... Onun hər yeni kitabını əlimə alanda dərhal da barəsində nəsə yazmaq meylim artır. Uzun müddətdir bu xoş istəyimi içimdə yaşadıram. Ancaq nə gizlədim, düzü, "nəsə" ni sözgəlişi dedim. Çünki Fazil Rəhmanzadə 50 ildən çox zaman içərisində elə zəngin, elə mənalı yaradıcılıq yolu keçib, özündən sonrakı nəslə elə gərəkli bədii irs bəxş edib ki, barəsində sadəcə "nəsə" yazmaqla iş bitmir. Belə ki, bütöv yaradıcılıq irsi çox geniş əhatə dairəsini özündə ehtiva edir, rəngarəng mövzuları özünəməxsusluqla işıqlandırır.
Fazil Rəhmanzadənin yaradıcılıq meydanı hüdudsuzdur. O bu meydana hakimdir. Onun qələminin gücü ilə oxucu müəllifin yazı tərzini qəbul edir, maraq dairəsi genişlənir. Nəticədə publisist, düşündüyü kimi, düşündürməyə də nail olur. Əsərlərinin rahat, birnəfəsə oxunması da təbiidir. Belə ki, dil şirin, dialoqlar məntiqli, hadisə və faktların təcəssümü sadə və anlaşıqlıdır, axıcıdır. Onun qələminin füsunkarlığı burasındadır ki, qəmli-kədərli məqamların şərhində də, sevincli-fərəhli səhnələrin təcəssümümdə də müəlliflə oxucu arasındakı rabitə qırılmır. Hadisələrin dinamik və məntiqi ardıcıllıqla təsviri əla təsir bağışlayır. Oxucunun hadisələrin tam axarına düşməsi təqdirəlayiqdir.
Fazil müəllim taleyin ona bəxş etdiyi istedadını paylaşmaqda "bədxərclik" eləmir, hər sözü, kəlməni, cümləni, ifadəni belə yerli-yerində işlədir. Fikrin aydın ifadəsi, bu ifadənin eyni zamanda təfəkkür və ağlın məhsulu olaraq qabarıq təcəssümü bənzərsizdir.
Ən önəmlisi budur ki, hər hansı sahəyə baş qatan publisistin geniş erudisiyası, dərin biliyi, nəhayət yüksək peşəkarlığı ilkin nəzərə çarpır. Onun qüdrətli yaradıcı sənət adamlarına, tarixi hadisələrə, şöhrətli idman ustalarına, ümumiyyətlə hər hansı sahəyə həsr etdiyi yazılar onun peşəkarlığını çox aydın çalarlarla nəzərə çarpdırır. Bu da Fazil Rəhmanzadənin ən fərqli cəhətlərindəndir. Fikrim aydın anlaşılsın deyə, müəllifin ötən il nəşr olunmuş "Bu isimdə bir can..." ikicildliyinə nəzər yetirmək kifayətdir. Məsələn, həmin kitabda Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Müslüm Maqomayev barəsindəki qeydlərlə bir sırada şöhrətli idman ustalarımız Ələkbər Məmmədov, Oqtay Ağayev haqqındakı yazılar eyni dərəcədə oxunaqlıdır, peşəkar qələm məhsulları kimi qəbul olunur. Müəllifin geniş və dərin dünyagörüşü, hərtərəfli savadı, qələmə aldığı bu və ya digər mövzuya peşəkarlıqla yanaşma tərzi önəmlidir.
Bu məqamda akademik Rafael Hüseynovun vaxtilə Fazil Rəhmanzadənin "Adın yadigar qalsın" kitabına yazdığı ön sözdən bir parçaya diqqəti yönəltmək istəyirəm:
"Araşdırıcılığın, kəşfin, tapıntının min bir yolu, üsulu var. Çox tapıntı, çox kəşf əlyazma xəzinələrində, kitabxanalarda, laboratoriyalarda, iş otağında dilsiz vərəqlərlə ötən səssiz, amma inadlı dialoqlarda doğulur. Fazilin jurnalistikasında araşdırıcılıq yönü də var, ancaq onun tətqiqatçılığının səmti, tərzi başqadır. Hər örtülü faktın, hər örtülü sualın arxasında insanlar durur. Fazilin jurnalist inancı belədir ki, günlərin birində Cəfər Cabbarlının bir naməlum şeirilə üzləşəndə, aşıq Növrəs İmanın indiyəcən bilinməyən şəklini tapanda, XX əsrin əvvəllərində Buxarada tacikcə ilk qəzeti buraxmış adamın azərbaycanlı Mirzə Cəlal Yusifzadə olduğundan xəbər tutanda o, akademik həvəsinə elmi məqalə yazmaq eşqinə düşmür. Daha dəqiq izlər göstərəcək, daha inamlı sözlər deyəcək canlı şahidlərin axtarışına başlayır. O canlı şahidlər ki, Fazillə danışır, ona özlərilə biryolluq apara biləcəkləri yaddaşları, xatirələri söyləyirlər, onlar bu gün var, sabah yox. Olsun ki, bir elmi məqalədən daha gec yazılan, çoxlu görüşlər, ezamiyyətlər, sorğular hesabına yaranan bir yazısıyla Fazil Rəhmanzadə neçə-neçə əvəzsiz xatirəni, yaddaşı unudulmaqdan, itməkdən xilas edir. Nəticədə isə onun bu qəbil yazıları sabahın araşdırıcıları üçün gərəkli, insan səsiylə dolu mənbələrdən birinə çevrilir".
Bu fikirlərlə tam şərikəm. Mən həmişə böyük qürur hissi ilə bildirmişəm ki, tələbə çağlarında Fazil Rəhmanzadənin şöbə müdiri olduğu "Bakı"-"Baku" qəzetləri redaksiyasında bilavasitə onun rəhbərliyi ilə təcrübə praktikasını başa vurmuşam. Sonralar da xeyli müddət onunla sıx yaradıcılıq təmasımdan çox bəhrələnmişəm. Lap düzünə qalsa, onunla hər görüş şəxsən mənim üçün əsl "ustad dərsləri" timsalındaydı. Bu "dərslər" mənə çox şey bəxş edib. Ən başlıcası, hər bir yazını qələmə alanda məsuliyyət hissini önə çəkməyi, daim təkmilləşməyi, hər kəlmənin cümlədə yerini tapmağı, dünyagörüşü artırmağı bir an da unutmamağı...
Bu baxımdan Fazil Rəhmanzadə bizə əla nümunə idi. Yada salım ki, indinin özündə yaxşı tanınan istedadlı qələm sahiblərinin bir çoxu vaxtilə məhz Fazil müəllimin yanında "ikinci universitet" təhsili almış, təkmilləşib boy atmışlar. Və həmişə də bunu fəxrlə vurğulayırlar. Onların hamısının adlarını sadalamaq mümkün olmasa da, bir neçəsini xatırlaya bilərəm; Möhbəddin Səməd, Telli Pənahqızı, Zemfira Məhərrəmli, Loğman Rəşidzadə, Qərənfil Xəlilova, Flora Xəlilzadə, Xalid Niyazov, Aqil Dadaşov, Mais Səfərli, Musa Ələkbərli, Əmir Hacıyev... Saymaqla bitən deyil.
Təbii ki, bu sırada mərhum şairlər Nüsrət Kəsəmənlini, Vaqif İbrahimi də yaddan çıxarmaq olmaz.
Həmkarımız Telli Pənahqızı adları burada anılan və anılmayanların adından sanki ustadımıza minnətdarlıq əlaməti olaraq Fazil müəllimin 1994-cü ildə çapdan çıxmış "Yol" tarixi-publisistik kitabının birinci cildinə ön sözündə çox maraqlı məqamlara toxunur. O yazır: "Cəlayi-vətən olan övladları nəsil-nəsil Azərbaycanın həsrəti ilə yaşayıblar. Doğma dili unutmamaq üçün səslərini heç kəs duymasın deyə yalnız gecələr ucadan danışıblar. Fazil müəllim bu adamları Azərbaycana, Azərbaycanı da onlara qovuşdurmaq üçün min zəhmətə qatlaşıb. Niyə deyirəm bunu? Ona görə ki, məhz indi hər kəs öz evinin, öz ailəsinin qayğıları ilə yaşadığı bu dəhşətli dövrdə həmkarım üç ildə 30-dək xarici ölkə gəzib. Özü də bu səfərlər kef havasına, ya şöhrət xatirinə deyil. Fazil müəllim ailəsinin boğazından kəsib yad məmləkətlərə, naməlum şəhərlərə üzücü səfərlərə yollanıb...
Mən jurnalistikanı özünə sənət seçən, ona bağlanan, onun bütün əzablarına qatlaşan cəfakeş fanatiklər arasında Fazil Rəhmanzadənin yaradıcılığını xüsusi diqqətlə izləyirəm. Bunun bir neçə səbəbi var. Ən başlıcası budur ki, Fazil müəllim böyük jurnalistika aləmində mənim əlimdən tutan, mənə qayğı göstərən, sözün əsl mənasında müəllimlik, atalıq edən bir adam olub. İkincisi, mən həmişə ondan səliqə-sahman, davranış, danışıq, müraciət mədəniyyəti, müsahib səriştəsi, insanlara təmiz münasibət, qərəzkarlıqdan uzaq səmimi bir yazı manerası əxz eləmişəm. Üçüncüsü, dünyanın düz vaxtı çoxları "əvvəl evin içi, sonra çölü" prinsipi ilə yaşayanda belə, Fazil müəllim "yetim-yesir" atası olub, imkanı daxilində çoxlarına kömək edib. Şəxsən mən bunun canlı şahidiyəm..."
Telli xanımın qəlbən söylədiyi bu şirin sözlər, əslinə qalsa, Fazil müəllimin "şinelindən çıxan" qələm əhlinin hamısının ümumi fikrinin ifadəsidir.
Fazil Rəhmanzadə çox çalışqan, işgüzar və məhsuldar sənət ustasıdır. Otuza qədər sırf publisistik kitabın müəllifidir. Bu baxımdan heç bir müasir həmkarını onunla muqayisə etmək olmaz. Təbii, burada kəmiyyət göstəricisini ona görə dəyərləndirmək vacibdir ki, həmin əsərlərin hamısı yüksək dəyərə malikdir. Yeni maraqlı tapıntıların, fakt və mənbələrin araşdırılıb üzə çıxarılması ilə fərqlənən və "Jurnalistin cib dəftərindən" rubrikası altında buraxılan, məmləkətimizin qüdrətli yaradıcı sənət xadimlərinin portretini təsvirə gətirən, habelə tarixi-ensiklopedik biliklər aşılayan silsilə kitablarının hər biri mühüm dəyər kəsb etmirmi?
Son 50 il ərzində bir kitabı 200 min tirajla nəşr olunan hər hansı publisistimizin adını xatırlamaq çətindir. Fazil Rəhmanzadəyə belə bir xoşbəxtlik qismət olmuşdur. Bu baxımdan Zeynəb Xanlarovaya və Müslüm Maqomayevə həsr etdiyi kitabları yada salmaq kifayətdir. Bizim günlərdə - insanların kitab oxumaq meylindən uzaqlaşmaqda olduğu bir vaxtda Fazil müəllimin kitablarına satışda rast gəlməməyimiz təbii reallıqdır.
Həm bu söz ustadının, həm də ümumən mətbuatımızın həyatında çox önəmli məna kəsb edən bir fakta diqqət yetirmək vacibdir. Vaşinqtonun "Caan books" nəşr evində 1994-cu ildə ingilis dilində "Sən mənimsən, Azərbaycan" adlı kitabının buraxılması hamımızın ürəyincə oldu. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını qəsb etməsi, erməni separatçılarının doğma yurd yerlərimizdə ağlasığmaz vəhşiliklər törətməsi həmin kitabda real fakt və mənbələrlə işıqlandırılmışdır. Kitab ABŞ-da böyük marağa səbəb olduğu kimi, erməni toplumunun ciddi hay-küyü, etirazı ilə də qarşılandı. Buna baxmayaraq, əsərin təsir qüvvəsi indiyədək ermənilərin varlığını tərk etməmişdir.
Ürəkaçan daha bir fakt: Fazil Rəhmanzadənin ötən il Bakıda nəşr olunmuş "Bu isimdə bir can".... ikicildliyinin ABŞ-da buraxılacağı barədə xoş xəbər alınmışdır. "Caan books" nəşr evinin müdiriyyəti "Bu isimdə bir can..."ı da orada ingilis dilində çap etmək istəyini məktubla müəllifə bildirmişdir. Arzulayırıq ki, bu müqəddəs istək tezliklə reallaşsın.
Yeri gəlmişkən yada salım ki, Fazil müəllim vaxtilə Moskvada nəşr olunmuş ən mötəbər qəzet və jurnallardakı məqalələri ilə də tanınırdı. "İzvestiya", "Nedelya", "Sovetskaya kultura" kimi mətbuat orqanlarında onun mütəmadi dərc edilən müxtəlif səpkili yazıları geniş marağa səbəb olurdu.
Əlbəttə, kiçik bir qəzet məqaləsində bu görkəmli publisistin yaradıcılıq aləmini, fəaliyyətinin bütün spektrlərini, vətəndaş, sənətkar kimi mühüm ictimai mövqeyini tam mənası ilə sərgiləmək qeyri-mümkündür. Məsələn, onun son illərdə bir çox beynəlxalq müşavirələrdə, simpoziumlarda, toplantılarda iştirakı, həm də sadəcə iştirakçı yox, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı real həqiqətləri ictimaiyyətə aşılamaq cəhdi az iş deyil. Biz həmin toplantılarda Fazil Rəhmanzadəni vətənpərvər qələm ustası, ağıllı-zəkalı, məntiqi düşüncə sahibi olan bir azərbaycanlı kimi görürük. Belə toplantılardan birinin iştirakçısı olan pedaqoji elmlər doktoru Vaqif Qurbanov danışır ki, Moskvada Fazil müəllimin çıxışı o qədər təsirli oldu ki, ertəsi gün plenar iclasda çıxışçılar bir neçə dəfə ona istinadən fikirlər irəli sürürdülər. Söhbət isə Dağlıq Qarabağdan gedirdi....
Fazil Rəhmanzadə əlamətdar yubileyi ərəfəsində öz pərəstişkarlarını yeni, dolğun yaradıcılıq töhfəsi ilə bir daha sevindirdi. Unudulmaz aktyorumuz Ələsgər Ələkbərovun ömür yollarından söhbət açan "Dahiliyin sehri" kitabı da çox böyük maraqla qarşılandı. Bu da çox təbiidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının filologiya doktoru, "Qızıl qələm", "Dan ulduzu", "Humay", H.B.Zərdabi mükafatları, respublikanın əməkdar mədəniyyət işçisi fəxri adı istedadlı publisistin çoxillik səmərəli fəaliyyətinə, mətbuatımızın xəzinəsini zənginləşdirən monumental əsərlərinə verilən çox dəyərli qiymətdir.
Son illərdə ərsəyə gətirdiyi kitabları bir daha göstərdi ki, Fazil Rəhmanzadə ikinci gənclik dövrünü yaşayır.
Ad günün mübarək, ustad. Rafiq Hacıyev