Nazirlər Kabineti yanında Operativ Qərargahın teatrların fəaliyyətinin bərpa olunması ilə bağlı verdiyi qərar Sumqayıt Dövlət Dram Teatrının kollektivində də yüksək əhval-ruhiyyə yaradıb.
Bu münasibətlə, pandemiya qaydalarına əməl edilməklə, teatrda ümumi toplantı keçirilib. Bu barədə “Bakı-Xəbər”ə məlumat teatrın mətbuat xidmətindən daxil olub. Məlumatda qeyd edilir ki, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov əvvəlcə uzun fasilədən sonra yaradıcılıq prosesinin bərpası ilə əlaqədar hər kəsi təbrik edib və qarşıda duran işlərdən danışıb, əvvəlki yaradıcı mühitin, peşəkar vərdişlərin, yarımçıq tamaşaların bərpasının zəruriliyini vurğulayıb.
Direktor bildirib ki, bu müddət ərzində virtual onlayn repertuar planı ilə işləsək də, hər halda teatr canlı sənətdir və aktyor tamaşaçı nəfəsini duyarkən səhnədə daha inamlı olur.
Mübariz Həmidov bərpası nəzərdə tutulan tamaşaları və yeni əsərlərin stolarxası məşqləri ilə bağlı konkret tövsiyələrini verib. Daha sonra iki monotamaşanın, bir neçə tamaşanın məşqlərinin nizama salınması üçün artıq truppa müdiri tərəfindən qrafikin hazırlandığını bildirib. Eyni zamanda yaxın günlərdə Nizami Gəncəvi ilə bağlı "Xəzinə"adlı yeni tamaşa-kompozisiyanın da məşqlərinin başlanacağını diqqətə çatdıran direktor tamaşaçının yenidən teatra cəlb olunması ilə bağlı yeni ideya və təkliflərin üzərində işləndiyini söylədi və yaradıcı heyəti işə başlamaq münasibətilə bir daha təbrik edib.
Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov öz növbəsində yaradıcı kollektivi təbrik edərək, aktyor truppasına uzun fasilədən sonra əvvəlki performanslarını tez bir zamanda bərpa etmələrini tövsiyə edib.
Məlumata görə, hazırda Ülviyyə Heydərovanın hekayələri əsasında işlənmiş "Uşaqlıq" və "Pələng" monotamaşalarının, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Uşaqlar üçün nəzərdə tutulmuş “Göyçək Fatma” tamaşalarının tamamlanma işlərinə start verilir.
İradə SARIYEVA