Cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməz qalır. Bununla belə, inflyasiyanın xarici mənşəli xərc amillərində aktivləşmə müşahidə edilir.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, ötən iclasdan bəri qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər xarici inflyasiya risklərinin yüksəlmə ehtimalını artırır.
"Sürətlə dəyişən qlobal mühitdə dünya ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin yavaşlaması inflyasiyanın xarici risk amillərini artıra bilər. Bu amillərin dayanıqlı olub-olmaması ilə bağlı dərin təhlillər aparılır. Daxili mühitdə isə mövcud fiskal və pul siyasəti fonunda məcmu tələbin izafi genişlənməsi ehtimalı yüksək deyil", - məlumatda qeyd edilib.
Bildirilib ki, illik inflyasiya hədəf daxilindədir və baza ssenari üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir:
"2026-cı ilin mayında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya 5.6% təşkil edib".
ZÜMRÜD