Əziz oxucular, sizə Ordubad rayonunun Gənzə kəndində yaşayan və doğma elində öz gözəl, oxunaqlı poeziya nümunələrini yaradan, Naxçıvanda kifayət qədər populyar olan, oxucu sevgisi qazanan Bəhruz Nisgil Ordubadinin “Təbrizin” şeirini təqdim edirik:
Oldum “Şah” gölündə, “Bağlar” bağında,
Ağlardı çiçəyi, gülü Təbrizin.
Üzlərdə yox idi sevincdən əsər,
Matəm içindəydi eli Təbrizin.
Ya rəbb, nələr gördüm orada, nələr,
Nisgilli qəlbimə doldu qəm, kədər,
Çadralar altında baxan o gözlər,
Dedi: “-Lal olubdur dili Təbrizin”.
Təlaş içindəydi sanki adamlar,
Elə bil kimdənsə qaçırdı onlar,
O gecə yuxuma girdi Şəhriyar,
Söylədi: “-Qırılıb beli Təbrizin”.
Təkcə çal saqqallı əcaib molla,
Arxayın-arxayın gedirdi yolla.
Şeytan dedi, bunun ayağın bağla,
Açılsın qanadı, qolu Təbrizin.
Qəzəbdən, hiddətdən əlim əsirdi,
Millət öz yurdunda vallah əsirdi,
Kinli baxışlardan sanki əsirdi,
İnqilab küləyi, yeli Təbrizin.
Yazıq görkəmləri gülüşə həsrət,
Üzlərdə yorqunluq, gözlərdə nifrət.
Sanki bir məhbusdur, o yazıq millət,
Qardaş, pərişandı halı Təbrizin.
Baxdım məni süzən bədbəxt gözələ,
Axdı gözlərimdən yaş gilə-gilə.
Ümid qığılcımı sönməmiş hələ,
Çox da ki, qalıbdır adı Təbrizin.
Dərin düşünəni əzir, döyürlər,
Gəlin paltarın da qara geyirlər.
Burda nökərə də “ağa” deyirlər,
Dillərdə ağadır qulu Təbrizin.
Yəqin ki, bəllidir sizə bu söhbət,
Qadına ehtiram, qadına hörmət.
Möhürsüz siğədir eşq-məhəbbət,
Ötübdür qızını dulu Təbrizin.
Bir gün qonaq oldum bir sürücüyə,
Dərdi sığışmırdı nə yer, nə göyə.
Dedi: “-Salam apar Ordubadiyə”-
De ki: “-Dumanlıdır yolu Təbrizin”.
Bəhruz, kaş çin ola bütün arzular,
Durula lil sular, bulanıq sular.
Mənim yaradandan bir istə yim var,
Yetişə dadına ƏLİ Təbrizin.
Bəhruz Nisgil Ordubadi