Azərbaycanın Qarabağdakı erməniəsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsi ölkəmizin humanizm prinsiplərinə sadiqliyinin real təzahürləridir.
Amma bunlar fonunda erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndiyə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması qarşı tərəfin məkrli niyyətindən xəbər verir.
Hazırda Qarabağdakı qondarma rejim Ermənistanın fitnəsi ilə Qızıl Aypara Cəmiyyətinin ərzaq konvoyunun oraya daxil olmasına imkan vermir. Bütün bunlar həmin bölgədə yaşayan ermənilərin ərzaq, xüsusilə un çatışmazlığı ilə üzləşdiyi barədə Ermənistanın davamlı təbliğatı fonunda baş verir. Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında əslində problem olmadığını da deməyə əsas verir. Amma hər bir halda Ermənistanın bu addımı sözügedən dövlətin irqçi siyasətini göstərir. Erməni tərəfinin hamilərindən aldığı məslətlərlə bunu etməsi də sirr deyil. Lakin rusiyalı tarixçi və ekspert Modest Kolerov sonda Ermənistanın tək qalacağını bildirir, İrəvanı bunları nəzərə almağa çağırır: “Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur. Sülhməramlıların özləri Qarabağda “quş hüquqları” ilə yerləşiblər. Yəni onlar burada müvəqqətidir, köçməyə hazırdır. Buna səbəb sülhməramlıların detallı mandatının olmamasıdır: “Bakı təfərrüatlı mandat verməkdən imtina etdi. Bakının mandatı uzadacağına isə əmin deyiləm”. O hesab edir ki, sülhməramlılar döyüşməyəcək, çünki təfərrüatlı mandat olmadan heç bir hərəkət legitim sayılmayacaq: “Ukraynada vəziyyət indi başa çatsa və Kiyev təslim olmağa yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeləri güclənərdi və hətta Azərbaycan da bu faktı qəbul etməli olardı. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq. Bu vəziyyətdə Paşinyanın nəyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyanı dəstəkləmir? O başa düşmür ki, Rusiya Ukraynada nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir?”. O iddia edib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğunun uzun müddətdir mənası yoxdur, çünki Rusiyanın Cənubi Qafqazda maraqları Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub: “Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistanın qeyri-dost siyasi mühitindədir. O bazaların mövcudluğu artıq uzun müddətdir məntiqsizdir, Rusiyanın maraqlarını qorumur, əvəzində Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”. Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır: “İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, necə deyərlər, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya istiqamətlənmək istəyir. Beləliklə, Ermənistan NATO-da Türkiyənin müttəfiqi olacaq. Fransanın fəaliyyətinə gəlincə, o ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta Parisdə belə işləri qaydaya sala bilmir, Cənubi Qafqazda nə edə bilər? Heç nə”.
Bütün bunlar fonunda hesab edilir ki, ermənilər Azərbaycanın yanaşması ilə barışmalıdırlar. Hələlik isə Ermənistanın və onun himayədarlarının “humanitar böhran”, “blokada” oyunları tam fiaskoya uğrayır. Azərbaycan dövləti bütün beynəlxalq platformalarda həqiqəti dünyanın diqqətinə çatdırır, yalançı erməni təbliğatının qarşısını alır. Dünya görür ki, separatçı hakimiyyət Azərbaycan tərəfindən göndərilən humanitar yardımın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə çatdırılmasına əngəllər yaradır. Amma istənilən halda, Bakı Qarabağdakı ermənilərin taleyindən narahat olan Ermənistana, onun havadarlarına, eləcə də dünya ictimaiyyətinə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur. Eyni zamanda, bu ərazilər hər kəs, o cümlədən Ermənistanın da tanıdığı Azərbaycanın suveren torpaqlarıdır və burada yaşayan insanlar həqiqətən də “blokada”dırsa, rəsmi Bakı onların problemlərini özü həll edə bilər. Bu halda Qarabağda yaşayan erməni əsilli insanlar Azərbaycana inteqrasiya, dinc yanaşı yaşamaq haqqında düşünürlərsə, bu humanitar yardımı qəbul etməlidirlər. Onlar başa düşməlidirlər ki, Azərbaycan bayrağı altında, dinc şəraitdə yaşamaq istəyirlərsə, ölkə qanunlarını qəbul etməlidirlər, əks halda başqa seçim edərək ərazilərimizi tərk edə bilərlər. Onsuz da onlara görə heç kim Azərbaycanla müharibəyə getməyəcək.
Samirə SƏFƏROVA