Rusiyada yüksək vəzifəli şəxslərin şübhəli şəraitdə ölümlərinə daha biri əlavə olunub. Belə ki, ekstremizmə qarşı mübarizə bölməsində yüksək vəzifə tutan polkovnikin təqaüdə çıxdıqdan qısa müddət sonra Yekaterinburqda ölüsü tapılıb.
“Newsweek”in yerli Rusiya mediasına istinadən verdiyi məlumata görə, Sverdlovsk Vilayəti Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin keçmiş rəis müavini Şalaqinov çərşənbə axşamı yaşayış binasının qarşısında ölü tapılıb.
Hadisənin baş verdiyi Şçorsa küçəsindəki binanın ətrafından çəkilmiş görüntülər sosial mediada yayılıb. İddia edilir ki, Şalaqinov binanın doqquzuncu mərtəbəsindən yıxılıb. O, uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışdıqdan sonra bu yaxınlarda təqaüdə çıxıb.
Rusiya mətbuatı Şalaqinovun ölümünün səbəbləri ilə bağlı ziddiyyətli xəbərlər yayıb. URA iddia edir ki, Şalaginov Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə fikir ayrılıqlarından sonra vəzifəsindən istefa verib və sonradan intihar edib. Ukrayna mediası bu iddianı ehtiva edən məqalənin sonradan URA.ru saytından silindiyini bildirib.
Sverdlovsk Daxili İşlər Nazirliyi də Şalaginovun qurumun rəhbərliyi ilə fikir ayrılıqlarının olması iddiasını təkzib edir. Sverdlovsk Polis İdarəsinin sözçüsü Qorelıx bildirib ki, Şalaqinova vəzifədə yüksəlmə təklif olunub, lakin o bundan imtina edib. Qorelıx həmçinin ölümün Şalaqinovun peşəkar fəaliyyəti ilə əlaqəli olduğu iddialarını rədd edərək hadisəni "əvəzolunmaz itki" adlandırıb.
Şalaqinovun ölümü Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumlarının başlanğıcından bəri yüksək vəzifəli məmurların və iş adamlarının pəncərələrdən yıxılaraq ölməsi hallarını yenidən diqqət mərkəzinə gətirib. Lakin Şalaqinovun ölümü ilə Ukraynadakı müharibə arasında heç bir əlaqə görünmür. Onun ölümünün dəqiq səbəbləri ilə bağlı araşdırmanın nəticələri hələ açıqlanmayıb.
Tahir TAĞIYEV