ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələri qlobal enerji şokuna səbəb olur və dünya miqyasında yanacaq qiymətlərini artırır.
Bessent qeyd edib ki, Ukraynanın Rusiyanın enerji obyektlərini hədəf alan hərəkətləri qlobal bazarları qeyri-sabitləşdirən əsas amillərdən birinə çevrilib. O, bu sözləri G20 maliyyə nazirlərinin sammiti çərçivəsində Rusiya maliyyə naziri Anton Siluanovla ikitərəfli görüşdən sonra “Fox News”a bildirib.
“Hazırda həm Ukraynadakı müharibəyə görə, enerji şokundan keçirik, çünki Ukrayna Rusiyanın enerji aktivlərinə və məhsullarına zərbələr endirmək qərarı verib, bu da, qlobal miqyasda qiymətlərin yüksəlməsinə təzyiq yaradır. Həm də İrandakı münaqişə. Və İrandakı münaqişə sona çatacaq”, - Bessent bildirib.
Bu fonda ABŞ-da dizel yanacağının qiymətləri rekord səviyyələrə yaxınlaşıb, qlobal bazarlarda Brent markalı xam neftin qiyməti isə təxminən 97 dollara yüksəlib.
Qlobal enerji şoku əslində ABŞ-ın İrana qarşı müharibəsinin başlaması ilə əlaqədar yaranıb. Lakin ABŞ prezidenti Donald Trampın administrasiyası günahın bir hissəsini Ukraynanın üzərinə yükləməyə çalışır. Bessentin açıqlamaları da Rusiyanı açıq-aşkar təcavüzkar hesab edən əksər ABŞ qanunvericilərinin mövqeyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir.
Vaşinqtonun Rusiya naziri Siluanovu Bessentin onunla ikitərəfli danışıqlar apardığı G20 görüşünə dəvət etmək qərarı tərəfdaşlar tərəfindən də tənqid olunur. Mətbuat konfransında Bessent müttəfiqlərin tənqidlərini açıq şəkildə rədd edib və Rusiya naziri ilə birbaşa əlaqələri müdafiə edib.
Tahir TAĞIYEV