Züriyə Ruslanqızı: “Paşinyanın “təzə baxış” çağırışı əvvəlki münasibət modelinin dəyişdirilməsi, əməkdaşlığın daha praqmatik və konkret maraqlara əsaslanan formatda qurulması istəyidir”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı "Ermənistan-Rusiya münasibətləri" konsepsiyasını qiymətləndirmək ideyasının ortaya çıxdığını bildirib.
“Müəyyən işgüzar razılaşmalara nail olmuşuq. Xüsusilə, bunun praktikada nə demək olduğunu anlamaq üçün "Ermənistan-Rusiya münasibətləri" konsepsiyasını qiymətləndirmək ideyası ortaya çıxdı", - deyə Paşinyan sentyabrın 3-də keçirilən brifinqdə bildirib.
O bildirib ki, bu münasibətlər daxilində iki tərəfin mövqelərinin hansı məsələlərdə üst-üstə düşdüyünü, hansında fərqli olduğunu və qiymətləndirmələrin harada açıq-aydın müsbət, hansında isə olmadığını aydınlaşdırmaq lazımdır.
Paşinyan bildirib ki, Putinlə görüşü zamanı "Ermənistan-Rusiya münasibətləri" konsepsiyasının inventarlaşdırılması ideyası yaranıb.
Ermənistan-Rusiya mübasibətləri anlayışının invertarlaşdırılması nə deməkdir?
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a “Paşinyanın “Ermənistan–Rusiya münasibətlərinin inventarlaşdırılması” ifadəsi iki ölkə arasında əlaqələrin tamamilə yenidən qiymətləndirilməsinə ehtiyac yarandığını göstərir. “Burada məqsəd yalnız mövcud əməkdaşlıq sahələrini sadalamaq deyil, strateji tərəfdaşlıq və müttəfiqlik anlayışlarının praktikada nə dərəcədə işlədiyini müəyyənləşdirməkdir”-deyə bildirdi.
Z.Ruslanqızı dedi ki, son illərdə təhlükəsizlik, KTMT-nin fəaliyyəti və Ermənistanın Qərblə yaxınlaşması tərəflər arasında ciddi fikir ayrılıqları yaradıb. “Bununla belə, İrəvan iqtisadi, enerji və humanitar sahələrdə Rusiyadan asılılığını nəzərə alaraq Moskva ilə münasibətləri kəskin qarşıdurma səviyyəsinə çatdırmaq istəmir.
Putin–Paşinyan görüşünün müsbət işgüzar atmosferdə keçməsi və Ermənistan baş nazirinin yaxın zamanda Moskvaya səfəri barədə razılığın əldə olunması münasibətlərdə idarə olunan yenilənmə mərhələsinin başlaya biləcəyini göstərir. Paşinyanın “təzə baxış” çağırışı əvvəlki münasibət modelinin dəyişdirilməsi, əməkdaşlığın daha praqmatik və konkret maraqlara əsaslanan formatda qurulması istəyidir”.
Z.Ruslanqızı qeyd etdi ki, Rusiya isə Ermənistanı öz regional təsir dairəsində saxlamağa və strateji tərəfdaşlıq çərçivəsini qorumağa çalışacaq. “Buna görə gözlənilən inventarlaşdırma münasibətlərin pozulmasına deyil, tərəflərin qarşılıqlı öhdəliklərini, fikir ayrılıqlarını və əməkdaşlığın yeni sərhədlərini daha aydın müəyyənləşdirməsinə xidmət edə bilər”-deyə Z.Ruslanqızı qeyd etdi.
İradə SARIYEVA