Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya qarşı ittihamlarda və Leypsiq hava limanında partlayıcı maddələr daşıyan dronla bağlı hadisəyə cavab olaraq görülən tədbirlərdə "müharibə xəbərçiləri" gördüyünü bildirib.
İnterfaks agentliyi xəbər verir ki, Lavrov Almaniya və tərəfdaşlarının Leypsiq hava limanında baş verən dron hadisəsinə reaksiyasında "əsl müharibənin başlamasının siqnallarını" görür.
"Bir pilotsuz təyyarə tapdılar. Rusiya pilotsuz təyyarəsi olduğunu dedilər və heç kim araşdırma aparmadı da. Ümumiyyətlə, bu, əsl müharibənin başlanğıcıdır", - deyə Rusiya xarici işlər naziri bildirib.
"Onlar Bonn şəhərindən Baş Konsulluğu çıxardılar və müqaviləni ləğv etdiklərini elan etdilər. Berlindəki Rus Evini bağlayırlar. İkinci Dünya Müharibəsindən, daha doğrusu, Böyük Vətən Müharibəsindən (rusların İkinci Dünya Müharibəsinə verdiyi ad, əsasən Sovet İttifaqı ilə Nasist Almaniyası arasındakı münaqişə - red.) başlamazdan əvvəl almanlar da diplomatik nümayəndəliklərini bağladıqlarını xatırlayıram”, - deyə Lavrov əlavə edib.
O, Almaniya silahlı qüvvələrini gücləndirmək niyyətində də eyni işarələri gördüyünü deyib.
"Mertsin Almaniyanı yenidən Avropada bir nömrəli hərbi gücə çevirmək barədə verdiyi bütün açıqlamalar həyata keçirilir. O, əslində bizə müharibə elan edəcək. Tarixdən heç dərs çıxarmayıblar, nasizmin bu metastazlarının yayılmağa başladığı görünür", - deyən Lavrov, Kremlin "bundan nəticə çıxaracağını" deyib.
Tahir TAĞIYEV