ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və kürəkəni Cared Kuşner gələn həftəsonu - 5 və 6 sentyabr tarixlərində Moskva və Kiyevə səfər edərək, iki ölkə arasında sülh danışıqlarını davam etdirməyi planlaşdırırlar. Bu barədə Rusiyanın dövlət xəbər agentliyi TASS mənbəyə istinadən məlumat yayıb.
Ukrayna Ali Radasının üzvü Oleksiy Qonçarenko da Trampın nümayəndələrinin səfərini təsdiqləyib. Onun sözlərinə görə, Uitkoff və Kuşnerin şənbə günü Moskvaya gələcəyi və bazar günü Kiyevə yola düşəcəyi gözlənilir.
Bu arada, "Kyiv Independent" məlumatlı mənbəyə istinadən yazır ki, Uitkoff Kiyevə səfərdən "qorxmağa" başlayıb və buna görə Ukrayna paytaxtına səfər sual altındadır. Bildirilir ki, hazırda alternativ variantlar müzakirə olunur.
"Rusiya tərəfi onların Kiyevə gəlməsini istəmir və Uitkoff həmişə Rusiyadakı əhval-ruhiyyəyə həssas yanaşır", - deyən mənbə qeyd edib ki, onlara Kiyevə səfərin təhlükəli olduğu deyilir.
Qeyd edək ki, Rusiya qüvvələri son bir neçə gündür Kiyevə və ətraf bölgələrə davamlı olaraq ballistik və kruiz raketləri, eləcə də reaktiv dronlarla hücum edir. Mülki infrastruktur və yaşayış binaları hədəf alınır.
Tahir TAĞIYEV