Ukrayna sentyabrın 5-dən 6-na keçən gecə Rusiyanın Ryazan şəhərindəki neft emalı zavodunu dronlarla hədəf alıb. Qubernator Pavel Malkov bildirib ki, Ryazan bölgəsindəki vurulan dronların qalıqları zavodda yanğına səbəb olub.
"Düşmənin pilotsuz təyyarələrinin hücumu davam edir .Hava hücumundan müdafiə sistemləri və mobil yanğınsöndürmə qrupları aktiv fəaliyyət göstərirlər. Pilotsuz təyyarələrin qalıqları Ryazan və Sapojkovski rayonunda yaşayış binasına da ziyan vurub və bir müəssisədə yanğın baş verib", - deyə regional qubernator özünün Makh kanalında yazıb.
Malkov əlavə edib ki, ilkin məlumatlara görə, itki yoxdur.
Rusiyanın dövlət tərəfindən idarə olunan neft nəhəngi “Rosneft”in bir hissəsi olan Ryazan neft emalı zavodu ölkənin ən böyük neft emalı zavodlarından biridir. Zavod ildə təxminən 17 milyon ton xam neft emal edir.
Neft emalı zavoduna daha əvvəl 2026-cı ilin may və iyul aylarında hücum edilmişdi.
Tahir TAĞIYEV