Ermənistanın Baş naziri Paşinyan ölkənin yenidən inqilaba ehtiyacı olduğunu bildirib. O, bu açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın "Bir addım atın, Serji rədd edin" kitabının təqdimatında verib.
2018-ci il hadisələri barədə danışan baş nazir qeyd edib ki, o dövrdə Ermənistanda baş verən "məxməri" inqilaba verdiyi qiymət zamanla dəyişib.
"2018-ci il inqilabından bəri inqilabla bağlı nəticələrim hər həftə dəyişib. Armen Qriqoryanın kitabını oxumaq - yeri gəlmişkən, hələ bitirməmişəm - bir daha sual doğurur: 2018-ci il Xalqın Zorakılıqsız Məxməri İnqilabı haqqında nə düşünürəm? Həqiqətən də, indi Mao Tszedunun fikri ilə tamamilə razıyam: bu barədə nəticə çıxarmaq üçün hələ tezdir", - deyə Paşinyan bildirib.
Baş nazir bildirib ki, 2018-ci il hadisələrindən sonra inkişaf etmiş bir ölkənin liderlərindən biri onunla söhbətində ölkəsində də oxşar bir inqilaba ehtiyac olduğunu bildirib. “İnqilabımız haqqında ən güclü təəssüratım 2018-ci ildə, artıq baş nazir olduğum zaman digər ölkələrin liderləri ilə danışdığım zaman yarandı. İnkişaf etmiş bir ölkənin uzun müddətli liderlərindən biri mənə dedi ki, “Bilirsiniz, bizim də belə bir inqilaba ehtiyacımız var”, - deyə Paşinyan xatırlayır.
Çıxışını yekunlaşdıran baş nazir bəyan etdi ki, Ermənistanın yenidən bir inqilaba ehtiyacı var.
Tahir TAĞIYEV