də dövlət teatrlarının özəlləşdirilməsi halları baş verib. Yəni imkanlı bir şəxs dövlətdən teatrı alıb və onu yönəldib, işlədib.
Bir vaxtlar belə xəbərlər yayılırdı ki, Azərbaycanda da bəzi dövlət teatrları özəlləşəcək. Lakin belə bir hal baş vermədi. Dövlət teatrları öz statusunda fəaliyyət göstərir.
Zəngin teatr ənənəmizin olduğu hər kəsə məlumdur. Bu ənənələrin formalaşması uzun zaman hesabına başa gəlib. Onu da ədalət naminə vurğulayaq ki, Azərbaycanda saysız peşəkar teatr xadimi, istedadlı insanlar var və onlar güclü potensiala malikdir.
Qeyd edək ki, keçən yüzilliyin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində bir sıra istedadlı teatr xadimləri müstəqil teatr anlayışını gündəmə gətirdilər. Bəziləri işlədikləri dövlət teatrından çıxıb özəl teatr yaratmaq təşəbbüsü ilə çıxış etdi, bəziləri kiçik teatr studiyaları yaratdılar.
Yarı yolda qalan özəl teatrlar...
XX əsrin 90-cı illərində bir sıra özəl teatrlar yaranmağa başladı. Təəssüflər olsun ki, bu teatrlar arasında tam olaraq ayağa qalxan, irəliyə addımlayan olmadı... Özəl teatrların əksəriyyəti yarandığı vaxtdan qısa zaman sonra fəaliyyətini dayandırdı. Əlbəttə, onların fəaliyyətinin dayandırılması müsbət hal deyil və əksəriyyəti peşəkarlar tərəfindən yaradılan özəl teatrlar maliyyə çətinliyi üzündən qapadılmaq məcburiyyətində qaldı. Sözsüz ki, maliyyə dayaqları olsaydı, o teatrlar bu gün dövlət teatrları ilə rəqabətə girə bilərdi. Çünki peşəkar heyətdən ibarət olan kollektivin maliyyəsi olarsa, o daha böyük işlər görməyə qadirdir.
Bəzi teatrşünasların fikrincə, Azərbaycanda özəl teatrların ilkin yaranması prosesi durğunluq dövrünə düşdüyü üçün, görülən işlər özünü doğrultmadı.
Teatrşünaslar qeyd edir ki, yaradılan teatrların maliyyə dayağı olsaydı, onlar özəl teatrın pioneri kim Azərbaycan teatrının yönünü daha erkən dünya teatrına çevirə biləcəkdilər. Lakin maliyyə dayaqlarının zəif olması, yaxud heç olmaması özəl teatrların "raxit" doğulmasına şərait yaratdı.
Yeri gəlmişkən qeyd edək ki, zamanında özəl teatrın mərhum teatr xadimi Hüseynağa Atakişiyev, xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Arif Quliyev, mərhum Hacıbaba Bağırov və digərləri kimi peşəkar pionerləri olub. Lakin qeyd edildiyi kimi, sənətkarlarımız tərəfindən yaradılan teatrların əksəriyyəti yarı yolda qaldı... Əfsuslar olsun ki, belə oldu.
Müasir özəl teatrlar və onların qayğıları...
Bu gün Azərbaycanda bir neçə özəl teatr var, amma onların fəaliyyəti elə də qabarıq görsənmir. Əskəriyyəti kiçik teatr studiyası kimi fəaliyyət göstərdiyindən, onların nəinki repertuarından, heç fəaliyyətindən belə tamaşaçıların xəbəri yoxdur. Teatrşünaslar qeyd edir ki, yaradılan özəl teatrlara qayğı olmalıdır ki, onlar pərvəriş tapıb inkişaf edə bilsin.
Özəl teatrların formalaşmasında hər bir normal düşüncəli vətəndaş maraqlı olmalıdır. Teatrlar da "özələm" deyib istədiyini etməməlidir. Repertuar məsələsi olduqca ciddi işdir. Ancaq təəssüf ki, bəzi özəl teatrlar gündəm naminə bayağı repertuar seçir. Bu da peşəkarların haqlı narazılığına səbəb olur. Əlbəttə, gənclər yeni ideyalarla teatr sənətinə böyük fayda verə bilər, bilir də. Amma xəstə düşüncəsinin "yeni estetika" adı ilə təqdim edilməsi yolverilməzdir.
"Azərbaycanda özəl teatrlar həmişə olub və indi də var"
Azərbaycanda özəl teatrların fəaliyyəti və vəziyyəti haqqında teatra bağlı olan insanların fikirlərini öyrəndik.
İrəvan Azərbaycan Dövlət Dram Teatrının müdir müavini Həsən Həsənov bizimlə söhbətində özəl teatrların formalaşması, ayağa durması üçün tələb olunan amillərdən danışdı: "Ümumiyyətlə, özəl teatrların inkişafı onların maddi-texniki bazasının hansı səviyyədə olmasından asılıdır. Azərbaycanda özəl teatrlar həmişə olub və indi də var. Lakin onların inkişafı çox zəifdir. Bu da maliyyə məsələsi ilə bağlıdır. Özəl teatr açan şəxs ilk növbədə çalışır ki, tez pul qazansın. Məhz o tezliklə pul qazanmaq məsələsi özəl teatrın inkişafına maneçilik yaradır. Hər özəl teatrın özünün yaradıcılıq konsepsiyası olmalıdır. Götürək Tiflis özəl teatrlarını, yaxşı işləyirlər. Balaca bir zirzəmini götürüb teatr məkanı yaradırlar. Tamaşaçı zalı kiçik olsa da, onlar buna qane olur. Ona görə də onlarda özəl teatrlar inkişafdadır. Fikrimcə, ilk növbədə, özəl teatr yaratmaq üçün müəyyən imtiyazlar olmalıdır. Bütün vergilərdən heç olmasa 5-6 il azad olmalı, kirayə bina götürməməli, ilkin olaraq kiçik kollektiv yaratmalıdır. Özəl teatr yaratmaq istəyən adam ətrafına bilikli insanlar yığmalıdır".
H.Həsənov qeyd edir ki, bu insanlar günün nəbzini tuta bilməli və insanların daha çox hansı mövzuya meylli olmasını bilməlidir. Onun sözlərinə görə, ilk növbədə, teatra yardım edəcək sponsorlar olmalıdır: "O vaxta qədər ki, teatr özünü saxlamaq gücünə malik ola bilsin. Güclü reklamı olmalıdır və bu reklamlardan dəyərlənməyi bacarmalıdır. Yəni tamaşaçını aldatmamalıdır".
"Teatr prodüsseri o insanlar ola bilər ki..."
Qeyd edək ki, Azərbaycan Respublikasının "Teatr və teatr fəaliyyəti haqqında" Qanununda təsbit olunan biri neçə maddə prodüsserliklə bağlıdır. Yəni dünya teatr aləminin tələbatına uyğun olaraq, Azərbaycan teatrlarında prodüsserlik institutunun formalaşdırılması məsələsi sənəddə əks olunub. Bu məsələ hələlik sənəd üzərində qalıb, icra edilmir.
Buna da münasibət bildirən H.Həsənov bildirdi ki, Azərbaycan teatrında hələ bu sahə inkişaf etməyib: "Teatr prodüsseri dedikdə, ilk növbədə, ağlımıza teatrda inzibatçı yada düşür. Bizdə hələ teatr prodüsseri yoxdur, inkişaf etməyib. Fikrimcə, teatr prodüsseri o insanlar ola bilər ki, teatrı, dramaturgiyanı incəliyinə qədər bilsin. Teatrla tamaşaçı arasında güclü əlaqə qurmalıdır, yaxşı imkana malik olmalıdır ki, heç olmasa ilk tamaşaya verilən quruluş reklam xərclərini ödəyə bilsin. Loru dildə desək, pul qoyub pul götürməlidir. Teatr da elə tamaşalar hazırlamalıdır ki, prodüsseri zərbə altında qoymasın. Əsas vəzifələrindən biri də teatrı dünya miqyasına çıxarmağı bacarmasıdır. Ona görə, yuxarıda qeyd etdiyim kimi, yaxşı maliyyə imkanına malik olmalıdır. Onda özəl teatrın rəhbərliyi də, aktyorlar da bütün qüvvələrini səfərbər edəcək ki, tamaşa yüksək səviyyədə hazırlansın".
"Bu gün də imkanlı şəxslər teatra dayaq olmalıdır"
Tanınmış dramaturq Firuz Mustafa da bizimlə söhbətində özəl teatrların formalaşmasına əsasən maliyyə çətinliyinin mane olduğunu dedi: "Özəl teatrlar o zaman güclü olar ki, onun böyük maliyyə dayağı olsun. Bütün dünyada olduğu kimi, bizim ölkədə də fəaliyyət göstərən özəl teatrlar müxtəlif beynəlxalq layihələrdən bəhrələnməlidir, fondlardan maliyyə almalıdır. Onlar QHT-lərdən də qrant udub teatrı saxlaya bilər. Ümumiyyətlə, özəl teatrın tamaşaçı hesabına yaşaması mümkün deyil. Onu da vurğulayım ki, özəl teatrların sponsorları olmalıdır. Azərbaycanda ilk peşəkar teatrın hamisi milyonçu Hacı Zeynalabdin Tağıyev idi. Bu gün də imkanlı şəxslər teatra dayaq olmalıdır. Dövlət öz nəzarətində olan teatrlara qayğı göstərir. Bu çox müsbət haldır".
Tetarlarda prodüsserlik institutunun fəaliyyətinə toxunan dramaturq qeyd etdi ki, hələ bizdə bu sistem formalaşmayıb.
"Bizdə özəl teatrlar hələ formalaşmayıb"
Tanınmış yazar Cəvahir Səlimqızının qeyd etdiyinə görə, özəl teatrların inkişafının zəif olması maliyyə problemi ilə bağlıdır: "Bu teatrlara maddi dəstək yoxdur. Onların normal bir əsəri səhnələşdirməsi üçün maliyyə lazımdır. Təbii ki, aktyor da acqarına oynamaq istəmir. Klassikaya müraciət edib hadisəyə çevrilə bilən tamaşa ilə də özələrini tanıda bilərlər. Amma etmirlər. Bizimkilər ciddi repertuar əvəzinə nədənsə 18+ tamaşalarla vəziyyətdən çıxmağa çalışır. Pulsuz komandanı qınamaq da olmur. Bizdə özəl teatrlar hələ formalaşmayıb. Rusiyada və digər ölkələrdə özəl teatrların dövlət teatrlarından daha çox tamaşaçısı var".
İradə SARIYEVA