İran daha 11 tanker və qaz daşıyıcısını Hörmüz boğazından keçməsi qadağan edilən gəmilərin “qara siyahısı”na əlavə edib. Fars Körfəzi Boğazı İdarəsinin (PGSA) məlumatına görə, bununla da sanksiyalara məruz qalan gəmilərin ümumi sayı 56-ya çatıb.
Yenilənmiş siyahıya BƏƏ şirkətlərinə məxsus dörd gəmi daxildir: Liberiya bayrağı altında üzən Tarif və Delma, Panama bayrağı altında üzən El Gaia və Asphalt Alliance. Səudiyyə Ərəbistanı şirkətlərinə məxsus dörd gəmi də siyahıya əlavə edilib: Liberiya bayrağı altında üzən Ixora, Səudiyyə bayrağı altında üzən Yaqut, Zaynah və Ajwad. Siyahıya əlavə edilən digər yeni gəmilər Çinə və Yunanıstana məxsus LPG daşıyıcılarıdır.
Qara siyahıya daxil edilmiş gəmilər Hörmüz boğazından keçiş zamanı cərimə oluna, saxlanıla və ya müsadirə edilə bilər. PGSA-nın açıqlamasında deyilir ki, siyahıya alınmış gəmilərlə əməkdaşlıq edən istənilən gəmi - o cümlədən STS əməliyyatları, yük daşınması və s. vasitəsilə - siyahıya əlavə olunacaq.
Gəmini siyahıdan çıxarmaq üçün onun sahibləri əsaslandırma ilə rəsmi ərizə təqdim etməlidirlər.
Dərc olunmuş siyahıda 57 gəmi var, lakin orijinal versiyada 46 gəmi arasında bir gəminin adı iki dəfə çəkilir. Buna görə də, son yeniləmədən əvvəl siyahıda 45 gəmi olub. Daha 11 gəminin əlavə edilməsi ilə ümumi sayı 56-ya çatıb.
Genişləndirilmiş “qara siyahı”ya VLCC-lər, mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) daşıyıcıları, neft məhsulları tankerləri və digər gəmilər daxildir. Hindistanın ən azı üç neft emalı zavodu və bir böyük beynəlxalq enerji şirkəti bu siyahıya daxil olan gəmilərdən istifadəni dayandırmağı planlaşdırır.
Tahir TAĞIYEV