"Mən özümü azərbaycanlı, azərbaycançı hesab edirəm"
O özünü əsl azərbaycançı sayır və yaşadığı ölkədə Azərbaycanı layiqincə tanıda bilir. Yəhudi əsilli Azərbaycan şairi Simax Şeydadan danışıram. O, ədəbiyyatda öz sözünü deyən ağsaqqal ədiblərimizdən biridir. Azərbaycanı ürəyi, canı bilən Simax Şeydanın taleyinə qürbətdə yaşamaq düşüb. O, Almaniyanın Münhen şəhərində yaşayır. Simax müəllim Azərbaycanı unutmur, hər il vətənə gəlir. Tanınmış şair, ictimai xadim S.Şeyda hazırda Bakıdadır. Onunla görüşüb söhbətləşdim.
- Simax müəllim, Sizi vətəndə xoş gördük. Bakıda özünüzü necə hiss edirsiniz?
- Deyirlər ki, vətənə gəldin, imana gəldin... Özümü çox əla hiss edirəm. Bakıya həmişə böyük sevinclə gəlirəm. Bakını çox sevirəm. Mən Azərbaycanda doğulmuşam, buranın suyunu içib havasını udmuşam, Azərbaycanın yaxşı oğlanları, gözəl insanları ilə dostam. Oğuz rayonunda doğulmuşam, Gəncədə böyümüşəm, oxumuşam.
- Azərbaycan Münhendən necə görünür?
- Çox gözəl görünür. Mən hər dəfə Bakıya gələndə şəhərdə yeniliklər görürəm. Bu məni sevindirir. Bakı dəyişir, gözəlləşir, körpülər, hündür binalar, abad parklar çox gözəldir. Şəhərə gələndə elə bilirsən ki, başqa bir yerdəsən, adam heyrətlənməyə bilmir. Azərbaycan günü-gündən inkişaf edir, Azərbaycanın böyük gələcəyi var. İnkişaf sayəsində Azərbaycan şəhərləri Avropanın ən gözəl şəhərləri ilə rəqabətə girə bilər. Azərbaycan özü də dünyanın inkişaf etmiş dövlətləri ilə eyni səviyyədə görsənəcək. Baxmayaraq ki, o ölkələrin uzunillik dövlətçilik təcrübəsi var, müstəqillik tarixlərinin yaşı çoxdur. Ancaq müstəqil Azərbaycan dövləti gəncdir, hələ onun 25 yaşı var, amma güclüdür, əzəmətlidir. Bilirsiniz ki, biz uzun illər sovet əsarəti altında olmuşuq. Yuxarıdan nə deyiblər, onu etmişik, bizə sərbəstlik verilməyib. Ancaq bu gün müstəqilik, ölkəmiz inkişaf edir. Mən Azərbaycanla fəxr edirəm.
- Yeri gəlmişkən, deyim ki, Siz böyük azərbaycanlılardan və azərbaycançılardan birisiniz. Sizin yaradıcılığınızın böyük hissəsi Azərbaycanla, Azərbaycan dili, mədəniyyəti, təbiəti, başlıcası olaraq Qarabağ dərdi ilə bağlıdır.
- Mən özümü azərbaycanlı, azərbaycançı hesab edirəm. Çünki mənim dostlarımın hamısı azərbaycanlılardır. Uşaqlıqdan azərbaycanlılarla təmasda olmuşam, birgə oxumuşuq. Mən orta məktəbi Gəncədə oxumuşam. Məktəbə bir saat, saat yarım tez gedirdim, həm dərsimizi oxuyurduq, həm də uşaqlarla ünsiyyətdə olurduq, bir-birimizə kömək edirdik. Dostlardan çox şey öyrənmişəm. Ona görə də özümü bir azərbaycanlı sayıram. Azərbaycan doğma vətənimdir. Gözümü Azərbaycanda açmışam.
- Simax müəllim, Siz Azərbaycanı xaricdə təmsil edən söz adamısınız. Azərbaycanı necə tanıdırsınız?
- Həmişə çalışıram ki, Azərbaycan haqqında insanlara məlumat verim. Qarabağ dərdi mənim dərdimdir. O vaxt dəfələrlə Qarabağda olmuşam. Oranın təbiəti də, insanları da mənə doğma olub. Qarabağa tez-tez gedərdim, Ağdamda, Şuşada çox günlərim keçib. Şuşada Xalq Teatrını açmışdıq, sonra onu dövlət teatrı səviyyəsinə gətirdik.
- Siz uzun illər Teatr Xadimləri İttifaqında işləmisiniz. Yəqin o dövrlərdən danışırsınız...
- Bəli. Qarabağ mənim üçün çox əzizdir. Yaradıcılığımdan Qarabağ mövzusu qırmızı xətt kimi keçir. Bu mövzuda çoxlu şeirlərim var. Mən həm uşaqlar, həm də böyüklər üçün yazıram. Uşaqlar üçün yazdığım xeyli sayda şeirin mövzusu Qarabağla, işğal olunmuş torpaqlarımızla bağlıdır. Məqsədim odur ki, Qarabağın necə bir diyar olduğunu bilsinlər. Yeni nəsil bilməlidir ki, Qarabağ qədimdən Azərbaycan torpağı olub, Allah qoysa, yenə də Azərbaycanın olacaq. Allahın köməkliyi ilə üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal altında olan torpaqlarımızda dalğalanacaq.
Böyüklər üçün yazdığım şeirlər arasında da Qarabağ, Xocalı mövzusunda nümunələr var. 20-dən çox şeirim bu mövzuya həsr olunub. Eyni zamanda da "Xocalıdan gələn oğlan" adlı bir pyes yazmışam. Bu pyesi Ağdam Dövlət Dram Teatrı götürüb tamaşa hazırlamalıdır. Teatr Bakıda yerləşmir. Quzanlıda yerləşir.
- Azərbaycan çoxmillətli dövlətdir. Yəhudilər də bir neçə əsrdir Azərbaycanda yaşayır. Xalqlar arasında qardaşlıq, dostluq münasibətləri var. Bu barədə nə deyərdiniz?
- Tamamilə Sizinlə razıyam. Mən 60 il Azərbaycanda yaşamışam. Onun 30 ili Gəncənin, 30 ili Bakının payına düşüb. Sonra səhhətimlə bağlı Almaniyaya getmişəm. Yəhudi xalqı ilə Azərbaycan xalqı hər zaman dost olub, bir-birindən dəstəyini əsirgəməyib. Həmişə azərbaycanlılarla yəhudilərin çörəyi, suyu bir olub. Ona görə də Azərbaycan xalqı həm qonaqpərvərdir, həm də Allaha bağlı xalqdır.
- Bu gəlişinizdə "Qırmızı qəsəbə"yə getdinizmi?
- Yox, gedə bilmədim. Ancaq keçən il getmişdim.
- Simax müəllim, 80 illik yubileyinizlə bağlı Azərbaycan dövləti tərəfindən mükafatlandırıldınız. Bu Sizin fəaliyyətinizə, əməyinizə qiymətdir. Bu Sizdə necə hisslər yaratdı?
- Əlbəttə, çox sevindim. "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu"na layiq görüldüm. Eyni zamanda da Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edildim. Nazir Əbülfəs Qarayev özü məni mükafatlandırdı. Yubileyim burada keçirildi. Azərbaycan Yazıçılar Birliyində mənə çox yüksək səviyyədə yubiley keçirildi. Yubileyimin Yazıçılar Birliyində keçirilməsi mənə daha böyük sevinc bəxş etdi. Çünki Birlik mənim üçün çox doğmadır. Deyim ki, 70 və 75 illik yubileylərim də Azərbaycan Yazıçılar Birliyində keçirilib.
- Simax müəllim, ədəbiyyata gələndə kimlərdən qayğı gördünüz?
- Yaradıcılığımın ilk illərini xatırlayanda yadıma müəllimlərim düşür. Çünki ilk şeirlərimi, ilk ürək çırpıntılarımı orta məktəb müəllimlərimə oxuyub onların xeyir-duasını almışam. 13 yaşımda "Geniş düzlər" adlı bir şeir yazdım. Həmin şeiri Qənirə müəlliməyə göstərdim. Soruşdu ki, kimin şeiridir? Dedim mən yazmışam. "Çox yaxşıdır, davam et" - dedi. Yuxarı sinifdə oxuyanda ədəbiyyat müəllimimiz Əli müəllimə göstərdim şeirlərimi, o da bəyəndi. Həmişə tədbirlər olanda məni özü ilə aparırdı, mən də şeir deyirdim, çıxış edirdim. İlk qayğını müəllimlərimdən görmüşəm. Gəncədə Yazıçılar İttifaqının filialı vardı. Ora Nəriman Həsənzadə də gedirdi, mən də gedirdim. Onda mənim 13 yaşım vardı, Nəriman müəllim isə ali məktəb tələbəsi idi. Biz N.Həsənzadə ilə o illərdən indiyə qədər dostuq, qardaşıq, həmişə xoş, səmimi münasibətdəyik.
- İlk şeirlərinizi Azərbaycan dilində yazmısınız?
- Bəli. Mən uşaq şeirləri də çox yazmışam. O vaxt uşaq şeirlərimi bir neçə dəfə Gəncədə İttifaqın filialında oxudum və "yaxşı şeirlərdir" deyirdilər. Mən də uşaq şeirlərimi götürüb "Pioner" qəzetinə göndərdim. Böyüklər üçün yazdığım şeirləri bir dəfə "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat") qəzetinə göndərdim, bir də gördüm ki, çap olunub. Yadımdadır, "Şad xəbər" adlı şeir idi. Beləliklə, o dövrün mətbuat orqanlarında çap olunmağa başladım. Sözlərimə mahnılar yazılıb. Uşaq mahnıları da var ki, bir neçəsinin sözünü mən yazmışam. "Bir xoruzum var" şeirimə mahnı bəstələnib, həmin mahnı "Qızıl fond"da saxlanır.
- Kim bəstələyib?
- Xalid Qədirov. Bu mahnının yaranma tarixçəsi var... Mən Gəncədə Xalq Yaradıcılıq Evinin direktoru işləyirdim. Bu idarə 22 rayonu əhatə edirdi. Şair Məzahir Daşqınla Zaqatalaya getmişdik. Məqsədimiz xalq teatrının tamaşasına baxış keçirmək idi. Onda Daşqın Xalq Yaradıcılıq Evinin folklor şöbəsinin müdiri idi. Getdik tamaşaya baxdıq. Orada da Xalid Qədirovla tanış olduq. Dedi ki, uşaq şeirlərinizi oxumuşam, çox xoşuma gəlir, yeni şeiriniz varsa, verin mahnı yazım. "Bir xoruzum var" şeirimi verdim. Üstündən bir ay keçmişdi, Xalid müəllim Gəncəyə gəldi və dedi ki, Simax müəllim, mahnını bəstələmişəm. İfa etdi, qulaq asıb gördüm ki, çox yaxşıdır. Aradan bir az keçmişdi, Yusif Əzimzadə Gəncəyə gəldi. O, "Göyərçin" jurnalının redaktoru işləyirdi. O vaxt "Mənim bir xoruzum var" mahnısının notunu ona verdim, o, jurnalda çap etdi. O mahnını uşaqlar oxuyurdular, bu gün də uşaq musiqi kollektivlərinin repertuarında yaşayır.
Mehriban xanım Əliyevaya "Mehriban nənə" adlı şeir həsr etmişəm. Həmin şeirə mərhum bəstəkarımız Oqtay Zülfüqarov mahnı bəstələyib. Oqtay müəllim "Şar", "Saat" şeirlərimə də vaxtilə mahnı yazıb.
İki şeirimə bəstəkar Nadir Əzimov mahnı yazıb. Mahnının biri "Ana" şeirimə yazılıb, o biri isə "Bakı-2015"ə həsr olunub. O mahnını müğənni Danna oxuyurdu. "Ana" şeirimə yazılan mahnını da yəhudi dilində Danna ifa edir.
- Danna yəhudi qızıdır?
- Xeyr, azərbaycanlıdır.
- Siz əsasən Azərbaycan dilində yazmısınız. Bildiyim qədər, yəhudi dilində yazmağa gec başlamısınız. Nə vaxtdan ana dilinizdə yazmağa başladınız?
- Əvvəllər burada yəhudi dilində mətbuat orqanları yox idi. Ona görə yəhudi dilində yazmırdım ki, mətbuat yox idi, yazdığımı kim oxuyacaq? Sonra yəhudi dilində uşaqlara, dostlara bir neçə zarafatyana şeirlər yazdım. Gördüm ki, çox gözəl alınır. Elə gətirdi ki, İsrailə getmək məsələsi ortaya çıxdı. İsraildə çıxan qəzet və jurnallara yəhudi dilində olan şeirlərimi göndərdim, çap etdilər. Sonra davamlı yazmağa başladım. İndiyə qədər mənim 25 kitabım çıxıb. "Seçilmiş əsərlər"im nəşr olunub, birinci, ikinci, üçüncü cildlər Azərbaycan dilindədir. Dördüncü cild bu yaxınlarda çıxacaq. Bura yəhudi dilində olan şeirlərim toplanıb. Beşinci cild də hazırlanır, o da yəhudi dilində olacaq.
- Şairlərdən kimlərlə dostluq edirdiniz?
- Düzdür, dostlarımın çoxu Gəncədə olub. Bakıda Nəriman Həsənzadə, Məmməd Namaz, Musa Ələkbərli, rəhmətlik Tofiq Bayram, Allahverdi Tağızadə mənim dostlarım olub. Deyim ki, dostlarımın hamısı azərbaycanlıdır. Yəhudilərlə toydan-toya, yasdan-yasa görüşürdüm, qalan vaxtlarım azərbaycanlılarla keçirdi.
- Valideynləriniz Gəncədə doğulub?
- Xeyr, valideynlərim Oğuz rayonundandır. Mən 1936-cı ildə Oğuzda doğulmuşam, 1940-cı ildə ailəmiz Gəncəyə köçüb. Anam məni elə çox əzizləyib ki, üstümdə yarpaq kimi əsirdi. Ailədə dörd uşaq olmuşuq, mən ikinci uşaq olmuşam. Mən uşaq olanda bizim həyətə bir falçı gəlmişdi. Məndən yapışdı ki, bura gəl, sənin falına baxım. Əlimə baxıb dedi ki, sən böyük adam olacaqsan, sənin səsin uzaqlardan gələcək. Mən də o, danışdıqca gülürdüm, uşaq idim də.
Anam məni çox qoruyurdu. Çox arıq idim. Valideynlərimin 15 il uşağı olmamışdı...
Məni çox tez evləndiriblər - 18 yaşımda. Atamın Oğuzda yaşayan dostunun qızını alıblar mənə. O vaxt belə idi ki, valideyn kimi istəyirdi onu alırdı.
- Simax müəllim, Sizin yaradıcılığınızda vətənpərvərlik şeirləri üstünlük təşkil edir. Gənclərə sözünüz varmı?
- Vətənpərvərlik şeirlərim çoxdur. Deyərdim ki, şeirlərimdə bütün Azərbaycan ellərinin xəritəsini yaratmışam. Elə bir diyarımız yoxdur ki, şeirlərimdə onun obrazı olmasın. Gənclərə sözüm odur ki, vətəni, dövləti sevsinlər.
İradə SARIYEVA