Türk dünyasının tanınmış şair və yazıçısı Nazim Hikmət 1902-ci ildə Selanikdə anadan olub. Atası Hikmət bəy, anası Cəmilə xanımdır.
Orta təhsilini bitirdiyi zaman şeir yazmağa başlayan Nazimin ilk şeirlərindən biri 1918-ci ildə "Yeni Məcmuə"də yayımlanıb. Nazim tez-tez onlara gələn Yahya Kamala heyran idi. Yazdığı şeirləri ona göstərərək fikrini sorardı. Beləcə, yazdığı şeirlərlə qısa zamanda şairlər arasında tanınmağa başlayan Nazim Hikmət 1920-ci ildə "Ələmdar" qəzetinin açdığı bir şeir yarışmasında birincilik qazanır. İstanbulun işğal altında olduğu dönəmdə yazdığı coşqu dolu şeirlərdən bəziləri vətənin xilası üçün gəncləri savaşa çağıracaq məzmunda olub.
1921-ci ildə Nazim Hikmət üç şair dostu ilə birlikdə İneboluya gəlir. Onların məqsədi Ankaraya gedib milli hərəkatda iştirak etmək idi. Ancaq Ankaraya gediş izni bu dörd dostdan Nazim Hikmətlə Vala Nurəddinə verilib. Ankaraya gəldiklərində onlardan İstanbul gəncliyini milli qurtuluş mücadiləsinə çağıran bir şeir yazmaları istənir. Bu iki dost üç gün ərzində bir şeir yazır. 10 min tirajla nəşr edilən bu şeir gözlənildiyindən daha çox maraq oyadıb. Hətta Böyük Millət Məclisində bu maraqdan doğa biləcək problemlərlə əlaqəli müzakirələr keçirilib. Bu zamanlar Mustafa Kamalla da tanış olan bu gənclər müəllimlik vəzifəsilə Boluya göndəriliblər. Boluda müəllimliyə başlayan gənclər camiyə getmədiklərinə görə yerli əhali tərəfindən xoş qarşılanmayıblar. Belə olduqda onlar bir hakim olan Ziya Hilmi tərəfindən himayə altına alınıblar. Üzərlərindəki təzyiqdən narahat olan Nazim və Vala Sovetlər İttifaqını təriflərlə anladan Ziya Hilminin təsirilə Trabzondan Batuma keçərək Moskvaya gediblər.
Gələcəyin məşhur şairi Nazim Hikmət Moskvada rusca öyrəndiyi zaman inqilabçı sovet şairlərinin yazdıqlarını oxuyub, Mayakovskidən təsirlənib. Vala Nurəddinlə birlikdə Şərq Əməkçiləri Kommunist Universitetinə qeyd olunaraq iqtisadiyyat və siyasət mövzularında təhsil almağa başlayıb.
Nazim Hikmətə təsir edən bu yeni dünyada yazdığı şeirlərdən bəziləri "Aydınlıq" və "Yeni həyat" jurnalında yayımlanıb. Gələcəyin şairi o illərdə TKP-yə girib və ömrünün sonuna qədər bu partiyada çalışıb.
Nazim Hikmət 1924-cü ildə gizlicə İstanbula dönərək "Aydınlıq" jurnalında çalışmağa başlayıb. Polis tərəfindən izləndiyini hiss etdikdə isə İzmirə köçüb. Şeyx Səid üsyanından sonra 1925-ci ildə çıxarılan Takriri-Sükun qanununa görə qurulan Ankara İstiqlal Məhkəməsi tərəfindən qiyabi şəkildə 15 il həbsə məhkum edilib. Belə olduqda gizləndiyi İzmirdən İstanbula gələrək yenə Sovet İttifaqına keçib. 1926-cı ildə Cumhuriyyət bayramında çıxarılan qərar nəticəsində əfv edildiyini eşitdikdə pasport alıb vətənə dönmək istəsə də, buna nail ola bilməyib. Buna baxmayaraq, 1928-ci ildə gizlicə Türkiyəyə döndükdə yaxalanıb. Saxta pasport daşıdığına görə 3 gün müddətinə həbs cəzasına məhkum edilən Nazim Hikmət həbsxanada qaldığı müddət bundan artıq olduğuna görə sərbəst buraxılıb.
Üsyankar bir ruhun sahibi olan Nazim Hikmət 1928-ci ildə Türkiyəyə gəldikdən sonra müxtəlif jurnal və qəzetlərdə işləməyə başlayıb. 1938-ci ildə Hərb məktəbində kommunizm təbliğatı etmək cinayətindən 28 illik həbsə məhkum olunub. Çankırı, Üsküdar və Bursa cəza evlərində 12 ildən artıq qaldığı bu həbs dönəmində bir çox şeir və ssenarilər yazıb, rəsmlər çəkib, ağac işçiliyi və toxumaçılığı öyrənib. Həbsxanada məşhur "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi," "Yusif və Züleyxa" pyeslərini və bir çox başqa əsərlərini yazıb. Yazdıqlarından bir bölümünü gizli adlarla nəşr etdirib.
Nazim Hikmətin bir xətaya qurban getməsi ilə əlaqəli Əhməd Əmin Yalmanın "Vətən" qəzetində başlatdığı kampaniya ictimaiyyətdən dəstək görüb. Bu tarixi şəxsiyyətin sərbəst buraxılması üçün bir çox ziyalının imzaladığı yazının Cumhurbaşqanına, Beynəlxalq Hüquqçular Birliyinin yazdığı məktubun TBMM ilə Ədalət və Milli Müdafiə nazirliklərinə göndərilməsindən bir nəticə əldə olunmadıqda, ürəyindən və qara ciyərindən xəstə olan Nazim Hikmət 8 aprel 1950-ci ildə aclıq elan edib. Bir gün sonra vəziyyəti pisləşən Nazim tez-tələsik İstanbula aparılaraq xəstəxanaya yerləşdirilib. Seçkiləri qazanan Demokrat Partiyasının çıxardığı əfv maddəsilə cəzası endirilən Nazim Hikmət 1950-ci ilin iyul ayında çıxarılan ümumi əfv nəticəsində azadlığa buraxılıb.
Cəza evindən çıxdıqda o, Pirayədən ayrılaraq həbs həyatının son illərində aşiq olduğu Münəvvər Andaç ilə evlənir. 1951-ci ildə anadan olan oğluna Məhməd adını qoyur. Cəza evindən çıxdıqdan sonra da Nazim Hikmət polis tərəfindən izlənirdi. Özünə qarşı belə davranışlara dözə bilməyən dahi şair çox sevdiyi ölkəsini tərk etməyə qərar verib. 1951-ci il iyun ayının 17-də evindən ayrılaraq qohumu Rəfik Erduranın yardımı ilə gizlicə əvvəl Rumıniyaya, oradan da Sovet İttifaqına qaçıb və orada Türkiyənin əleyhinə fəaliyyətlərdə olduğuna görə Türkiyə vətəndaşlığından çıxarılıb. Belə olduqda Sovet İttifaqı vətəndaşlığına keçmək məcburiyyətində qalıb. Vətəndən, ailədən ayrı düşmək Nazim Hikmətə çox ağrılar verib. O, 1952-ci ildə ağır bir infarkt keçirib. Bir müddət müalicə olunduqdan sonra bir çox ölkələrə səyahət edən Nazim Hikmət beynəlxalq şöhrət qazanıb. Bu illərdə gələcək gözəl günləri, Vətən həsrəti və sevgini mövzu alaraq, duyğu dolu hisslərlə çox gözəl şeirlər yazıb və şairliyin zirvəsinə yüksəlib. Ürək xəstəsi olan Nazim Hikmət 1963-cü ilin əvvəlindən etibarən ölümə yaxınlaşdığını ifadə edən şeirlər yazmağa başlayıb. Həmin ilin 3 iyun günü evində infarkt keçirərək həyata vida edib.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dostluq edib, onlarla yaradıcılıq əlaqəsi qurub. Onun Azərbaycana həsr etdiyi şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya qoyulub. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyni adlı balet yazıb. Azərbaycanın digər bəstəkarları Nazim Hikmətin şeirlərinə romanslar bəstələyiblər. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkib, M.Rzayeva isə şairin büstünü yaradıb. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazıblar.
Nazim Hikmət Azərbaycan ədəbiyyatını yaxşı bilirdi. O, həm Nizami, Füzuli, M.F.Axundov, Sabir haqqında, həm də müasirləri Səməd Vurğun, Süleyman Rüstəm, Əhməd Cəmil, Rəsul Rza, Mikayıl Rəfili haqqında məqalələr təqdim edirdi. Eyni zamanda Bakının gözəlliyi haqqında yazılar yazırdı. Nazim Hikmət Bakıda olduğu müddətdə Bülbülün ifasında "Koroğlu"nu dinləyir, "Yeddi gözəl"dən zövq aldığını yazır, Filarmoniyada xalq mahnılarına, muğamlarına qulaq asdığını bildirir, musiqili komediya teatrında olduğunu qeyd edir.
Nazim Hikmət ona yaxın olan Azəri türkcəsinin danışıldığı bir yerdə özünü çox rahat hiss edərdi. O deyirdi,"Azərbaycan mədəniyyətinə bağlıyam. Bu bağlılıq yalnız Sovet Azərbaycanı mədəniyyətinə deyil, çevrilişdən əvvəlki Azərbaycan mədəniyyətinə aiddir. Məsələn, Dədə Qorqud bir Azərbaycan yazıçısı üçün böyük abidədir, mənim üçün də! Koroğlu həm Azərbaycan xalqının, həm də mənim xalqımın qəhrəmanıdır. Sabir Azərbaycan ədəbiyyatının ilk realist, xalqçı, satirik şairi, heyran olduğum ustaddır. Üzeyir Hacıbəyovun musiqisi öz musiqimiz qədər mənə yaxındır".
Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirib. Onun yaradıcılığı müasir Türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunub, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub.
Nazim Hikmət 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun, 1959-cu ildən sonra isə onun Rəyasət heyətinin üzvü olub.
Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olduqca, təzadlı şair kimi tanınan, öz ideyasının qurbanı olan Nazim Hikmətin Azərbaycanda xüsusi bir qayğı və sevgi ilə anıldığının fərqində oluruq. Onun Azərbaycan şair və yazıçıları ilə əlaqələri və Azərbaycan ədiblərinin də onun haqqında yazdıqları çox maraqlıdır. Görəsən ömrü həbslərdə, sürgünlərdə keçən bu şairin Azərbaycanda bu qədər sevilməsinin, onun haqqında çox sayda elmi-publisistik məqalələrin, tədqiqat əsərlərinin, kitabların yazılmasının səbəbi nə idi? Və elə bir fitri istedadlı şair, dramaturq, türk inqilabi poeziyasının işığı olan Nazim Hikmətin Azərbaycan ədəbiyyatı ilə nə qədər bağlı olduğunu araşdırdıqca bir daha əmin olursan ki, Nazim Hikmətin Azərbaycan ədəbiyyatında ayrıca bir yeri var. Keşməkeşli həyatı, ürəkləri parçalayan, eyni zamanda hayqıraraq insanları öz haqları uğrunda mübarizəyə səsləyən şeirləri ilə həmişə zirvələrdə qalacaq, könüllərdə yaşayacaq Nazim Hikmət. "Ürəyin qadını-kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!" - deyib Nazim Hikmət. Cəmi 61 il yaşayan bu böyük insan dərdlə, həsrətlə naxışlanan bir ömrə sahib olub. Ölkəsinə və millətinə bütün varlığı ilə bağlı olan Nazim Hikmət böyük insan, əsl vətəndaş idi.
Nazim Hikmət 1963-cü ildə Moskva şəhərində ürək tutmasından vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub. Amma türk dünyasının böyük şairi 1953-cü ildə yazdığı "Vəsiyyət" şeirində Anadoluda basdırılmaq istədiyindən söz açmışdı. Bir övlad kimi həsrətini ürəyində daşıdığı İstanbulu şeirləri ilə oxşaya-oxşaya qalmışdı Nazim Hikmət. O, elə bir qatarın sərnişini idi ki, geriyə yolu yox idi. Olumla ölüm arasında çırpına-çırpına qalan Nazim Hikmət faciəsini özü daha yaxşı bilirdi. Demək olar ki, bütün şeirlərində bu çətin yolların yolçusu olduğunu, nigarançılığını çox qəribə ifadələrlə bildirirdi...
Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə yad etməyə borcluyuq.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor