Ermənistanda “Tramp Marşrutu” layihəsinin (TRIPP) həyata keçirilməsi ABŞ qoşunlarının birbaşa İran sərhədində yerləşdirilməsinə imkan verəcək. Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Şərq İqtisadi Forumunda bildirib: "Ermənistandan keçən sözdə "Tramp Marşrutu" Qərbə, amerikalılara öz qoşunlarını və ya özəl hərbi şirkətlərini, kəşfiyyat infrastrukturunu birbaşa Ermənistan ərazisində, İranla sərhədə yaxın ərazidə yerləşdirməyə imkan verir".
Beləliklə, Qərb İran sərhədinə yaxın bir yerdə hərbi infrastruktur yaratmaq istəyir. Xatırladaq ki, TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistan yurisdiksiyası daxilində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə xələl gətirməyəcəyi vurğulanır. Layihəyə əsasən, Ermənistan ABŞ-a Azərbaycanın Naxçıvanla quru əlaqəsi qurmağa ümid etdiyi marşrutu inkişaf etdirmək üçün 99 ilə qədər uzunmüddətli eksklüziv hüquqlar verəcək. Sazişdə əsas məsələlərə nəzarət mexanizmləri ilə yanaşı, əksər payı ABŞ-a məxsus olan bir şirkətin yaradılması nəzərdə tutulur. Birinci mərhələdə ABŞ-a 74% pay təklif olunur, Ermənistana isə 26% pay verilir və sazişin yenilənməsi ilə Ermənistanın payını 49%-ə çatdırmaq imkanı var. Daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqolami TRIPP layihəsi ilə bağlı şərh verərkən bildirib ki, Ermənistan regional kommunikasiyaların bloklanması potensialını reallaşdıracaq bir mexanizm hazırlamalıdır, eyni zamanda Amerikanın iştirakından İran üçün potensial riskləri və təhdidləri nəzərə almalıdır. Bu arada, İranın keçmiş rəsmiləri TRIPP layihəsinin İran üçün qiymətləndirilməsində daha açıq olublar. Məsələn, İran parlamentinin keçmiş spikeri Qulaməli Həddad Adel ABŞ və İsrailin İranı Ermənistan vasitəsilə Avropaya birləşdirən əsas marşrutlardan birini bağlamağa çalışdıqlarını bildirmişdi.
Tahir TAĞIYEV